Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı?

 
Bu gün, 13:16           
Xarici siyasətdə yumşaq desək, bəxti o qədər də gətirməyən Fransa Prezidenti Emmanuel Makron “beynəlxalq səylərini” davam etdirir. Bu dəfə o, dünyanın iqtisadi və siyasi xəritəsində ən həssas nöqtələrdən birinə çevrilmiş Hörmüz boğazında “qayda-qanun yaratmağa” girişib.
Xarici KİV xəbər verir ki, Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb və onu Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiya yaratmaqla bağlı Fransa-Britaniya planını nəzərdən keçirməyə və İranı Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyaya qoşulmağa dəvət edib.
Fransa Prezidentinin sözlərinə görə, missiya çoxmillətli olacaq və müharibə edən tərəflərdən asılı olmayacaq. Bu da gəmi sahiblərinin və sığortaçıların etimadını bərpa etməyə kömək edəcək.
O qeyd edib ki, belə bir missiyanın yaradılması nüvə və raket məsələləri üzrə danışıqlarda, eləcə də regiondakı vəziyyətlə bağlı irəliləyişi asanlaşdıra bilər.
“Mən İran prezidentini bu fürsətdən istifadə etməyə dəvət etdim və bu məsələni Prezident Donald Trampla müzakirə etmək niyyətindəyəm”, – Makron deyib.
Fransa Prezidenti həmçinin bütün tərəfləri Hörmüz boğazının blokadasını dərhal və qeyd-şərtsiz ləğv etməyə çağırıb.
Avropa Siyasi Birliyinin sammitində Makron Hörmüz boğazından maneə törədilmiş gəmiləri çıxarmaq üçün ABŞ əməliyyatında iştirak etməmək niyyətində olduğunu açıqlamışdı. Hətta Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiya planları çərçivəsində, “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Fransa gəmi qrupu Süveyş kanalından keçərək Qırmızı dənizin cənubuna doğru yola düşüb. Lakin məlum olduğu kimi, Tramp bu əməliyyatı yarımçıq saxladı.
Hazırda Trampın və İranın Makronun “xidmətində” nə dərəcədə maraqlı olduğunu söyləmək çətindir. Xüsusilə də Fransanın da daxil olduğu NATO tərəfdaşlarından gileylənən Ağ Evin Hörmüzdə təşəbbüsü Parisə, yaxud başqa bir Avropa paytaxtına verəcəyi inandırıcı görünmür. Digər yandan, etiraf edilməlidir ki, Makronun və Fransanın nə çəkisi, nə də nüfuzu bu cür qlobal əhəmiyyətli məsələlərin həllində aparıcı rol oynamağa çatacaq qədər deyil…
Xatırladaq ki, Fransa başçısının 3-5 may tarixlərində İrəvanda olarkən 30 ildir bağlı qalan Ermənistan-Türkiyə sərhədini quru yolla keçərək, birbaşa Rəcəb Tayyib Ərdoğanla görüşə getmək, bununla da bir növ “tarixə düşmək” istədiyi məlum olub. O da məlum olub ki, rəsmi Bakı ilə məsləhətləşmədən sonra Türkiyə başçısı bu planı rədd edib./azpolitika.info





Xəbəri paylaş


 
 


Xəbər lenti