Səfirlik divarlarının arxasında nələr baş verir?

 
Bu gün, 11:53           
Diplomatik münasibətlərin pərdəarxası hər zaman rəsmi protokollardan daha dərindir.
KONKRET.az xəbər verir ki, mövzunun strateji əhəmiyyətini və məlumat yükünü nəzərə alaraq, bu yazını silsilə şəklində təqdim etməyi qərara aldıq. Sizi rəsmi bəyanatların kölgəsində qalan real proseslərlə tanış edəcəyimiz bu məqalədə aşağıdakı mühüm məqamlara toxunacağıq:
  • Bir missiyanın başlanğıcı:
(Səfirin yolu daxili fərmanla başlasa da, onun taleyi iki dövlət arasındakı görünməyən diplomatik ‘dialoqda’ həll olunur. “Aqreman” sadə bir razılıq deyil, namizədin peşəkar reputasiyasının və siyasi çəkisinin qarşı tərəf tərəfindən incələnməsidir. Bu pərdəarxası süzgəcdən keçməyən heç bir diplomat, qırmızı xalça üzərindən keçərək etimadnaməsini dövlət başçısına təqdim etmək şərəfinə nail ola bilməz)
  • Diplomatın Müqəddəs Missiyası:
(Diplomat dövlətin səngərdəki əsgərini sözlə əvəz edən şəxsdir. Bu bölmədə “yumşaq gücün” (soft power) mahiyyəti, diplomatik etikanın sərtliyi və ən mürəkkəb münaqişələrin masada, zəka, nitq və strateji manevrlərlə necə həll olunmasının pərdəarxası təsvir edilir)
3) Diplomatik missiyanın strukturu və beynəlxalq standartlar:
(Səfirlik binası daxilində saat mexanizmi kimi işləyən xüsusi bir iyerarxiya mövcuddur. Səfirdən tutmuş attaşeyə, kargüzardan texniki personala qədər hər kəsin rolu Vyana Konvensiyasının diktə etdiyi beynəlxalq standartlarla müəyyən edilir)
4) Diplomat Libaslı kəşfiyyat zabitləri:
(Boz kardinalların toxunulmazlıq statusu bəzən ən peşəkar kəşfiyyat əməliyyatları üçün mükəmməl bir sipər rolunu oynayır. Bu bölmədə diplomatik statusun kölgəsində həyata keçirilən strateji məlumat toplama üsulları və dövlətlərin bir-birinə qarşı apardığı görünməyən kəşfiyyat müharibələri araşdırılır)
5) Pasportun Arxasındakı Güc:
(Pasport sadəcə sərhədi keçmək üçün sənəd deyil, həm də yad ölkənin hüquqi labirintlərində sizin xilaskarınızdır. Konsulluq xidmətinin vətəndaşı həbsdən, bədbəxt hadisədən və ya hüquqsuzluqdan qorumaq üçün istifadə etdiyi beynəlxalq mexanizmlər burada təfərrüatlı izah olunur.
6) Zirehli Divarların Hekayəsi:
(Səfirlik binası təkcə ofis deyil, həm də kənar müdaxilələrə qapalı olan bir qaladır. Bu bölmədə diplomatik korpusun xüsusi mühafizə protokolları, kəşfiyyata qarşı qorunan otaqlar və o divarlar arxasında keçən yarı-məxfi ailə həyatının detalları yer alır)
7) Qanunların Savaşı: Diplomatik İmtiyaz Yerli Əmək Məcəlləsinə Qarşı
(Səfirlikdə çalışan yerli işçilər üçün yerli məhkəmələrin qapısı çox vaxt bağlı olur. Diplomatik immunitetin yerli əmək qanunvericiliyini necə kənara itdiyi, maaş mübahisələrində və işdən çıxarılmalarda vətəndaşın hansı hüquqi vakuumda (boşluqda) qaldığı bu bölmədə tədqiq edilir.
8) Diplomatik nümayəndəliklərin statusu
(Beynəlxalq hüquqa görə, dövlətlər bir-birindən vergi tutmur. Bu prinsipdən doğan diplomatik vergi imtiyazlarının, ƏDV-dən azad olmadan tutmuş, gömrük rüsumlarına qədər mahiyyəti və bu statusun yerli maliyyə uçotu ilə necə tənzimləndiyi izah olunur.
