Ermənistan özünü PUSQUYA SALDI - Bakının Qərbi Zəngəzura yolu açılır

 
17-06-2022, 13:44            60 dəfə baxılıb

"Təhlükəsizlik amilinin bir neçə aspektinin də ciddi zədələnərək son zamanlar beynəlxalq münasibətlər sistemində baş verən hadisələr bizə tam əsas verir ki, müasir qlobal nizamın böhran içində olduğunu aydın görək. Bunu daha da mənfi istiqamətə yönəldən hal dünya düzəninin hələ də dominant aktoru hesab olunan dövlətlər arasında dialoqun itməsi, konsensusun olmamasıdır".

Bunu milli.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Zəngəzur dəhlizi məsələsi həll edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq:

"Sürətlə dəyişən dünya nizamında nəinki müasir çağırışlara çevik reaksiya verən, hətta bəşəriyyətin ciddi sınağının astanasında dayanan qlobal təhdidlərinə proaktiv yanaşma ortaya qoyan Prezident İlham Əliyev iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda 50-dən çox ölkədən yüksək səviyyəli nümayəndənin iştirak etdiyi IX Qlobal Bakı Forumunda məhz bu mürəkkəb və kompleks məsələlərin həllinə dar deyil, geniş spektrdan yanaşma otaya qoyaraq vurğuladı ki, "dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik".
Ətraflı

Əsas diqqəti müharibədən sonra Ermənistan-Azərbaycan münasibətlərinin necə normallaşa biləcəyinə çəkən dövlət başçımız bu məsələdə indiki və bundan sonrakı məqamda Azərbaycanın strateji yol xəritəsinin hansı detallardan ibarət olduğunu açıqladı. Ən önəmlisi isə bütün bu məsələləri elə Ermənistanın işğal dövründə yol vermiş olduğu tarixi faktlar, müharibədən sonra götürdüyü öhdəliklərdən hər vəchlə yayınması üzərindən işıqlandırdı. Tarix sübut edib ki, keçmişdə mövcud olan münaqişələr alovlandırıldıqda daha ciddi, baha başa gələn və nəticəsi ağır fəsadlarla dolu ola bilər. Odur ki, Ermənistanın status iddiaları, revanşist bəyanatları və heç bir tarixi, hüquqi, siyasi əsası olmayan tələbləri regional sülh və təhlükəsizliyi ciddi sual altına sala bilər.

Hələ də dünyanın, bizim situasiyamızda isə regionun "sülh dividendlərindən" yararlanacağına ümid genişdir. Bu baxımdan da uzunmüddətli münaqişəyə son verən Azərbaycanın qısa müddət ərzində sülh təklifi Ermənistan üçün unikal, tarixi şansdır. Dövlət başçımızın da qeyd etdiyi kimi Qarabağ münaqişəsinin həlli regionda təhlükəsizlik və sülh üçün unikal bir fürsətdir. Azərbaycanın əsas məqsədi regionumuzu sabit, dayanıqlı və inkişaf modeli üzərində qurmaqdır.

Ümumi dünya təcrübəsi sübut edir ki, ortaq iqtisadi layihələrə cəlb olunan dövlətlər münaqişə ocaqlarının tərəfi olmaqdan, mümkün hərbi eskalasiyalardan çəkinirlər. Bu reallığı aydın dərk edən dövlət başçımız bildirir ki, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Bunu Ermənistan da aydın dərk etməlidir. Dövlət başçımızın da ifadə etdiyi kimi bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.

Multikultural dəyərləri nəinki dövlət siyasətinin prioritet istiqaməti kimi, bununla yanaşı həyat tərzi kimi müəyyənləşdirən Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin də hüquqlarının və təhlükəsizliyinin nəzərə alınacağını bildirir və bunu tam şəkildə dəstəkləyir. Buna baxmayaraq dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsi Ermənistan üçün nəticəsiz və səmərəsizdir.

Azərbaycanın bu təklifləri daimi masa üzərində qalmayacaq. Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası mövcuddur. Birincisi, ona görə ki, Azərbaycan müharibədə zəfər əldə etdi, Ermənistan isə məğlub ölkə kimi imza çəkdiyi öhdəlikləri yerinə yetirməlidir. İkinici isə Azərbaycanın bu məsələdə tarixi, siyasi, hüquqi, mənəvi bütün arqumentləri tam əsaslıdır. Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da olmalıdır".

Təhməz Əsədov



Xəbəri paylaş


 
 


Xəbər lenti