Laçın” muay-tay klubu Olimpiadaya hazırlaşır

 
6-10-2023, 12:36            687 dəfə baxılıb
Muay-tay və ya Tay-boks Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və tao kimi kompleks hərəkətlər yoxdur. Muay-tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir. Hər il Taylandda 17 mart tarixində "Muay-tayın milli bayram günü" qeyd olunur. Bu gün muay-tay təkamül keçirərək 3 budaqda (peşəkar, həvəskar və milli (ənənəvi))" olaraq tətbiq olunmağa başlanılmışdır.
2021-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə Muay-tay Olimpiya oyunu kimi tanınıb. Muay-tay Azərbaycana 1994-cü ildən gəlib. Həmin vaxtdan İdman və Gənclər Nazirliyi tərəfindən tanınıb və federasiya kimi təsdiq olunub. Federasiyaya Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, keçmiş SSRİ-nin idman ustası, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının, Azərbaycan Muay Tay-Tayboks Federasiyasının və Azərbaycan Uşu Federasiyasının prezidenti, uşu və muay-tau üzrə Azərbaycan yığma komandalarının baş məşqçisi Azər Kamal oğlu Həsənov (Azər Həsənsoy) rəhbərlik edir.
Azərbaybaycanda muay-tay üzrə yüksək nailiyyətlər qazanmış idmançılar az deyil. İdmançılarımızın uğurlarının sırası artmaqdadır. Bu sahədə tanınmış simalardan biri də “Laçın” muay-tay klubunun rəhbəri, ölkə yığma komandasının məşqçısı Xəyyam Həsənovdur. Xəyyam müəllim kluba 6 yaşdan yuxarı uşaqları götürür. Deyir ki, muay-tayın Olimpiya Oyunlarının proqramına daxil edilməsi bu idman növündə işləri sürətləndirib. Cənab prezidentimiz İlham Əliyev muay-tay üzrə keçirilən beynəlxalq yarışlarda uğur qazanan idmançıları şəxsən özü qəbul edir, ölkə başçısının dəstəyi ilə idmançılarımız daha da böyük uğurlara can atırlar. Federasiya rəbərliyi bu idman növünə diqqəti daha da artırmaq göstərişi verib. Federasiya prezidenti Azər Həsənovun özünün şəxsən təlim-məşq toplanışlarında iştirak etməsi idmançıları stimullaşdırır. Təsadüfi deyildir ki, indi 30-dan çox rayonda muaytay klubları fəaliyyət göstərir. Beynəlxalq yarışlarda bəzən yüzdən çox ölkənin minlərlə idmançısı qatılır. Bizim idmançılarımız hələlik az sayda heyətlə iştirak etsələr də, əldə etdikləri uğurlarla bu idman növünün Azərbaycanda güclü ənənələrə və böyük gələcəyə malik olduğunu nümayiş etdirirlər”.
Öyrətdiyi şagirdlərin təkcə fiziki hazırlığı ilə deyil, həm də psixoloji durumu ilə də ciddi maraqlanan Xəyyam müəllim muaytay döyüş növünün xüsusiyyətlərindən danışarkən, idmançının tam sərbəst, təmkinli olmağının, müdafiəni unutmamasının, rəqibə hörmət etməsinin vacibliyini vurğulayır. Təcrübəli məşqçi təlim alan uşaq və yeniyetmələrin heç də hamısının medal qazanmasının deyil, məhz fiziki və psixoloji cəhətdən sağlam yetişmələrinin prioritet sayıldığını deyir, çünki onlar gələcəyin əsgərləridir: “Hərbi üçün çox yararlı idman növüdür. İnsan özünü sağlam hiss edirsə, 40 yaşına qədər bu idman növü ilə məşğul ola bilər”.
Xəyyam Həsənov muay-tay idmanının uşaq və gənclərin zərərli vərdişlərdən, narkomaniyadan uzaqlaşdırılmasında da əhəmiyyətli rolunu qeyd edir: “İdmançının sağlam bədənlə bərabər sağlam da ruhu olmalıdır. Siqaretə, spirtli içkiyə, narkotik maddələrə aludə olan gəncin sağlamlığı artıq öz əlində deyil. Ona görə də biz uşaqların valideynləri ilə də həm birbaşa, həm də sosial şəbəklər vasitəsilə iş aparırıq”.
Xəyyam müəllimin əsas saydığı, yuxarıda sadalanan prioritetlər səbəbindən “Laçın” muay-tay klubunda şəhid və qazi ailələrinin övladları, imkansız ailələrin uşaqları təlimə pulsuz götürülürlər ki, bu da alqışa layiqdir.

Nyus.Az














Xəbəri paylaş


 
 


Xəbər lenti