9) Toxunulmazlıq Çətiri:
(Vyana Konvensiyasının yaratdığı bu “keçilməz zireh” diplomatı yerli polis, məhkəmə və həbs təhlükəsindən tam sığortalayır. Burada toxunulmazlığın mütləq həddi, cinayət törədildiyi təqdirdə tətbiq edilən hüquqi prosedurlar və bu imtiyazın fəlsəfəsi təqdim edilir)
10) Persona non grata, Arzuolunmaz qonağın qapı arxasındakı taleyi.
(Bu, diplomatiyada ən sərt cəza üsuludur. Səbəb göstərilmədən bir diplomatın “arzuolunmaz şəxs” elan edilərək ölkədən qovulması prosesi, bu qərarın arxasındakı siyasi sanksiyalar və şəxsin diplomatik karyerasına vurduğu sarsıdıcı zərbə təsvir olunur)
11) Azadlıq, yoxsa “Qızıl Qəfəs”?
(Səfirlik binası beynəlxalq hüququn tanıdığı ən təhlükəsiz sığınacaqdır, lakin bəzən bu sığınacaq ucu-bucağı görünməyən bir həbsxanaya çevrilir. Siyasi qaçqınların səfirlik daxilində keçirdiyi “izolyasiya edilmiş” illər və bu hüquqi çıxılmazlığın gətirdiyi dramatik talelər burada araşdırılır)
12) Diplomatların Sərhəd Tanımayan İqtisadi İmtiyazları:
Diplomatlar sadəcə hüquqi deyil, həm də geniş iqtisadi azadlıqlara sahibdirlər. Malların idxalı, xüsusi mağazalardan alış-veriş və genişlənmiş maliyyə sərbəstliyi kimi imtiyazların diplomatik həyat standartlarına təsiri bu bölmədə işıqlandırılır)
13) Diplomatik kuryer çantasının gücü.
(Dünyanın heç bir güc strukturu, nə gömrük, nə polis diplomatik kuryer çantasını aça və ya yoxlaya bilər. Bu toxunulmaz “sirr daşıyıcısının” dövlət rabitəsindəki mütləq rolu və bu mütləq gücdən sui-istifadə hallarının (qaçaqmalçılıq və s.) pərdəarxası tarixinə baxış keçirilir.
14) Mif və Reallıqlar: Səfirlik ərazisi həqiqətənmi başqa ölkənin torpağıdır?)
(Kütləvi şüurda kök salmış “səfirlik ərazisi xarici dövlətin torpağıdır” iddiası hüquqi mifdir. Bu bölmədə torpağın suverenliyinin qəbul edən dövlətdə qaldığı, səfirliyin isə sadəcə “toxunulmaz zona” olduğu hüquqi dəqiqliklə izah edilir.
15) Diplomatların maddi təminatı:
(Dövlət xaricdəki simasını (diplomatını) ən yüksək səviyyədə təmin etməyə borcludur. Yüksək maaşlar, təmsilçilik xərcləri, mənzil və təhsil paketləri  bütün bu maliyyə imtiyazlarının arxasında dayanan strateji səbəblər və “diplomat rifahının” dövlət nüfuzu ilə əlaqəsi təhlil edilir.
Ön söz
Şəhərin mərkəzi küçələrində yerləşən, üzərində əcnəbi dövlətlərin bayraqları dalğalanan binaların önündən keçərkən nə düşünürsünüz? Bilirsinizmi ki, əslində o binaların qapısından içəri addım atdığınız an, artıq ölkənizi tərk etmiş sayılırsınız? Çoxları üçün diplomatiya sadəcə bahalı avtomobillər, təntənəli ziyafətlər və xəbərlərdə gördüyümüz kimi şık geyimli insanların soyuq əl sıxışmalarından ibarətdir.
Lakin, bu gördükləriniz yalnız aysberqin günəş altında parıldayan zirvəsidir. Əslində isə, o uca divarların arxasında, 1961 və 1963 cü il Vyana Konvensiyalarında ən xırda  detallarına qədər təsvir olunmuş və yerli qanunların demək olar ki, gücsüz olduğu, hər addımı keçilməz mühafizə zolağı ilə qorunan “xüsusi statuslu insanların” yaşayıb fəaliyyət göstərdiyi başqa bir dünya gizlənir.
Səfirlik həyatı vizual estetikadan daha çox, məxfi sirlərin, sərt protokolların və hüquqi prosedurların bəzən yerləşdikləri ölkələrin maraqları ilə tamamilə çarpışdığı maraqlı bir aləmdir. Bəzən bu bağlı qapılar arxasında hər bir hərəkət ya böyük bir tarixi razılaşmanın təməli, ya da dövlətlər arası böhranın qığılcımı da ola bilər. Reallığın miflərindən qat-qat daha maraqlı, təhlükəli və sirli olduğu bu dünyaya – diplomatiyanın görünməyən sərhədlərinə daxil olmağa hazırsınızmı? Pərdə qalxır və biz bu gizli dünya qədəm qoyuruq…
I Hissə
Bir missiyanın başlanğıcı və ya səfir necə təyin olunur?
