İsrail Suriyada qazandı, yoxsa uduzdu? – MOSSAD-ın hesabatı: “Türkiyə İsrail üçün İrandan daha təhlükəlidir”
25-12-2024, 12:18 134 dəfə baxılıb
Suriyada Əsəd rejiminin devrilməsinin İsrailin lehinə, yaxud əleyhinə olması ciddi müzakirə predmetinə çevrilib. Rusiya Prezidenti Putin yəhudi dövlətinin bu olaylardan qazanclı çıxdığını söyləyir. Heç şübhəsiz, məsələnin mahiyyətini dəqiqliyi ilə İsrailin müvafiq dövlət orqanları bilir.
İki mühüm dövlət qurumunun mətbuatda yer alan məlumatlarına diqqət yetirək: Bunlardan birincisi MOSSAD-ın hesabatıdır. Hesabatda qeyd olunur ki, Türkiyə İsrail üçün İrandan daha təhlükəli rəqibdir. Deməli, Suriyanın İrandan qopub, Türkiyənin yanında yer alması da İsrail baxımından böyük problemdir.
Müxaliflərin Şamda hakimiyyəti götürməsindən bir gün sonra isə İsrail Müdafiə Naziliyindəki mənbələrin mətbuata açıqlamaları oldu. Həmin məlumatlara görə, Suriyada zəif Əsəd rejiminin qalması İsrail üçün ideal variant idi. Türkiyə dəstəkli müxaliflərin hakimiyyətə gəlməsinin Təl-Əviv üçün ciddi problemlər yaradacağı da verilən məlumatlar arasındadır.
Rejim devrilənə qədər Suriyada İsrailin bütün tələblərini yerinə yetirən Bəşər Əsəd və yəhudi dövlətinin Suriyadakı bütün hərəkətlərinə “yaşıl işıq” yandıran Rusiya var idi.
Rejimin çökməsi ilə İsrailə sərf edən məzhəkə də bitmiş oldu. Baş verən hadisələrlə bağlı İsrail daxilində yaşanan əndişələr bu dövlətin ən ünlü nəşrlərindən olan ˝Yerusəlim Post˝ qəzetinin səhifələrinə daşınıb.
˝Türkiyə İsrailin yeni qonşusu oldu˝ başlıqlı yazıda Rəcəb Tayyib Ərdoğanın ˝Liviyaya, Qarabağa necə girdiksə, İsrailə də elə girərik˝ cümləsi yazıda yenidən qabardılıb. Bu cümlənin reallaşmağa yaxın və əndişəverici olduğunun altı cızılır.
Məqalədə vurğulanır ki, Tükiyə dəstəkli müxaliflərin Şama yerləşməsindən sonra Suriyanın şimalındakı kürd separatçıları ağır durumla üzləşib və Təl – Əvivdən yardım istəyirlər.
˝İsrail dövləti kürd müttəfiqlərimizə yardım üçün müttəfiqlərimizlə birlikdə real adımlar üzərində çalışır˝, deyə yazıda bildirilir.
Heç şübhəsiz, Əsəd rejiminin devrilməsində İsrailin də müəyyən qazancları var. İranın Suriyadan çəkilməsi ilə Livan “Hizbullah”ı təchizatsız qaldı. Colani hakimiyyəti təkcə qurudan dəstəyi deyil, həm də İranın Suriya üzərindən Livana bütün uçuşlarını qadağan edib. İsrailin Suriyada ikinci qazancı yeni torpaqların işğalıdır. Əslində bu, ilk baxışda qazanc kimi görünsə də, problemli qərardır. Yəhudi dövləti Qolan təpələri ətəklərində druzların yaşadığı əraziləri nəzarət altına alır.
B. Netanyahu ˝Tutduğumuz Qolan əraziləri əbədi olaraq İsrail torpaqları olacaq˝ desə də, M.Colani ˝Qolan torpaqlarını İsraildən geri alacağıq˝ bəyanatını verib. Hələlik Suriya çox zəifdir, İsrailin yeni işğallarına reaksiya verə bilmir. Lakin Türkiyə ilə strateji müttəfiq olan Suriyanın qısa müddətdə ciddi hərbi potensiala sahib olacağı sual doğurmur. Həmin gün gəldiyində, İsrail ya işğal etdiyi Qolan təpələrindən çəkiləcək, ya da Türkiyə dəstəkli güclü Suriya ordusu ilə qaynar təmas qaçılmaz olacaq.Suriyada yeni hakimiyyətin qurulmasından sonra İsrailin ən böyük itkisi kürd separatizminin sonlanması və ˝Davud koridorunun˝ bağlanmasıdır.
