“Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... - yəqin MIRT VURURLAR...
Bu gün, 09:25
“Landau School”un xadimə vakansiyası üçün paylaşdığı elan müzakirələrə səbəb olub. Elanda xadimənin övladlarının məktəbdə təhsil aldığı halda təhsil haqqına endirim ediləcəyi qeyd olunub. Lakin məktəbdə illik təhsil haqqının 9-10 min manat civarında olduğu nəzərə alınarsa, 600-700 manat əməkhaqqı alan xadimənin övladının bu imkandan real olaraq yararlanmasının nə dərəcədə mümkün olduğu sual doğurur.Bəs belə bir elan hansı məqsədlə hazırlanıb? İşəgötürənin vakansiya elanında bu cür şərtlər irəli sürməsi və real imkan kimi təqdim etməsi qanunvericilik baxımından hər hansı məsuliyyət yaradırmı?
Globalinfo.az-a danışan təhsil eksperti İlqar Orucov deyib ki, “Landau Schoo”un xadimə vəzifəsi üzrə iş elanında təqdim etdiyi təhsil güzəşti mahiyyət etibarilə müəssisənin daxili sosial loyallıq proqramı yaratması və əməkdaşlarına əlavə maddi üstünlüklər təqdim etməsi baxımından müsbət təşəbbüsdür:
“Lakin məktəbin illik təhsil haqqının 9-10 min manat civarında olması ilə həmin vəzifə üzrə təklif edilən 600-700 manatlıq əməkhaqqı arasında ciddi maliyyə fərqinin mövcudluğu bu korporativ yanaşmanın real tətbiqini praktik baxımdan çətinləşdirir və təbii olaraq cəmiyyətdə müzakirələrə yol açır. Hüquqi-normativ baxımdan yanaşdıqda isə qanunvericilik iş elanlarının və reklamların iş axtaranlar üçün aydın, reallığa uyğun və bütöv məlumat təqdim etməsini tələb edir. Bu baxımdan, icrası praktik olaraq çətin görünən şərtlərin iş elanında yer alması müəyyən hüquqi sualların da araşdırılmasını zəruri edir”.
Ekspertin fikrincə, aztəminatlı əməkdaşlar üçün özəl sektorda tam ödənişsiz və ya təqaüdlə təhsil proqramlarının təqdim edilməsi həm layihənin effektivliyini artırar, həm də şirkətin ictimai imicinə daha müsbət təsir göstərər:
“Fikrimcə, məhz qurumların öz əməkdaşlarına yönəlmiş bu kimi təşəbbüsləri, “Landau School” nümunəsində tam əlçatan olmasa belə, yaxşı nümunədir. Sadəcə, burada xüsusi kvotalar əsasında tam ödənişsiz təhsil imkanlarının yaradılması daha məqsədəuyğun olardı. Məsələn, Elm və Təhsil Nazirliyinin tabeliyində olan bəzi liseylər öz əməkdaşları üçün xüsusi güzəştli paketlər təklif edirlər. Belə güzəştlərin özəl və dövlət təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışan əməkdaşların övladlarına şamil edilməsi daha doğru olar”.
Məsələ ilə bağlı “Landau School”un mövqeyini təqdim etməyə hazırıq.
Xəbəri paylaş

