Dövlətlərarası münasibətlərin institusionallaşdırılması və xarici yurisdiksiyada milli mənafelərin hüquqi müdafiəsi diplomatik və konsulluq nümayəndəliklərinin təsisini şərtləndirən başlıca amildir. 1961 və 1963-cü il Vyana konvensiyalarının müddəalarına uyğun olaraq, qarşılıqlı razılıq prinsipi əsasında formalaşan bu təsisatlar üç strateji istiqamətdə fəaliyyət göstərir: dövlətin ali təmsilçiliyi vasitəsilə siyasi dialoqun qurulması, xaricdəki vətəndaşların hüquqi müdafiəsinin (konsul xidmətinin) təmin edilməsi, habelə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və təşviqi.
Diplomatik missiyaya rəhbərlik isə, bir qayda olaraq, Fövqəladə və Səlahiyyətli Səfirə həvalə olunur. Səfir, akkreditə olunduğu ölkədə öz dövlət başçısının şəxsi nümayəndəsi və milli maraqların ali müdafiəçisidir. O, dövlətin rəsmi siması qismində ən yüksək səviyyəli danışıqların aparılması, dövlətlərarası müqavilələrin imzalanması və təyin olunduğu ölkədə öz vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirir.
Beynəlxalq aləmdə bir dövləti digər dövlət qarşısında təmsil etmək səlahiyyəti hər kəsə nəsib olmayan ən yüksək etimad göstəricisidir. Lakin bu etimadın hüquqi müstəvidə rəsmiləşməsi üçün bir neçə mərhələdən ibarət ciddi sınaqlardan keçmək lazımdır.
Prosesin başlanğıc nöqtəsi pərdəarxası məsləhətləşmələr, yekunu isə təntənəli saray mərasimləri olur. Səfirin təyin olunma prosesi heç də rəsmi sərəncamla başlamır. Hər şeydən əvvəl, onu göndərən dövlət (məsələn, Azərbaycan) təyin etmək istədiyi şəxsin namizədliyini qarşı tərəflə gizli şəkildə razılaşdırmalıdır. Beynəlxalq hüquqda buna “Aqreman” (fransızca agrément – razılıq) deyilir. Bu mərhələdə qəbul edən dövlət namizədi araşdırır və onun öz ölkəsi üçün “arzuolunan” şəxs olub-olmadığına qərar verir. Əgər dövlət aqreman verməkdən imtina edərsə, bunu əsaslandırmaq məcburiyyətində deyil. Bu, diplomatiyanın ən həssas nöqtəsidir. Aqreman alana qədər namizədin adı ictimaiyyətə açıqlanmır ki, imtina halında həm dövlətin, həm də diplomatın nüfuzuna xələl gəlməsin.
Aqreman alındıqdan sonra isə daxili prosedurlar işə düşür. Azərbaycanda bu səlahiyyət müstəsna olaraq Prezidentə məxsusdur. Dövlət başçısının imzaladığı sərəncamla şəxs rəsmi olaraq “fövqəladə və səlahiyyətli səfir” statusunu qazanır. Lakin bu status hələ onun xarici ölkədə fəaliyyətə başlaması üçün kifayət deyil. Diplomat gedəcəyi ölkəyə “Etimadnamə” (Lettre de Créance) adlanan xüsusi sənədi aparmalıdır. Bu sənəd bir dövlət başçısının digərinə ünvanladığı rəsmi məktubdur və orada qəbul edən tərəfdən xahiş olunur ki, səfirin söylədiklərini dövlət başçısının sözləri kimi qəbul etsinlər.
Yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfir fəaliyyət göstərəcəyi ölkəyə gəldikdən dərhal sonra öz etimadnaməsinin surətini (copie d’usage) qəbul edən tərəfin Xarici İşlər Nazirliyinə təqdim edir. Bu ilkin prosedurdan sonra, adətən 30 günlük müddət ərzində, onu diplomatik missiyanın rəsmi təsdiq mərasimi gözləyir. Səfir dövlət başçısı (monarx, prezident və s.) tərəfindən ali səviyyədə qəbul edilməli və öz dövlət başçısının imzaladığı etimadnamənin əslini (lettres de créance) şəxsən ona təqdim etməlidir.
