Babək rayonunda vəzifəli şəxslə bağlı ciddi qanun pozuntusu iddiaları – dövlət əmlakı və təbii sərvətlər təhlükə altındadır

 
Dünən, 18:03           
Redaksiyamıza daxil olan məlumata görə, Naxçıvan Muxtar Respublikasının keçmiş sədri Vasif Talıbovun sabiq müavinlərindən birinin qohumu olduğu bildirilən, hazırda Babək Rayon İcra Hakimiyyətinin Hüquq sektorunun müdiri vəzifəsində çalışan Tural Seyidov barəsində ciddi qanun pozuntuları ilə bağlı iddialar irəli sürülür.

İddialara əsasən, Tural Seyidov yaşadığı kənd ərazisində yol kənarında yerləşən torpaq sahələrini qanunsuz şəkildə öz adına sənədləşdirərək həmin ərazilərdə müxtəlif obyektlər inşa etdirib. Bildirilir ki, bununla kifayətlənməyərək, obyektin ətrafındakı torpaq sahələrini də qanunsuz şəkildə zəbt edib və əlavə tikililər, o cümlədən mağazalar tikdirib.

Məlumatda xüsusi narahatlıq doğuran məqamlardan biri isə həmin tikililərin dövlət əhəmiyyətli qazlı mineral bulağın üzərində aparılmasıdır. İddia olunur ki, bulağın üzəri torpaqla örtülərək üzərində çayxana tikilib. Halbuki, mütəxəssislər belə bulaqların üzərində tikinti aparılmasının gələcəkdə təhlükəli nəticələrə səbəb ola biləcəyini qeyd edirlər.

Bundan əlavə, Tural Seyidovun yol infrastrukturu elementlərinə də müdaxilə etdiyi bildirilir. Belə ki, yol kənarında dövlət tərəfindən quraşdırılmış səki və bordür daşlarının qanunsuz şəkildə sökülərək şəxsi obyektinin qarşısında istifadə edildiyi iddia olunur. Bu isə həm dövlət əmlakına ziyan vurulması, həm də vətəndaşların rahat hərəkət imkanlarının məhdudlaşdırılması deməkdir.

Məlumatda qeyd olunur ki, baş verən bu qanunsuzluqlara baxmayaraq, Babək Rayon İcra Hakimiyyətinin digər məsul şəxsləri tərəfindən məsələyə göz yumulub.

Eyni zamanda, diqqət çəkən digər məqam isə dövlət qulluqçusunun rəsmi gəlirləri ilə müqayisədə yüksək maliyyə dəyərinə malik obyektlərin inşa edilməsidir. İddialara görə, Tural Seyidov sözügedən obyektləri əvvəlcə qayınatası Niftalı Babayevin adına rəsmiləşdirib, bir neçə il sonra isə öz adına keçirib.

Ümid edirik ki, Babək Rayon İcra Hakimiyyətinin başçısı Övni Muradov məsələni nəzarətə götürəcək, qanunsuz tikinti, torpaq zəbt olunması və dövlət əmlakına ziyan vurulması ilə bağlı iddialar ciddi şəkildə araşdırılacaq və hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Mediatvaz.com







Xəbəri paylaş


 
 


Xəbər lenti