Suriyanın şimalında PKK/YPG terrorçularını ən qızğın şəkildə dəstəkləyən ABŞ və İsraildir. Yəhudilər əsrlərdir ˝Vəd olunmuş torpaqlar və Böyük İsrail˝ xəyalları qururlar. Dəclə və Fərat çayları arasındakı vadini yəhudilər Allahın onlara vəd etdiyi torpaqlar sayır, Misirin şimalından tutmuş, Suriya və Livan əraziləri də daxil, Türkiyənin cənub şərqinə qədər geniş ərazidə “Böyük İsrail” qurmağa çalışırdılar. Kürd separatçıları bu planda yardımçı vasitə kimi istifadə olunurlar. Yəhudilərə ˝vəd olunmuş˝ vadidə, Fərat çayının sahillərində yerləşən kürd separatçı qurumu da addım-addım dağıdılır. Deməli, Böyük İsrail xəyalları da beşiyindəcə boğulur. Suriyanın Türkiyə ilə yanaşı dayanması, İraq neftini İsrailə daşımalı olan ˝Davud koridorunu˝ da bitirmiş olur.
Suriyada olan prosesin oxşarı Livanda da yaşanır. Livanın Baş naziri Nəcib Mikati Ankaraya səfəri zamanı dinləyənlərin böyük marağına səbəb olan açıqlama verib. O deyib: ˝Göydə Allaha, yerdə isə müttəfiqlərimizə və xüsusi ilə Türkiyəyə güvənirik˝.
Hər iki ölkə lideri bütün sahələrdə, o cümlədən həbi quruculuq sahəsində ciddi əməkdaşlıq barədə razılıq əldə edib. Türkiyənin müasir müdafiə sistemlərinin Livanda yerləşdirilməsi, Türkiyə – Livan hərbi strateji işbirliyini meydana çıxaracaq. Yəni, Türkiyə Suriyada olduğu kimi Livanda da İsrailin qonşusu olmağa hazırlaşır.
İsrail yaradıldığı gündən müharibə edən dövlətdir. Bu dövlətin mövcudluğunu təmin edən əsas faktorlardan biri (bəlkə də birincisi) ˝düşmənlərlə çevrələnmişik˝ ideologiyasıdır. Yəhudi ideoloqlarının beyinlərində ˝düşmənlərimizi yenmək üçün genişlənməliyik˝ fikirləri hakimdir. Genişlənmənin və ˝Böyük İsrail˝ yaratmanın ilkin hədəfləri Livan və Suriyadır. Coğrafiya belədir.
Ən müxtəlif səbəblər ucbatından İsrailin daha çox əzdiyi və bombaladığı iki ölkə də məhz Livan və Suriyadır. Heç şübhəsiz, hər iki ölkənin Türkiyəni arxalarına almaları, İsrailin bu ölkələrə yönəlik ˝Əz, bombala, işğal et˝ siyasətini sonlandıracaq. Dövlət Baxçalının ˝İsrail Qüdsdə tıxanıb qalacaq˝ bəyanatı da yəhudi genişlənməsinin sonunun elanıdır.
Sahədə baş verənlərdən çıxan nəticə belədir. İran İsrail üçün proksi düşmənlər yaradır, yəhudi dövləti də bu düşmənləri əzərək genişlənirdi. Türkiyə isə həm Suriyanı, həm də Livanı yanına alaraq, İsrail üçün ˝həm düşmən, həm də fürsət˝ olan proksi oyunlarını aradan qaldıracağının siqnalını verir. Düşmən yoxdursa, genişlənmə də yoxdur, ˝Böyük İsrail˝ xəyalı da yoxdur, ˝Davud koridoru˝ da yoxdur. Tam əksinə, zərərli xülyalardan ayrılıb, qanuni sərhədləri çərçivəsində normal və təhlükəsizliyi təmin olunmuş İsrail dövləti qurmaq şansı var.
Türkiyənin təbii marağı da regionu qanlı savaşlardan arındırıb, Böyük Orta Doğunu böyük proyektlərin və böyük iqtisadiyyatın məkanına çevirməkdir. /azpolitika.info
Xəbəri paylaş