Paşinyan rəqibləri indi də belə “mat” elədi – Revanşistlər təlaşda
3-12-2025, 13:37
Ermənistan hakimiyyəti parlament seçkilər öncəsi radikal-revanşist müxalifətə həmlələri artırıb. Əsas da ona görə ki, iki antaqonist qüvvənin ölkənin gələcəyi ilə bağlı yanaşması daban-dabana ziddir.Əgər Nikol Paşinyan hökuməti gec də olsa “real Ermənistan” narrativini əsas götürüb bütün qonşularla “sıfır problem” yolunu tutubsa, əsasən Rusiyaya bağlı radikallar tam əksinə, bu yolu xəyanət sayırlar. Faktiki növbəti müharibəyə aparan konfrontasiya kursunu təbliğ edirlər.
Hətta keçmiş ombudsman, təzəlikcə hərəkat yaradıb özünü “orta müxalifət” elan edən, guya iqtidardan da, radikallardan da, Rusiyadan da məsafə saxlamağa çalışan Arman Tatoyan kifayət qədər kəskin mövqe sərgiləyir. Qonşularla böyük anlaşmaya şübhə edir, “Azərbaycanla sülh müqaviləsi İlham Əliyevdən sonra imzalana bilər” kimi son dərəcə sərsəm bəyanatlar səsləndirir.
Eləcə də həbsdəki erməni əsilli rusiyalı oliqarx-milyarder, Kremlin desantı Samvel Karapetyan sülhə, barışığa dəxli olmayan kurs elan edib. Öz çirkli pulları və reallaşması mümkün olmayan şirin vədlər sayəsində ətrafına tərəfdarlar toplamağa çalışır...
Sözsüz, bu fonda qonşu ölkənin yeganə qurucu və konstruktiv qüvvəsi qismində məhz Paşinyan hökuməti görünür. Baş nazirin dünən – Minsk Qrupunun qəti olaraq ləğvindən sonra Qarabağ danışıqlarına aid sənədləri ictimailəşdiriməsi, əlbəttə ki, hər şeydən öncə bu üstün statusu ictimai rəydə möhkəmlətməyə hesablanıb. Gözlənildiyi kimi, yetırincə uğurlu gedişdir. Niyə?
Birinci ona görə ki, konfliktin uzun on illər İrəvan üçün ən əlverişli şərtlərlə həlinə kimlərin, hansı prezidentlərin və dövlətlərin, nə üçün mane olması səbəblərinə güclü işıq salınır. Dəfələrlə yazmışıq, Ermənistanin özündən razı liderləri vaxtında ağıllı siyasət yürütsəydilər, indi həm Qarabağda ermənilər qalmışdı, həm də Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz, Bakı-Qars dəmiryolu Ermənistandan keçirdi. Bu nanəcib toplum da az qala yağ-bal içində, təhlükəsizlik şəraitində yaşayırdı – blokadasız filansız.
İkinci yandan, sənədlərin açıqlanması erməni cəmiyyətini seçkilər ərəfəsi əməllicə silkələyib, onu son dəfə dərindən düşünməyə və yeganə doğru qərarı verməyə vadar edir.
“Qarabağa dair danışıqlar paketi nəyi ortaya qoyur? Yəqin onu ki, Ermənistanda münaqişə ilə bağlı onilliklər ərzində miflər mövcud olub. Bu miflər Qarabağ hərəkatı dalğasında hakimiyyətə gələn siyasi elita tərəfindən yaradılıb”.
Sitat Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryana məxsusdur.
Baqdasaryan haqsız sayılmaz. Bıs miflərdən qurtuluş zamanı çatmadımı?..
Məsələ də ondadır ki, bu sənədlərin ictimailəşməsi yalnızca keçmiş prezidentlər və onların partiyalarına yox, həmçinin yenicə meydana çıxan, lakin köhnə “havanı” çalan qüvvələrə və onların liderlərinə ünvanlanıb. Yəni Paşinyanın öz soydaşlarına ismarışı təxminən belədir ki, “ay bədbəxtlər, əgər növbəti dəfə bəla-müsibət görmək istəmirsinizsə, onda nə təzə, nə də köhnə müxalifətin ardınca gedin!”
Kimin ardınca? Erməni xalqı düşdüyü bataqlığa bir daha girmək istəmirsə, gərək ki, cavabı çoxdan bilir...
Z.SƏFƏROĞLU
Xəbəri paylaş



