Beynəlxalq diplomatik hüququn tələblərinə əsasən, yalnız bu rəsmi aktdan sonra səfir öz vəzifə səlahiyyətlərinin icrasına tam hüquqlu şəkildə başlamış hesab olunur və diplomatik iyerarxiyada (Senioritet) öz yerini tutur. Səfirlərin və beynəlxalq müstəvidə öz ölkəsini təmsil edən diplomatların missiyası adətən ya öz dövləti tərəfindən geri çağırıldıqda (Resaqreman), ya da qəbul edən dövlətin kəskin etirazı ilə “Persona non grata” (arzuedilməz şəxs) elan edildikdə başa çatır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, səfirin təyin olunma prosesi sadəcə bir məmur təyinatı deyil, iki suveren dövlətin bir-birinə açdığı etimad qapısıdır.
Diplomatın müqəddəs missiyası
Diplomat mənsub olduğu xalqın mədəniyyətini, tarixini və milli maraqlarını öz şəxsiyyətində cəmləşdirən canlı simvoldur. Bu missiya elə bir məsuliyyət yüküdür ki, diplomatın hər bir addımı və kəlməsi fərdi mülahizə deyil, təmsil etdiyi dövlətin iradəsinin təzahürü kimi qəbul edilir.
Bəzən müharibələrin qarşısını alan, iqtisadi və mədəni tərəfdaşlığı dərinləşdirən, ölkəsinin dostlarının sayını artıran məhz diplomatın peşəkar fəaliyyətidir. Münasibətlərin ən böhranlı mərhələlərində belə dialoq qapısını açıq saxlamaq bacarığı bu peşənin mühüm tərəfidir. Beynəlxalq diplomatik masada bir millətin taleyini və strateji hədəflərini qorumaq yalnız seçilmiş şəxslərə nəsib olan “intellektual cəngavərlik” nümunəsidir.
Bu etimad diplomata həm ölkəsinin nüfuzunu formalaşdırmaq şərəfini bəxş edir, həm də onu dövlətçilik tarixinin ayrılmaz parçasına çevirir. Unutmaq olmaz ki, bir diplomatın qazandığı strateji qələbə onilliklər, hətta əsrlər boyu dövlətin gələcək taleyini müəyyən etmək qüdrətinə malikdir.
Müasir dünyada diplomatik postlara təyinatlar heç də həmişə peşəkarlıq və səriştəlilik prinsiplərinə əsaslanmır. Bəzən bu vəzifələr insanlara siyasi sadiqlik, qohumluq əlaqələri və ya daxili siyasətdəki xidmətlərə görə bir növ “mükafat” olaraq verilir. Belə hallar isə çox vaxt beynəlxalq münasibətlər sistemində ciddi böhrana (Təsadüfi təyinatların kölgəsində qalan diplomatiyanın meydana çıxmasına) səbəb ola bilər. Bu praktikanın nəticəsi olaraq bir çox ölkələrdə bu peşənin fundamental qaydalarından və strateji dərinliyindən xəbərsiz olan şəxslər (kabinet diplomatları) diplomatik korpusların rəhbərliyinə gətirilir.
Bu qrup diplomatlar üçün ən vacib məqam real nəticə deyil, sadəcə tədbirlərdə iştirak etmək, mərkəz üçün hesabatlar hazırlamaq və rəsmi protokollarda şəkillər çəkdirməkdən ibarətdir. Milli maraqların kəskin müdafiəsi və ya çətin danışıqlar aparmaq əvəzinə, onlar sadəcə mövcud status-kvonu (vəziyyəti) qorumaqla gün keçirirlər. Nəticədə səfirliklərin arxivləri icrası reallaşmayan “əməkdaşlıq haqqında” kağızlarla dolsa da, istər ölkələrin iqtisadi münasibətləri, istər hərbi, istərsə də mədəniyyət sahəsində heç bir real irəliləyiş müşahidə olunmur.
Belə tendensiya isə təkcə dövlətin xarici arenadakı çəkisini azaltmır, həm də ömrünü bu peşəyə həsr etmiş həqiqi diplomatların motivasiyasını və etibarını ciddi şəkildə zədələyir.
Təəssüf hissi ilə qeyd olunmalıdır ki, həm keçmişdə, həm də günümüzdə Azərbaycanın diplomatik korpusunda ‘kabinet diplomatları’ kimi xarakterizə olunan, fəaliyyəti yalnız rəsmiyyətdən ibarət olan şəxslərin sayı kifayət qədərdir.
