Tarix yazan lider

 
23-12-2024, 12:51            99 dəfə baxılıb
Ali Baş Komandan İlham Əliyev: “Biz tarixi ədaləti bərpa etdik!”
24 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti xalqımız tərəfindən milli maraqlarımızın qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca əhəmiyyətlidir.
Ölkəmizə başçılıq etdiyi bütün illər ərzində Prezidentin uğurlu daxili və xarici siyasəti Azərbaycanın rifahına xidmət edib. Xüsusən, 2020-ci il Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətinin ən parlaq zirvəsi oldu. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bu böyük qələbə ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Vətən Müharibəsi Xalq-Prezident birliyinin bir daha təsdiqinə çevrildi. Bütün dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi.
Azərbaycanın üçrəngli bayrağı azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. Sentyabrın 20-də keçirilmiş bir günlük antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa olundu. “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik”- deyə Ali Baş Komandan qeyd etdi.
2023-ci il oktyabrın 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndidə dalğalandı, şəhərin inzibati binasının üzərinə isə gerbimiz həkk edildi.
   2024-cü ilin noyabr ayında Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada bir daha nüfuzunun artmasına səbəb oldu.Prezident İlham Əliyev işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.
 
Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və qurub-yaratdıqlarını nəinki inkişaf etdirir, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir.
Bir sahibkar olaraq Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edir və ölkəmizin firavan və sülh şəraitində yaşaması üçün fəaliyyətində uğurlar arzulayıram.Uca Allah cənab Prezidenti və Azərbaycan xalqını qorusun!
   

       Mailə İsmayılova

102 №-li tam orta məktəbin direktoru







Xəbəri paylaş


 
 


Xəbər lenti