Tahir Kərimlinin seçkilərdəki rəqibinə məxsus olduğu bildirilən şirkət məhkəmə qarşısında: Ölkədən pul çıxarılıb, geri qaytarılmayıb

 
25-12-2024, 13:00            109 dəfə baxılıb
"AZERTÜRK-XXI.TTC.SAN" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
 
Pravda.az-ın xəbərinə görə, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Aytəkin İbrahimovanın sədrliyi ilə dekabrın 29-da baxılacaq.
 
Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi İlyaz Ayaz oğlu Qocamanovdur. MMC-nin deputatlığa sabiq namizəd Ayaz Qocamanova məxsus olduğu bildirilir. A.Qocamanov 2020-ci ildə keçirilən parlament seçkilərində 90 saylı Ağsu seçki dairəsi üzrə əsas namizədlərdən olan Vəhdət Partiyasının sədri Tahir Kərimlinin rəqibi olub.
 
Deputatlığa sabiq namizədin digər şirkətinə də cərimə protokolu yazılıb. Ona məxsus olan "Mak.Go Global" MMC barəsində tərtib olunan protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazılıb. İşə hazırda məhkəmədə baxılmaqdadır.
 



Xəbəri paylaş


 
 


Xəbər lenti