Peşəkar diplomatın portreti – Beynəlxalq təcrübə və diplomatiya tarixi göstərir ki, yaxşı diplomat sadəcə xarici dil bilən məmur deyil, o, strateq, psixoloq və hətta aktyorluq kimi peşələrin vəhdətini özündə birləşdirməlidir. Tarixin böyük diplomatları (Talleyran, Metternix, Qromıko və s.) və müasir nəzəriyyələr ideal diplomatın portretini bu cür təsvir edir: Diplomatiyada uğur qazanmağın təməlində “Polad yumruğu məxmər əlcəkdə” gizlətmək bacarığı dayanır. Yaxşı diplomat üçün ən mühüm xüsusiyyət sarsılmaz təmkin nümayiş etdirməkdir. O, qarşı tərəfin ən kəskin təzyiqi və ya təxribatı qarşısında belə soyuqqanlığını qorumalıdır. Məşhur bir deyimdə bəhs edildiyi kimi: “Diplomat sizi cəhənnəmə elə bir nəzakətlə göndərməyi bacarmalıdır ki, siz hətta həmin səyahət üçün yol hazırlığına başlayasınız”.
Bu peşə, rəqibin psixoloji portretini və mümkün manevrlərini zərgər dəqiqliyi ilə təhlil etməyi, eyni zamanda şəxsi hissləri keçilməz bir sipər arxasında ustalıqla gizlətməyi tələb edir.
Siyasi Manevrlər və Sözlərin Savaşı – Diplomatiyanın sarsılmaz qızıl qaydaları ən sadə ifadələrin belə ilkin mənasından uzaqlaşaraq tamamilə yeni mahiyyət kəsb etməsini şərtləndirir. Bu xüsusi lüğətdə səslənən “hə” yeni manevrlər üçün zəmin hazırlayan bir “bəlkə”, “bəlkə” isə nəzakətli imtinanın zərif forması sayılan “yox” anlamını daşıyır. Beləliklə, hər bir ifadə real niyyətləri pərdələyən diplomatik sipər funksiyasını yerinə yetirir.
Tərəflər arasında “baxış bucaqlarının üst-üstə düşməməsi” qeyd olunduqda, bu, artıq nəzakətli pərdə arxasında dərin və barışmaz qarşıdurmanın rəsmən elanı kimi qəbul edilməlidir. Eyni məntiqlə, “konstruktiv və səmimi keçən müzakirələr” tərəflərin bir-birini dinləmək mədəniyyəti nümayiş etdirdiyini, lakin ortaq məxrəcə gəlmək yolunda heç bir real irəliləyişin olmadığını incə bir estetiklə simvolizə edir. Bu yolla ən kəskin həqiqətlər sülhün və dialoqun qorunması naminə zərifcə kodlaşdırılır.
Təsadüfi deyil ki, diplomatiyanın ən ali prinsipi ehtirasın iddialarını məntiqin süzgəcindən keçirmək və ritorikanı reallıqla cilovlamaq sənəti kimi xarakterizə olunmasıdır. Burada səmimiyyət yalnız strateji hədəfə xidmət etdikdə dəyər qazanır, sükut isə bəzən ən kəsərli arqumentdən daha kəskin cavab təsiri bağışlayır. Həqiqi diplomat təkcə deyilənləri deyil, sətiraltı mənaları və “səssiz mesajları” eşitməyi, rəsmi sənədlərdəki bir vergülün belə daşıdığı nəhəng siyasi çəkini hiss etməyi bacaran analitik təfəkkür nümayiş etdirməlidir.
Tarixi biliklərə söykənməyən diplomatik fəaliyyət isə danışıqlar masasında məğlubiyyəti qabaqcadan şərtləndirir. Beynəlxalq hüququn təməl prinsipləri, xüsusilə Vyana Konvensiyaları isə diplomatın arsenalındakı ən güclü silahdır.
Peşəkar diplomatik fəaliyyət təkcə öz ölkəsinin maraqlarını qorumaqla kifayətlənmir, həm də qarşı tərəfin daxili siyasətini və ictimai nəbzini dərindən analiz etməyi şərtləndirir. Unutmaq olmaz ki, həqiqi diplomatiya rəsmi iclas otaqlarının soyuqluğundan daha çox, qeyri-rəsmi görüşlərin sərbəstliyində, bir qəhvə süfrəsi ətrafındakı dialoqların səmimiyyətində və strateji zəka döyüşlərində təzahür tapır.
