Ramiz Mehdiyevin kürəkəninin “sürtülmüş” iddiası yenidən məhkəmədə

 
19-02-2025, 13:14            86 dəfə baxılıb
“Bir daha İnam Kərimova müraciət edirəm, xahiş edirəm ki, Ramiz Mehdiyevin kürəkəni İlhamın məhkəmələrə müraciət hüququndan, ümumiyyətlə, hüquqdan sui-istifadə etməsinin qarşısını alsınlar. Bu adamın verdiyi vəsatətlər, iddilar parçadan olsaydı, çoxdan sürtülüb əldən çıxardı. Hər dəfə əsassız, vaxtı ötürülmüş məsələni şikayətlərinə əlavə edib məhkəməyə təqdim edirlər. Məqsədləri mənim bağlarımı bacardıqları qədər nəzarətdə saxlamaq, meyvələri satıb qazancı ciblərinə qoymaqdır” – şabranlı sahibkar Mansur İbrahimov belə deyir.
Onun sözlərinə görə, Mehdiyevin kürəkəni artıq 5-ci dəfədir ki, eyni mahiyyətli iddia ilə çıxış edir:
“Hər dəfə yeni bir vəsatət verib vaxtı uzadırlar. Bunların verdikləri sürtülmüş, məhkəmələrdə dəfələrlə baxılmış iddiaya yenidən baxılana kimi proses dayandırılır. Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidli dəfələrlə baxılıb rədd edilmiş, sırf vaxt uzatmağa hesablanan sürtülmüş iddianı baxılmamış saxlamışdı. Apellyasiya instansiyasına müraciət etdilər. İş yenidən Sumqayıt Kommersiya Məhkəməsinə qaytarıldı, yenə də hakim Fərman Həmidlinin icraatına verildi. Bu dəfə də hakimə etiraz verdilər”.
Mansur İbrahimov deyir ki, qarşı tərəfin hüquqdan sui-istifadə etməsinə, eyni mahiyyətli iddia və şikayətlərlə müraciətlərinə etiraz ediblər.
Mansur İbrahimov məhkəməyə ünvanladığı müraciəti təqdim edib.
Həmin müraciətdə deyilir:
“Diqqətinizə çatdırırıq ki, iddiaçı (İ.Əliyev) cavabdeh arasında qeyd edilən torpaq sahəsi ilə bağlı 2020-ci ildən mübahisə mövcuddur. Bu iş üzrə cavabdeh Mansur İbrahimov 2020-ci iyul ayından qaldırdığı iddia üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-29/2022 saylı, 25.07.2022-ci il tarixli qətnaməsi, Azərbaycan respublikasının Ali məhkəməsinin 2(102)-1447/2023 saylı, 03.05.2023-cü il tarixli qərarı, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1556/2023 saylı, 05.09.2023-cü il tarixli qərardadı və Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-238/2024 saylı, 04.07.2024-cü il tarixli qətnaməsi mövcuddur. İddiaçı iddiada qeyd etdiklərini həmin məhkəmələrdə Mansur İbrahimovun iddiasına verdikləri etirazlarda, eləcə də hüquq-mühafizə orqanlarındakı ifadələrində də səsləndirib. Göründüyü kimi, iddiaçı “Turaz” MMC nədənsə 04.11.2024-cü il tarixdə iddia ilə müraciət edib. Yəni müqavilənin üzərindən tam olaraq 8 il 6 ay keçdikdən sonra məhkəməyə müraciət edib.
Halbuki, iddiaçı ilə cavabdeh arasında 6 ildir məhkəmə çəkişmələri gedir. İddiaçı Mansur İbrahimov 06 noyabr 2020-ci il tarixdə cavabdeh “Turaz” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qeyd edilən müqavilələrə istinad edərək iddia qaldırmış Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(031)-29/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilib. Göründüyü kimi, hazırkı iş üzrə iddia tələbinin rədd edilməsi əsasları əqdin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik kəsici müddətin ötürülmüş, əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilib. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi də mövcuddur.
Məhkəmənin nəzərinə çatdırmaq istədiyimiz digər məqam isə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasıdır. Belə ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddiaçı etibarsızlığını tələb etdiyi müqavilərdə tərəf olmadığından iddianın verilməsi üçün subyektiv hüquqa malik deyil. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı yalnız alqı-satqı müqavilələrindən və iddia ərizəsində qeyd etdiyi təxmini iki absazlıq cümlələrdən ibarətdir. İddiaçı iddia edir ki, həmin torpaq sahələri əslində “Turaz” MMC üçün alınıb.
Bu torpaq sahələri əslində MMC-nin mülkiyyətidir. Lakin sözügedən alqı-satqı müqavilələrində həmin torpaq sahəsinin “Turaz” MMC üçün əldə edilməsi barədə heç bir müddəaya rast gəlinmir. Yəni ki, iddiaçı adıçəkilən alqı-satqı müqaviləsinin tərəfi olmadığından, ondan irəli gələn hər hansı subyektiv hüquqa da malik deyil”.
Vəkil bütün bunların nəzərə alınaraq iddianın rədd edilməsi barədə məhkəmə aktı qəbulunu xahiş edib.
Mansur İbrahimov bir daha Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova da müraciət edərək qarşı tərəfin məhkəməyə əsassız, hüquqdan sui-istifadə etməklə müraciətlərinin qarşısının alınması üçün müvafiq göstərişlər verilməsini, işin şəxsi nəzarətə götürülməsini də xahiş edib.

Musavat.com





Xəbəri paylaş


 
 


Xəbər lenti