Fərhad Məmmədov: İranın Azərbaycana zərbəsi… Bundan sonra nə baş verə bilər?

 
5-03-2026, 15:48           
İran tərəfindən Azərbaycan ərazisinə pilotsuz uçuş aparatları ilə edilən hücum regionda yeni suallar doğurur və hadisənin təsadüfi olmadığı ehtimalını gündəmə gətirir…
Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov İranın Naxçıvana dron zərbəsini şərh edib.
Həmin şərhi olduğu kimi təqdim edirik.
İran tərəfindən Azərbaycan ərazisinə zərbə endirilib və nəticədə yaralananların olduğu bildirilir.
Bu hadisənin təsadüf olması ehtimalı çox aşağı qiymətləndirilir. Çünki hücumun hədəfi hava limanı olub. Pilotsuz uçuş aparatlarının təsadüfən şimal istiqamətində uçaraq Azərbaycan ərazisinə daxil olması real görünmür. Nəzərə almaq lazımdır ki, hazırkı hərbi əməliyyatların əsas teatrı İranın cənub istiqamətində yerləşir.
Azərbaycan həm 12 günlük müharibə dövründə, həm ondan sonra, həm də İranda müharibə başladığı andan etibarən bütün rəsmi səviyyələrdə eyni mövqeni bəyan edib. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycanın ərazisi və hava məkanı İrana qarşı istifadə edilə bilməz.
İranın ali rəhbəri Əli Xameneinin ölümündən sonra Azərbaycan Prezidenti İran prezidentinə başsağlığı verib və Bakıda yerləşən İran səfirliyini ziyarət edib. Eyni davranışı İran rəhbərliyi digər dövlətlərin nümunəsində göstərə bilərdimi – bu sual açıq qalır.
Buna baxmayaraq, cavab olaraq mülki infrastruktura pilotsuz uçuş aparatları ilə zərbə endirilməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub. Bu hadisə bir daha rəsmi Tehranın Azərbaycanla münasibətlərdə qeyri-adekvat və təşəkkürsüz mövqe nümayiş etdirdiyi barədə fikirləri gücləndirib.
Hazırkı müharibə çərçivəsində İran əsasən ABŞ-nin hücumlarını həyata keçirdiyi ölkələrdə yerləşən hərbi bazalara zərbələr endirir. Lakin Azərbaycanda nə ABŞ-nin, nə də İsrailin hərbi bazaları mövcuddur.
Azərbaycan Xarici İşlər Nazirliyi artıq İranın Bakıdakı səfirini nazirliyə çağıraraq rəsmi etiraz notası təqdim edib və hadisə ilə bağlı izahat tələb edib.
Eyni zamanda İranda hazırda idarəetmə sistemində ciddi qarışıqlıq olduğu barədə məlumatlar səslənir. Zərbələrin kim tərəfindən və hansı qərar mexanizmi ilə həyata keçirildiyi də tam aydın deyil.
Belə bir vəziyyətdə Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsinə uyğun olaraq məsləhətləşmələr aparacağı ehtimal olunur. Bununla yanaşı, Azərbaycan yalnız öz təhlükəsizliyini təmin etməyə yönəlmiş müdafiə tədbirləri görəcək.
İranın hücumlarına məruz qalan ərəb dövlətləri indiyə qədər Tehrana qarşı birbaşa cavab addımları atmayıblar. Türkiyə də öz hava məkanında İran raketi vurulduqdan sonra analoji təmkinli mövqe nümayiş etdirib.
Belə şəraitdə səbirli və soyuqqanlı davranmaq vacib hesab olunur. Təcrübə göstərir ki, Azərbaycan zərbələri səbir və təmkinlə qarşılayaraq lazım olan vaxtda adekvat addımlar ata bilir.
Azərbaycan ərəb ölkəsi deyil və İranda milyonlarla azərbaycanlı türk yaşayır. Onlar artıq öz hökumətlərinin ABŞ və İsrail zərbələri, həmçinin gələcəkdə mümkün kürd silahlı qruplarının hücumları qarşısında onların təhlükəsizliyini nə dərəcədə təmin edə biləcəyini sual etməyə başlayırlar.
Allah ölkəmizi qorusun!
Allah müqəddəs dinimizi siyasi məqsədlər üçün istismar edənləri lənətləsin!




Xəbəri paylaş


 
 


Xəbər lenti