Yasamaldakı 98 nömrəli bağçada uşaqlar hansı virusa yoluxub?

 
Dünən, 12:15            58 dəfə baxılıb
Yasamal rayonu ərazisində yerləşən 98 nömrəli körpələr evi-uşaq bağçasında azyaşlıların səhhəti qəfil pisləşib. Musavat.com xəbər verir ki, hadisə dekabrın 12-də uşaqlar bağçadan evə gedəndən sonra baş verib.
4-5 yaş arasında olan uşaqların olduğu qrupdakı azyaşlılarda baş və qarın nahiyələrində kəskin ağrılar, həmçinin yüksək qızdırma, qusma, ishal, halsızlıq və digər bu kimi hallar qeydə alınıb.
Onlardan birinin vəziyyəti xüsusilə pis olub. Həmin uşaq evdə təcili tibbi yardım aldıqdan sonra Yasamal rayonu ərazisindəki 13 nömrəli uşaq poliklinikasına, oradan da Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına aparılıb.
Daha sonra azyaşlının müayinə və müalicəsi adıçəkilən poliklinika və xəstəxananın həkimlərinin nəzarəti ilə davam etdirilib. Onun səhhəti hazırda normaldır.
İlkin məlumata görə, uşaqlar arasında qeydə alınan bu hal onların mədə-bağırsaq sisteminə virusun keçməsi ilə bağlı olub. Lakin virusun mənbəyi hələlik məlum deyil.
Bildirildiyinə görə, hadisə ilə bağlı Yasamal rayonu üzrə dezinfeksiya idarəsinin əməkdaşları 98 nömrəli körpələr evi-uşaq bağçasında olublar. Onlar analiz aparmaq üçün bağçadan müvafiq nümunələr götürüblər. Amma hələlik analizlərin nəticələrinin bəlli olmadığı deyilir.
Mövzu ilə bağlı araşdırmanı davam etdirəcək, müvafiq qurumların qeyd olunan halla bağlı araşdırmalarının nəticəsini diqqətinizə çatdırmağa çalışacağıq.





Xəbəri paylaş


 
 


Xəbər lenti