Ev sahibi ölkənin cəmiyyəti ilə səmərəli təmaslar qurmaq və universal ünsiyyət dili tapmaq məharəti, diplomatın böyük üstünlüyüdür. Buna missal olaraq, Böyük Britaniya və ABŞ səfirlərinin Azərbaycanın bölgələrinə səfərləri, dilimizi öyrənmələri və milli bayramlarımızı bizimlə qeyd etmələri sadəcə jest deyil, xalqın rəğbətini qazanmağa yönəlmiş güclü bir gedişdir. Eyni anda həm mükəmməl natiq, həm hüquqşünas, həm də soyuqqanlı psixoloq olmaq nadir insanlara qismət olan bir xüsusiyyətdir.
Trampın Nəzakətli Müharibəsi  Diplomatik leksikon ABŞ prezidenti Donald Trampın da tez-tez müraciət etdiyi kimi sadəcə bəlağətli sözlər toplusu deyil, Klassik diplomatiya ənənələrində liderlər bir-birinə ‘Cənab Prezident’ və ya ‘Zati-aliləri’ kimi rəsmi titullarla müraciət edərək dövlətlərarası məsafəni qoruduqları halda, Tramp protokolu kənara qoyaraq “My friend” (Mənim dostum) ifadəsinə üstünlük verir. Bu, sadəcə bir müraciət forması deyil, rəsmiyyəti sındırmaq və məsələni dövlətlərarası müstəvidən şəxsi sövdələşmə (deal-making) müstəvisinə keçirmək üçün hesablanmış strateji bir taktikadır. O, bu yanaşma ilə qarşı tərəfə birbaşa mesaj verir: “Mən dövlətlə deyil, şəxsən səninlə razılaşıram.”
Trampın tez-tez müraciət etdiyi “Great people” və ya “My friend” kimi səmimi görünən ifadələr isə, əslində rəqibin müdafiə mexanizmlərini zəiflətməyə xidmət edən strateji yüklü vasitələrdir. Psixoloji nöqteyi-nəzərdən birinə “dostum” deyə xitab etmək, danışıqlar masasında ona “yox” deməyi çətinləşdirir və qarşı tərəfdə mənəvi öhdəlik hissi yaradır. Beləliklə, Tramp klassik diplomatiyanın soyuqluğunu şəxsi yaxınlıq illüziyası ilə əvəz edərək, strateji üstünlük qazanmağa əksər hallarda nail olur.
Sözün Qüdrəti və Liderin Nüfuzu – Diplomatik korpusun əksər üzvləri adətən texniki işlərin icrası ilə məşğul olsalar da,  hər zaman onların arasında qlobal masada rəqiblərini məharətlə “mat” edə bilən tək-tük insanlar olur. Bu dahi şəxsiyyətlər üçün diplomatiya sadəcə bir xidmət sahəsi və ya karyera pilləsi deyil o, bir həyat tərzi və intellektual döyüş meydanıdır. Onlar üçün hər bir görüş, söylədikləri hər bir kəlmə milli suverenliyin qorunmasına yönələn strateji gedişlərdir. Həqiqi diplomatik uğurlar isə mərkəzdən gələn şablon tapşırıqlarla deyil, həmin “tək-tük” şəxsiyyətlərin sahib olduğu dərin fəhm, cəsarət və dövlətçiliyə bağlılıq sayəsində qazanılır.
Bütün bu bacarıqların zirvəsində sarsılmaz vətənpərvərlik və dürüstlük dayanmalıdır. Dünyaca məşhur ingilis diplomatı və “diplomatiyanın müqəddəs kitabı” sayılan eyniadlı əsərin müəllifi Sir Harold Nikolsonun qeyd etdiyi kimi, həqiqi diplomatiya hər şeydən əvvəl dürüstlük, dəqiqlik və sarsılmaz təmkin üzərində qurulmalıdır.
Buna ən bariz nümunə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən ali dərəcəli diplomat kimi beynəlxalq aləmdə qazandığı nüfuzunu göstərmək olar. Dövlət başçısı və strateq kimi bütün dünya liderləri onun “sözünə sadiq rəhbər” olduğunu, verdiyi vədlərin arxasında durduğunu və dəyişməyən prinisipial mövqeyini dəfələrlə etiraf ediblər. Bu keyfiyyət müasir beynəlxalq münasibətlər sistemində bir dövlət xadimi üçün ən böyük diplomatik kapital hesab olunur. Çünki diplomatiya masasında ən kəskin arqument dövlətin gücü olsa da, ən etibarlı təməl liderin dürüst və dəyişməz mövqeyidir.
