17 milyonluq tenderlərin 13 milyonu bir şirkətə verildi - Rəhbəri də keçmiş işçiləridir

 
18-02-2025, 13:07            103 dəfə baxılıb
…Vəzifədə qohumbazlıq və dostbazlıq görmüşdük, amma tenderdə bu halı indi görürük. Budur, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 2024-cü ildə keçirdiyi 24 tenderin böyük hissəsinin bir ərköyün şirkət tərəfindən udulub. Bəs bu necə baş verib? Doğrudanmı başqa daha sərfəli şərtlər irəli sürən şirkət olmayıb? 
Tezadlar.az İqtisadiyyat Nazirliyi yanında Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi portalına və illik hesabatına istinadla bildirir ki, 17,8 milyon manatlıq satınalmalar üzrə müqavilələrinin 5-i “AVAZ GROUP” MMC ilə bağlanıb. Belə ki, açıq mənbələrdən aydın görünür ki, AQTİ təkcə  5 müsabiqə üzrə 17,8 milyon manatlıq pulun 13 milyon 313 min 40 manatını və ya 75 faizini bu şirkətə həvalə edib. Bu məbləğlər isə AQTİ “Avaz Group”dan yalnız laboratoriya avadanlığı və bəzi reaktivlər alıb. Vergilər Nazirliyinin reyesterində qeyd edilib ki, “Avaz Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Mədət Sadıqov adlı şəxsdir. Və şirkət 25 yanvar 2007-ci il tarixində Sadiq Ərzuman oğlu Məmmədov tərəfindən yaradılıb. Lakin sonradan şirkətin qanuni təmsilçisi dəyişdirilib və onun başına AQTA-nın rəhbəri Qoşqar Təhməzlinin öz şirkəti olan “Medeks”dəki işçisi Mədət Sadıqov gətirlib. Bildirilib ki, Sadiq Məmmədov məhz Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilib. Lakin 2023-cü ildə vəzifəsindən azad edilib. Hazırda onun “Avaz Group”un idarəçiliyini həyata keçirdiyi deyilir.
AQTİ-nin həyata keçirdiyi maraqlı tenderlər sırasında isə avtomobil həvəskarlığı diqqəti çəkir. Belə ki, bu qurum bir ilin içində 655 min 500 manatlıq avtomobillər alıb. Onlardan 4-ü “LEXUS-BAKI” MMC-dən alınıb. Bu sedan tipli maşınlara AQTİ 448.800 min manat xərcləyib. İkinci tender isə “TOYOTA ABSHERON MERKEZI” MMC-nin “bəxtinə” düşüb. 3 avtomobilin alınmasına 206.700 manat sərf olunub.
İndi oğul lazımdır bu tender dost tərəfkeşliyinin fəlsəfəsini araşdırıb ortaya əsl məqsədləri qoysun. Axı hamı bilir ki, tender vəsaitləri dövlət büdcəsinin vəsaitlərindən qidalanır. Və o vəsaitlərin təkcə ötən il büdcədə oturmuş 840 milyon manatı cərimələrdən formalaşıb. O cərimələr ki, kasıb- kusubun ailə büdcəsindən çıxarılıb. Elə isə, sual yaranır: sürücülərin avtocərimələrindən yığılan pullar niyə kimlərinsə bahalı avtomobillərində ifadə edilməlidir?







Xəbəri paylaş


 
 


Xəbər lenti