Ermənistanda enerji böhranı – Paşinyan “ESA” şirkətini niyə hədəf alıb?



Baş nazir xatırladıb ki, bir ay əvvəl verdiyi göstərişə əsasən, “ESA” ya əhaliyə dəyən ziyanı (elektrik avadanlıqlarının sıradan çıxması, infrastruktura dəyən zərərlər və s.) kompensasiya etməli, ya da milliləşdirilməlidir. Bu göstərişin müddəti 21 iyun tarixində başa çatır. Son günlər şirkət ətrafında müşahidə olunan aktivlik də məhz bu qərarla bağlıdır.
Rəsmi sənədlərə əsasən, ZAO “ESA” əvvəllər Rusiyaya məxsus “Inter RAO UES” enerji nəhənginə aid olub. Şirkət 2006-cı ildə Ermənistanın enerji paylayıcı sistemlərini satın alaraq uzun müddət ölkədə elektrik enerjisinin paylanmasını nəzarətdə saxlayıb. Lakin 2015-ci ildə elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı yaranan narazılıqlardan sonra “Inter RAO” öz aktivlərini satmaq məcburiyyətində qalıb. Bu aktivləri erməni əsilli rusiyalı oliqarx Samvel Karapetyanın sahibi olduğu “Tashir Group” alıb.
Baxmayaraq ki, “ESA” formal olaraq erməni sahibkarlara məxsusdur, onun arxasında Rusiyaya yaxın biznes dairələrinin və Kremlin dolayı təsir imkanlarının olduğu ehtimal olunur.
Bu kontekstdə Paşinyanın “ESA”ya qarşı sərt mövqeyi təsadüfi görünmür. Ermənistan son aylarda Qərblə, xüsusilə Avropa İttifaqı və Fransa ilə münasibətlərini gücləndirib, KTMT və Rusiya ilə əlaqələri isə gərgin mərhələyə keçib. Paşinyan əvvəllər də Moskvaya qarşı sərt açıqlamaları ilə gündəmə gəlmişdi.
Analitiklərin fikrincə, “ESA” ətrafında baş verənlər Paşinyanın Moskva ilə iqtisadi maraqları yenidən bölüşdürmək cəhdinin tərkib hissəsidir. Əgər şirkət milliləşdirilərsə, bu, həm də Rusiyanın Ermənistandakı iqtisadi təsirinə ciddi zərbə ola bilər.
Bu proses Ermənistan hakimiyyəti üçün iki əsas riski gündəmə gətirir:
-Daxildə enerji sistemlərinin modernizasiyası və sabit işləməsinin təmin olunmaması sosial narazılığa səbəb ola bilər;
-Xaricdə, xüsusilə Moskvadan iqtisadi və informasiya təzyiqlərinin güclənməsi ehtimalı artar.
AzPolitika.info
Xəbəri paylaş