Azərbaycan diplomatiya tarixinə öz fəaliyyəti ilə silinməz izlər qoyan, dövlətinə və xalqına misilsiz töhfələr bəxş edən peşəkar diplomatlardan biri olan Vəfa Quluzadə, müstəqil xarici siyasət kursunun əsas memarlarından biri kimi yaddaşlara həkk olunub. Onun Rusiyanın imperiya maraqlarının pərdəarxası məqamlarını, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mürəkkəb danışıqlarda qabaqcadan sezməsi və Qərb istiqamətində strateji tərəfdaşlıqlar qurmaqla bu təzyiqləri balanslaşdırması milli maraqların qorunmasında əvəzsiz bir məktəb rolunu oynayır. Vəfa müəllimin nümayiş etdirdiyi uzaqgörənlik, regional geosiyasi oyunların daxili qatlarını analiz etmək baxımından bu gün də gənc diplomatlar üçün fundamental təcrübə mənbəyi sayılır.
Azərbaycan diplomatiya tarixinin ən parlaq simalarından biri də hər kəsin sevgisini qazanmış və ölkəmizdə böyük nüfuz sahibi olan professor Hafiz Paşayevdir O, Azərbaycanın müstəqillik tarixinin ən kritik dövrlərindən birində (1992–2006) ölkəmizin ABŞ-dakı ilk Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsini icra etmişdir. Hafiz Paşayevin Azərbaycanın ABŞ-da beynəlxalq səviyyədə tanınmasında, 907-ci düzəliş kimi çətin maneələrin aradan qaldırılması istiqamətində apardığı işlər və strateji enerji layihələrinin (xüsusilə Bakı-Tbilisi-Ceyhan) Vaşinqton tərəfindən dəstəklənməsində müstəsna xidmətləri vardır. Onun Azərbaycan-ABŞ münasibətlərini və şəxsi diplomatik təcrübəsini əks etdirən ‘Bir səfirin manifesti’ kitabı isə bu sahədə çalışan mütəxəssislər və diplomatlar üçün mühüm elmi və praktik dərslik mahiyyəti daşıyır.
Azərbaycanın müasir xarici siyasət məktəbinin formalaşmasında müstəsna xidmətləri olan və yüksək peşəkarlığı ilə seçilən görkəmli simalardan biri də keçmiş xarici işlər naziri və səfir Tofiq Zülfüqarovdur. T. Zülfüqarov diplomatiya tariximizdə hər şeydən əvvəl öz sarsılmaz prinsiplərinə sadiqliyi ilə tanınır. Xüsusilə, 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində danışıqlar prosesində Azərbaycanın milli maraqlarına zidd olan bəndlərə kəskin etiraz edərək vəzifəsindən istefa verməsi, onun nə dərəcədə ləyaqətli, vətənpərvər və prinsipial bir mövqe sahibi olduğunun ən bariz göstəricisidir.
Diplomatik Etikanın Sərhəddi – Tarixi sübut edir ki, xalqın və dövlətin taleyində həlledici rol oynayan şəxsiyyətlər diplomatik fəaliyyətlə kommersiya maraqlarını heç vaxt eyni müstəvidə birləşdirmir. Peşəkar nüfuzun biznes imkanlarına qurban verildiyi mühitlərdən fərqli olaraq, Vəfa Quluzadə, Hafiz Paşayev və Tofiq Zülfüqarov kimi dövlət xadimləri öz fəaliyyətlərini müstəsna olaraq dövlətçilik ideallarına həsr etməklə seçilir. Onlar üçün diplomatiya, öz övladlarına dəbdəbəli həyat bəxş edən bir qazanc mənbəyi deyil, milli maraqların sərhədlərini qoruyan mənəvi, strateji və şərəf dolu bir missiyadır.
Həqiqətən də, “missiya adamı” ilə “mənfəət adamı” eyni kürsüdə heç zaman uzun müddət qala bilməz. Bu cür şəxsiyyətlərin xarakterindəki daxili bütövlük, onları qısa müddətli maddi mənfəətlərdən uzaq tutaraq tarixin yaddaşında təmənnasız dövlət adamı kimi saxlayır. Diplomatiyanı sadəcə “iş” kimi deyil, milli tale yüklü xidmət kimi qəbul edən həmin dövlət xadimləri, gələcək nəsillər üçün peşəkarlıq və dürüstlük simvoluna çevrilir.
Bu üç şəxsiyyətin mirası təkcə keçmişin uğuru deyil, həm də gələcəyin diplomatik qələbələri üçün ilham mənbəyi və real fəaliyyət modelidir.
