Tale Heydərovun adı keçən çoxmilyonluq əmlak davasında ŞOK detallar

 
3-12-2025, 11:44           
Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə Azərbaycan vətəndaşı Aygün Aydın qızı Mahmudovanın “Gilan” MMC-yə, şirkətin təsisçilərindən olan Tale Kamaləddin oğlu Heydərova və digər şəxslər - Aida Bayramova və Cabir Zaidova qarşı iddiası üzrə məhkəmə davam edir.
Musavat.com-un məlumatına görə, dekabrın 2-də keçirilən növbəti prosesdə maraqlı mənzərə yaranıb: cavabdeh tərəf yenə də, artıq ardıcıl üçüncü prosesdir ki, məhkəməyə qatılmayıb. Prosesə cavabdehlərin 5 vəkili də gəlməyib.
Hakim: “Müvəqqəti təminatla bağlı ərizə və yeni sənədlər təqdim olunub”
İclasın əvvəlində hakim Fərrux Qasımov bildirib ki, iddiaçı Aygün Mahmudovanın vəkili Cavanşir Süleymanov elektron məhkəmə sistemi vasitəsilə yeni sənədlər və ərizə təqdim edib. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Xidməti məhkəmənin sorğusuna rəsmi cavab göndərib.
Hakim tərəflərə təqdim olunan sənədlərlə tanış olmaq üçün vaxt verilməsi barədə məlumat verib. Təqdim edilən sənədlər arasında Aygün Mahmudovanın müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı müraciəti xüsusilə diqqət çəkib.
Mahmudovanın iddiası: “Əmlakımız 2008-ci ildə rüşvət və saxtakarlıqla əlimizdən alındı”
Aygün Mahmudovanın məhkəməyə ünvanladığı ərizədə deyilir ki, o, 1997-ci ildən Bakının mərkəzində, Neftçilər prospekti 60 ünvanında yerləşən, 172,5 kvadratmetrlik tikili və 419 kvadratmetrlik torpaq sahəsinin mülkiyyətçisidir.
İddiaçı bildirir ki, 2007-ci ildə ailəsi əmlakın satışıyla bağlı “Gilan” MMC ilə razılığa gəlib, beh alınıb və müqavilənin notarial qaydada rəsmiləşdirilməsi gözlənilib. Lakin bundan sonra hadisələr gözlənilməz istiqamət alıb: ““Gilan” MMC sövdələşməni yubadır, 2009-cu ildə isə məlum olur ki, bizim torpaq zəbt olunub, tikili sökülüb, ərazidə inşaat gedir. Ortaya 28 yanvar 2008-ci il tarixli saxta müqavilə və mənim adımdan uydurulmuş etibarnamə atdılar, guya əmlakımız satın alınıb”.
Ərizədə o da vurğulanır ki, etibarnaməni tərtib edən notarius sonradan müəmmalı şəkildə özünü güllələyib və hadisə tezliklə ört-basdır edilib. İddiaçı ailəsinin ciddi təhdid və zorakılıqlara məruz qaldığını, buna görə hüquq-mühafizə orqanlarına müraciət olunsa da, nəticə olmadığını bildirir.
AİHM qərarı: “Hüquqlar kobud şəkildə pozulub”
Mahmudova daha sonra yazır: “Azərbaycan məhkəmələrində bütün qərarlar “Gilan”ın xeyrinə çıxarıldı. Biz AİHM-ə müraciət etdik. 18 yanvar 2024-cü il tarixli qərarda Avropa Məhkəməsi iş üzrə bütün hüquqlarımızın kobud şəkildə pozulduğunu tanıdı”.
Bu qərardan sonra Ali Məhkəmənin Plenumu 09.10.2024 tarixli qərarı ilə bütün əvvəlki məhkəmə aktlarını ləğv edərək işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərdi.
“Gilan”ın 2025-ci ildə təqdim etdiyi “1,3 milyon dollarlıq” sənəd
Maraqlı məqam isə budur ki, “Gilan” MMC 2025-ci ilin avqustunda məhkəməyə 25 yanvar 2008-ci il tarixli, nömrəsiz, qeydiyyatsız ödəniş tapşırığı təqdim edib. Sənədə əsasən, guya həmin gün şirkət Cabir Zaidova 1,3 milyon dollar pul verib.
İddiaçı tərəf bu sənədi “aşkar saxta” adlandırır:
“17 il ərzində aşkar saxta sənəd heç bir prosesdə təqdim olunmayıb. Mühasibatda yoxdur, baş mühasibin imzası yoxdur. Aydındır ki, bu kağız sonradan uydurulub”.
Cabir Zaidovun 2012-ci ildə külli miqdarda dələduzluğa görə məhkum edilməsi də sənədin şübhəliliyini artıran amillərdən biri kimi göstərilir.
“Əmlak 2008-də “Gilan”ın, 2023-də Tale Heydərovun, 2024-də onun təsisçisi olduğu Ayparanın adına keçirilib”
Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə göndərdiyi cavab işin ən mühüm hissələrindən biridir.
Rəsmi məlumata görə: 23.02.2008-ci ildə Aygün Mahmudovanın əmlakı və torpağı “Gilan” MMC-nin adına qeydiyyata alınıb;
12.08.2022-ci ildə söküntüdən sonra yalnız torpaq üçün yeni çıxarış verilib;
05.04.2023-cü ildə torpaq sahəsi Tale Kamaləddin oğlu Heydərovun adına keçirilib;
03.06.2024-cü ildə Tale Heydərov həmin torpağı “Aypara Development” MMC-yə satıb. Özü də bu MMC-nin təsisçilərindən biridir.
Hazırda həmin sahədə “Crescent Residences” yaşayış kompleksi tikilib və alqı-satqılar davam edir.
Vergi Xidməti: “Gilan” MMC-nin təsisçiləri - Tale və Nicat Heydərov və digərləri”
Dövlət Vergi Xidmətinin cavabında qeyd edilir ki: “Gilan” MMC 24.08.2004-cü ildə dövlət qeydiyyatına alınıb;
Təsisçilər arasında Tale və Nicat Heydərovlar da var.
Beləliklə, məhkəmə işində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun hər iki oğlunun adı keçir.
Müvəqqəti təminat tələbi: Şirkət aktivlərinə həbs, əqdlərə qadağa
Aygün Mahmudova Mülki Prosessual Məcəllənin 157–158-ci maddələrinə əsaslanaraq aşağıdakı məhdudiyyətlərin tətbiqini tələb edir:
“Gilan” MMC-nin əmlakına həbs qoyulması;
Şirkətin aktivlərini azaltmağa yönəlik maliyyə əməliyyatlarının qadağan olunması;
“Aypara Development” MMC-yə satılmış torpağa həbs qoyulması;
“Crescent Residences” üzrə alqı-satqı əqdlərinin dayandırılması.
Hakim növbəti məhkəmə iclasını dekabrın 16-na təyin edib.
Musavat.com məhkəmə prosesini izləməkdə davam edir və işdə adı keçən bütün tərəflərin mövqeyini dinləməyə hazırdır.

Musavat.com



Xəbəri paylaş


 
 


Xəbər lenti