Bu şirkətin direktoru prezidentə müraciət etdi - "Arzu Kazımov dövlətin borcunu hissə-hissə ödəməklə belə razılaşmır"
14-04-2026, 10:58
“İNVEST-AZEM” MMC-nin direktoru Şamil Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlayıb.Bizimesr.az müraciəti olduğu kimi təqdim edir!
“INVEST-AZEM” MMC-nin direktoru Qasımov Şamil Vaqif oğlu tərəfindən
MÜRACİƏT
Hörmətli cənab Prezident,
Hörmətli Mehriban xanım,
Mən, “İNVEST-AZEM” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və qanuni təmsilçisi Qasımov Şamil Vaqif oğlu, rəhbərlik etdiyim şirkətin üzləşdiyi ağır maliyyə və hüquqi vəziyyətlə bağlı Sizə müraciət edirəm.
Bildirirəm ki, “İNVEST-AZEM” MMC ilə “SERVİS+” Mənzil Tikinti Kooperativi arasında 10 mart 2024-cü il tarixli, №10/003/A nömrəli Baş Podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, şirkətimiz Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində layihə üzrə nəzərdə tutulmuş tikinti işlərini yerinə yetirmiş, sifarişçi isə görülmüş işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
Tikinti işlərinə cəlb olunmuş mühəndis, fəhlə və texniki işçilərlə (150 nəfərdən çox) rəsmi əmək müqaviləsi bağlanılmışdır. İşçilərin sosial sığorta ayırmaları tərəfimizdən vaxtlı-vaxtında bəyan olunmuşdur. Lakin buna baxmayaraq, “SERVİS+” MTK və onun rəhbəri Arzu Kazımov tərəfindən ödənişlər tam və vaxtında həyata keçirilməmişdir.
Belə ki, 2025-ci ilin fevral ayından etibarən şirkətimizin rəhbər şəxsləri tikinti sahəsinə buraxılmamış, fəaliyyətimizə süni maneələr yaradılmışdır. Həmin dövrdə 150 nəfərdən artıq işçi heyətinin kim tərəfindən idarə olunduğu və görülən işlərə kimlərin göstəriş verdiyi naməlum qalmışdır.
Nəticədə “İNVEST-AZEM” MMC-ini dövlət büdcəsinə sosial sığorta haqları üzrə külli miqdarda borclandırmışlar. “SERVİS+” Mənzil Tikinti Kooperativin rəhbər şəxsi Arzu Kazımov danışıqlar zamanı borc öhdəliyinin olmadığını bildirərək ödənişdən yayınmışdır. Hətta bəzi təhdid edərək ödədiyini bildirmişdir.
Qanuni təmsilçisi (direktor) olaraq heç bir vəsait, əmlak və ya nəğd pul qəbul etməmişəm. Kim kimə nə verib və ya nə alması barədə dəqiq məlumatım yoxdur. Bu məsələnin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını xahiş edirəm.

Bizi maraqlandıran əsas məsələ dövlətə olan borcumuzu ödəməkdir. Biz dövlətimizə olan borcumuzdan yayınmırıq, amma “SERVİS+” Mənzil Tikinti Kooperativinin rəhbəri Arzu Kazımovdan nə dövlətə olan borcu nə də digər kreditorlara olan milyonlarla ödənişləri ala bilmirik. Şirkət faktiki olaraq müflis vəziyyətinə düşmüşdür. Şirkət rəhbərliyinə qarşı ölkədən çıxış məhdudiyyətləri tətbiq olunmuşdur.
Borcu ödəmək üçün Arzu Kazımova dəfələrlə yazılı və şifahi müraciət etsək də nəticəsiz qalmışdır. Dövlətin borcunu hissə ödəməklə belə razılaşmır. Əksinə, müxtəlif maneələr yaratmaqda davam edir.
Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443 və 449-cu maddələrinə əsasən, öhdəliklərin icra edilməməsi hüquqi məsuliyyət yaradır və vurulmuş zərərin ödənilməsi məcburidir.Lakin məhkəmə xərclərini ödəmək üçün uyğun vəsaitimiz yoxdur. Hazirda həbs təhlükəsi ilə üz-üzəyəm.Mən və rəhbərlik etdiyim şirkət çıxılmaz vəziyyətə düşüb və bu problemin ədalətli həlli üçün ali dövlət rəhbərliyinin müdaxiləsinə ciddi ehtiyac duyuruq. Ümid edirəm ki, müraciətimiz obyektiv araşdırılacaq və haqq-ədalət öz yerini tapacaqdır.
Qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm:
“SERVİS+” MTK tərəfindən “İNVEST-AZEM” MMC-yə ödənilməmiş borcun araşdırılması və hüquqi qiymət verilməsi;
Zərərçəkmiş tərəf kimi şirkətimizin hüquqlarının bərpa olunması;
Şirkətimizin dövlət qarşısında yaranmış borcunun səbəblərinin obyektiv qiymətləndirilməsi və bu vəziyyətin aradan qaldırılmasına dəstək göstərilməsi;
Məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə sərəncam verəsiniz.
Hörmətlə, Qasımov Şamil Vaqif oğlu
“INVEST-AZEM” MMC-nin direktoru
Facebook-da paylaş
Xəbəri paylaş



