Şəxsiyyət yoxsa Mənfəət – Bəzən diplomatik müstəvidə dövlət maraqlarını şəxsi biznes ambisiyaları ilə uzlaşdırmağa çalışan simalara rast gəlinsə də, bu cür təsadüfi fiqurların milli tale yüklü məsələlərdə öz mənəvi bütövlüyünü və prinsipiallığını qoruması qeyri mümkündür. Çünki hər addımda mənfəət və missiya arasında seçim etmək məcburiyyəti, şəxsiyyətin sarsılmaz prinsiplərini ucuz ehtirasların və xırda hesabların qarşısında aciz qoyur. Bu tip “vəzifəli tacirlər” xalqın yaddaşında heç vaxt ləyaqətli bir sima kimi yer almır, çünki biznesin “nə qazana bilərəm?” iştahası ilə diplomatiyanın “nəyi qorumalıyam?” andı fərqli qütblərə xidmət edir.
Milli maraqların başladığı yerdə şəxsi qazanc ehtirası, bir qayda olaraq, ağ bayraq qaldırmağa məhkumdur. Zira vətən sevgisi ilə gəlir faizi tamamilə fərqli dəyər ölçülərinə dayanır. Şəxsi mənfəətini dövlət möhürünün kölgəsində böyüdən məmur, fərdi maraqlarını milli hədəflərdən üstün tutmaqla öz mənəvi avtoritetini birdəfəlik itirir.
Belələri tarixin səhifələrindən silinməyə və gələcək nəsillərin yaddaşında daim lənətlə xatırlanmağa məhkumdur.
Həqiqi dövlət adamları və diplomatlar üçün ən böyük sərmayə isə bank hesablarındakı pulun məbləği deyil, onun sarsılmaz prinsipləri və sadiq qaldığı dövlətçilik idealları sayılır. Biznes maraqlarının əsirinə çevrilən diplomat və ya məmur, danışıqlar masasında rəqib qarşısında mənəvi baxımdan zəifləyir və öz ölkəsinin maraqlarını deyil, şəxsi kapitalının təhlükəsizliyini düşünməyə başlayır.
Sir Harold Nikolsona görə, bir diplomatın uğuru onun rəsmi bəyanatlarından çox, yaratdığı etimad mühiti və intellektual keyfiyyətləri ilə ölçülür. Bu prinsiplər sübut edir ki, diplomatik fəaliyyət sadəcə bir təmsilçilik deyil, dövlətin ləyaqətini qlobal miqyasda qoruyan ali bir peşədir. Çünki, etibarsız diplomat bir dəfə uduza bilər, lakin onun səhvinin əvəzini dövləti illərlə ödəmək məcburiyyətində qalar.
Müasir dövrün diplomatları klassik protokol qaydalarına sədaqət nümayiş etdirməklə yanaşı, həm də çevik bir “yumşaq güc” (soft power) mütəxəssisi olmalıdırlar.
Bu gün fəaliyyətin səmərəliliyi təkcə fundamental tarixi və hüquqi biliklərlə deyil, həmçinin rəqəmsal diplomatiya alətlərinə (Dövlətin mədəniyyətini, dəyərlərini və uğurlarını onlayn platformalar, sərgilər və sənədli filmlər vasitəsilə xarici ölkələrin vətəndaşlarına tanıtmaq, Sosial Media Diplomatiyası, Twiplomacy, müəyyən bir regionda baş verən hadisəyə sosial şəbəkələrin reaksiyasını ölçərək çevik siyasət müəyyən etmək və sairə) dərindən bələd olmaq və yüksək psixoloji dayanıqlılıqla ölçülür.
Əsl diplomat üçün milli maraqlar qlobal arenada təkcə müdafiə obyekti deyil, həm də inandırıcı bir doktrina şəklində təqdim olunmalı olan strateji hədəfdir. O, gərginliyin ən kəskin anında belə ünsiyyət körpülərini qorumağı bacaran siyasi moderator, eyni zamanda ölkəsinin iqtisadi potensialını xarici bazarlara inteqrasiya edən iqtisadi elçidir.
Xüsusilə yəhudi diplomatiya məktəbinə xas olan praqmatik iqtisadi intellektlə hərəkət edən bu missiyanın daşıyıcıları fəaliyyət göstərdiyi cəmiyyətin sosial-mədəni kodlarını peşəkar bir tədqiqatçı kimi bütün incəliklərinə qədər analiz edə bilir. Unutmaq olmaz ki, bir diplomatın masada qazandığı zəfər, bəzən orduların meydanda əldə etdiyi qələbədən daha böyük olur.
Cəmşid Sərdarlı
 



Xəbəri paylaş


 
 


Xəbər lenti