Sabiq məmur övladlarının milyonluq sərvəti üzə çıxdı: araşdırma başlayır?
Bu gün, 11:21
Sabiq məmurların övladlarının xaricdəki milyonluq biznes və əmlakları yenidən gündəmə gəlib. Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun qızı Safiyə Möhbalıyevanın Dubayda 1500 kvadratmetrlik, içindəki məhsulların dəyəri 3 milyon dollardan çox qiymətləndirilən mağaza açdığı bildirilir. Bundan əvvəl AZAL-ın sabiq rəhbəri Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Nyu-Yorkda 7,5 milyon dollarlıq kommersiya əmlakı aldığı barədə məlumat yayılmışdı.Sabiq məmurların övladları niyə milyonlarla dolları xaricdə biznesə və daşınmaz əmlaka yatırırlar? Bu sərvətlərin xaricə yönəlməsinin əsas səbəbi nədir? Sabiq məmur övladlarının sərvəti araşdırılmalıdırmı?
Hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda kiminsə əmlakının, sərvətinin mənbəyi barədə soruşmaq mümkün deyil:
“Bunun əsas səbəblərindən biri 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların təminatı haqqında” Konstitusiya qanunudur. Həmin qanuna əsasən, şəxsdən əmlakının mənbəyi ilə bağlı məlumat tələb etmək mümkün deyil. Düzdür, sonradan çirkli pulların yuyulmasının qarşısının alınması və digər məsələlərlə bağlı beynəlxalq standartlara uyğun bir sıra qanunvericilik aktları qəbul edilib. Məsələn, müəyyən hallarda hər hansı əmlak və ya vəsait əldə edilərkən şəxsdən onun mənbəyi barədə məlumat istənilə bilər. Lakin Azərbaycanda həmin məlumatları yoxlamaq imkanları məhduddur. Çünki ölkədə gəlir bəyannaməsi institutu faktiki olaraq fəaliyyət göstərmir. Əksər ölkələrdə gəlir bəyannaməsi ilə bağlı qanunvericilik mövcuddur və bu sistem işləyir. Məmurlar, onların ailə üzvləri, bir sıra ölkələrdə isə bütün vətəndaşlar müəyyən dövrlərdə gəlirlərini və əmlaklarını bəyan edirlər. Şəxs il ərzində əldə etdiyi gəlirləri, sahib olduğu əmlakı və digər məlumatları bəyannamədə göstərir”.

Əkrəm Həsənov
Hüquqşünas bildirib ki, belə bir sistem fəaliyyət göstərdikdə, şəxs sonradan hər hansı əmlak əldə etdikdə ondan bunun hansı vəsait hesabına alındığı soruşula bilər:
“Çünki həmin əmlak əvvəlki bəyannamədə göstərilməyibsə, onun mənbəyi ilə bağlı sual yaranır. Azərbaycanda isə 2005-ci ildə məmurların və onların ailə üzvlərinin ildə bir dəfə gəlirlərini bəyan etməsini nəzərdə tutan qanun qəbul edilib. Həmçinin Azərbaycand bu sahə üzrə BMT-nin müvafiq konvensiyasına qoşulub. Lakin həmin qanun bu günədək faktiki olaraq işləmir. Çünki Prezident 2005-ci ildə Nazirlər Kabinetinə iki ay ərzində bəyannamə formasını təsdiq etmək barədə tapşırıq versə də, 21 il ərzində həmin forma təsdiq edilməyib. Hətta mən üç il əvvəl özüm Baş nazirə məktub yazaraq həmin bəyannamə formasını hazırlayıb göndərdim və təsdiq olunmasını xahiş etdim. Məktubda sonda qeyd etdim ki, bu formanın təsdiq edilməməsi cəmiyyətdə Nazirlər Kabinetinin Azərbaycanda korrupsiyaya qarşı mübarizədə maraqlı olmadığı barədə rəy formalaşdırır. Çünki korrupsiyaya qarşı mübarizənin əsas mexanizmlərindən biri məmurların gəlirlərini bəyan etməsidir. Təəssüf ki, bizdə bu sistem işləmir”.
Ə.Həsənov qeyd edib ki, adi vətəndaş bankda xarici valyuta alanda, əmlak və ya avtomobil əldə edəndə ondan vəsaitin mənbəyi barədə məlumat tələb olunur:
“Lakin məmurlar və onların ailə üzvləri ilə bağlı eyni mexanizm tətbiq edilmir. Nəticədə onların əmlakının və gəlirlərinin mənbəyini müəyyənləşdirmək çətinləşir. Məmurların və ya onların ailə üzvlərinin korrupsiya və rüşvət yolu ilə əldə etdikləri vəsait hesabına xaricdə əmlak aldıqları halların olduğunu düşünürəm. Çünki Azərbaycanda əldə edilən vəsaiti ölkə daxilində saxlamaq istəməyən şəxslər onu xaricə çıxara bilərlər. Xüsusilə vəzifədən azad edilən şəxslərlə bağlı sonradan istintaq araşdırmalarının aparılması bunu göstərir.
Hesab edirəm ki, istənilən dövlət qurumunda araşdırma aparılarsa, müxtəlif qanun pozuntuları, o cümlədən tenderlərin keçirilməsi, vəsaitlərin xərclənməsi və digər məsələlərlə bağlı problemlər aşkar etmək mümkündür. Bizdə belə bir yanaşma formalaşıb ki, şəxs vəzifədən azad edildikdən sonra onun fəaliyyəti və gəlirləri araşdırılır, qanunsuz əldə etdiyi hesab edilən əmlak və vəsaitlərə münasibətdə tədbirlər görülür. Bu səbəbdən bəzi məmurlar vəsaitlərini və əmlaklarını öz adlarına deyil, övladlarının adına rəsmiləşdirir, yaxud xaricdə yatırım edilir. Məqsəd isə vəzifədən azad edildikdən sonra həmin əmlak və vəsaitlərin itirilməsi riskindən yayınmaqdır”.
Qeyd edək ki, siyahıda sabiq SOCAR rəhbəri Rövnaq Abdullayevin oğlu Rəşad Abdullayevin Londonda 22,4 milyon dollarlıq mənzilə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun Londonda 17,35 milyon funt sterlinq dəyərində evə, Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun oğulları Seymur və Rza Talıbovların isə Dubayda ən azı 45 milyon dollar dəyərində 11 daşınmaz əmlaka sahib olduğu barədə məlumatlar da yer alıb./globalinfo.az
Xəbəri paylaş

























