Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…



Bu cür ittiham və iddialardan sonra nə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), nə Səhiyyə Nazirliyinin, necə deyərlər, “tükü tərpənmir”. Ekspertlər efirdən, sosial şəbəkələrdən vəziyyətin son dərəcə ciddiliyini diqqətə çatdırır, rəsmi qurumlara çağırış edirlər. Maraqlısı da budur ki, bu problemi ictimailəşdirən şəxsləri həmin qurumların nümayəndələri yalançılıqda, populizmdə günahlandırırlar. Bəs çıxış yolu nədir?
Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifovun fikrincə, AQTA işini günün tələbinə uyğun aparmır.

Fikrət Yusifov
O, ölkədə təhlükəli qida məhsullarının kifayət qədər çox olduğunu vurğulayıb:
“AQTA rəhbərliyinin və orada çalışan mütəxəssislərin nə deməsindən və bu məsələ ilə bağlı necə düşünməsindən asılı olmayaraq, gerçəklər bundan ibarətdir ki, bu agentlik öz vəzifəsini günün tələbləri səviyyəsində qura bilmir. Ölkənin bazar və mağazaları keyfiyyətsiz, insan orqanizminə ciddi təhlükə törədən məhsullarla doludur. Bunları görməzdən gəlmək yumşaq desək, məsuliyyətsizlikdir. Marketlərdə ərzaq məhsullarının keyfiyyəti barədə danışmaq lazım deyil, bu məhsullardan istənilənini götürüb, real yoxlanışa vermək yetərlidir ki, onun hansı keyfiyyətdə olduğunu üzə çıxsın. Bu, ilk növbədə müxtəlif növ yağ məhsullarına aiddir. Yağ insanın hər gün istehlak etdiyi qidadır. Biz bu gün bazarda sağlam yağ məhsulu tapa bilmirik. Bir qədər sağlam olan belə məhsulun qiyməti isə 1 kq üçün 30-50 manat arasındadır. Belə qiymət çox az vətəndaşın büdcəsinə uyğun gəlir. Ona görə qida təhlükəsizliyi dövlətin təhlükəsizliyi qədər ciddi dəyərləndirilməlidir”.
Sabiq nazir deyib ki, xəstə insan xəstə cəmiyyət deməkdir:
“Xəstə cəmiyyət isə dövlətin olum-ölüm məsələsidir. Gəlin, bunun fərqində olaq! AQTA-nın bu sahədəki fəaliyyəti ”5” ballıq qiymətləndirmə sistemi ilə “-2” qiymətə layiqdir. Bizə statistika lazım deyil. Gerçəklər bazarda və marketlərdə gördüklərimizdir!”
Xəbəri paylaş