İşıq pulu ödəmək əvəzinə işıqdan pul qazanacağıq – Azərbaycanda bu necə mümkün olacaq?
Bu gün, 10:55
Son illər dünyada enerji bazarında yeni tendensiyalardan biri artıq təkcə iri günəş elektrik stansiyalarının deyil, fərdi evlərin də elektrik istehsalçısına çevrilməsidir. İnsanlar evlərinin damında günəş panelləri quraşdıraraq həm öz elektrik tələbatlarını qarşılayır, həm də istifadə etmədikləri enerjini dövlət şəbəkəsinə ötürərək müəyyən gəlir əldə edirlər. Xüsusilə günəşli ölkələrdə bu model sürətlə yayılır və vətəndaş enerji istehlakçısından eyni zamanda istehsalçıya çevrilir.Məsələn, Özbəkistanda fərdi evlərdə quraşdırılan günəş panellərinin şəbəkəyə ötürdüyü artıq elektrikə görə vətəndaşlara dövlət tərəfindən ödəniş edilir. Avropanın bir sıra ölkələrində isə illərdir tətbiq olunan müxtəlif mexanizmlər ev təsərrüfatlarına istehsal etdikləri artıq enerjini şəbəkəyə satmaq imkanı verir.
Məsələn, Almaniyada fərdi günəş qurğularının istehsal etdiyi artıq elektrik şəbəkəyə ötürülə və bunun üçün qanunvericiliklə müəyyən edilmiş ödəniş əldə edilə bilər. Niderlandda isə ev təsərrüfatları şəbəkəyə verdikləri günəş enerjisini müəyyən şərtlərlə şəbəkədən istehlak etdikləri elektriklə əvəzləşdirə bilirlər. Avstraliyada da ev sahibləri artıq günəş enerjisini şəbəkəyə sataraq elektrik hesablarında kredit əldə edirlər. Ölkənin rəsmi statistikasına görə, 2024-25-ci illərdə damüstü günəş enerjisi Avstraliyanın ümumi elektrik istehsalının təxminən 8 faizini təşkil edib.
Maraqlı və bəlkə də bir çoxlarının bilmədiyi məqamlardan biri odur ki, Azərbaycanda da bu istiqamətdə hüquqi imkanlar yaradılıb. Fərdi evlərin sahibləri bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş panellərindən istifadə etməklə elektrik enerjisi istehsal edə, öz tələbatlarını ödədikdən sonra artıq enerjini elektrik şəbəkəsinə ötürə bilərlər.
Bəs maraqlıdır, Azərbaycanda bu imkan real gəlirə çevrilə bilərmi?

Bu barədə iqtisadçı Xalid Kərimli açıqlamasında bildirib ki, qanunvericilikdə aktiv istehlakçı anlayışı müəyyənləşdirilib və belə istehlakçıların istehsal etdikləri elektrik enerjisini satmaq hüququ nəzərdə tutulub: “Azərbaycanda da bunun üçün hüquqi imkan mövcuddur. “Elektroenergetika haqqında” qanunun 19.13-cü maddəsində aktiv istehlakçı anlayışı müəyyənləşdirilir və orada vətəndaşın istifadə etdiyi elektrik enerjisini satmaq hüququnun olduğu göstərilir. Yəni, qanunda həm aktiv istehlakçı müəyyənləşdirilir, həm də onun enerji satmaq hüququ təsbit olunur. Amma bu mexanizm hələ yoxdur ki, biz bu enerjini kimə və necə satacağıq. Mövcud qaydalarda bərpa olunan enerji mənbələrindən fiziki və hüquqi şəxslərin 150 kVt-a qədər enerji satmaq hüququ var”.
İqtisadçı qeyd edib ki, qanunvericilikdə bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi üçün qiymətlər də müəyyənləşdirilib. Onun sözlərinə görə, günəş enerjisi üzrə müəyyən edilən tarif ənənəvi mənbələrdən istehsal olunan elektrik enerjisinin tarifindən yüksəkdir: “Günəş panelindən istehsal olunan elektrik enerjisinin də alış qiyməti müəyyənləşdirilib. Günəş enerjisi üzrə bu tarif 8,05 qəpikdir. Kiçik su elektrik stansiyaları üzrə 7,01 qəpik, külək elektrik stansiyaları üzrə 7,03 qəpik, ənənəvi mənbələr üzrə isə 6,02 qəpik müəyyən edilib. Təsəvvür edin, ənənəvi mənbələrdən istehsal olunan elektrik enerjisi üçün 6,02 qəpik müəyyənləşdirildiyi halda, günəş enerjisi üçün bu rəqəm 8,05 qəpikdir. Yəni günəş enerjisinin alış qiyməti ənənəvi mənbələrdən istehsal olunan elektrik enerjisindən təxminən 38 faiz yüksəkdir. Bunun məqsədi bərpa olunan enerjiyə investisiyanı iqtisadi baxımdan daha cəlbedici etməkdir. Amma burada əsas problem mexanizmin tam formalaşmamasıdır. Burada söhbət dövlətin topdansatış alış qiymətlərindən gedir. Vətəndaşın ödədiyi pərakəndə tariflə dövlətin enerji alış qiymətini bir-birindən fərqləndirmək lazımdır. Artıq enerji şəbəkəyə ötürüldükdə onun hansı qaydada hesablanacağı və vətəndaşa ödənişin necə ediləcəyi ilə bağlı mexanizm dəqiq işləməlidir”.
Ekspert qeyd edib ki, hazırda Azərbaycanda iri günəş və külək enerjisi layihələri üzrə investisiyalar həyata keçirilir: “Günəş layihələrindən biri Masdar şirkəti, külək enerjisi layihəsi isə ACWA Power ilə bağlıdır. Bu layihələr çərçivəsində istehsal olunan elektrik enerjisi dövlətə müəyyən edilmiş tariflərlə satılır və dövlət tərəfindən alınır. Lakin fərdi vətəndaşların evlərində quraşdırdıqları günəş panellərindən istehsal olunan artıq enerjinin eyni qaydada satılması üçün ayrıca işlək mexanizm lazımdır. Azərbaycan qanunvericiliyində bunun üçün hüquqi əsaslar mövcuddur, lakin qanunun olması onun avtomatik şəkildə praktikada işləməsi demək deyil”.
“Özbəkistanda tətbiq olunan modelin Azərbaycanda da reallaşdırılması mümkündür. Burada əsas məqsəd vətəndaşı yalnız elektrik enerjisinin istehlakçısı deyil, həm də istehsalçısı vəziyyətinə gətirməkdir. Vətəndaş həm öz tələbatını günəş enerjisi hesabına qarşılayır, həm də artıq istehsal etdiyi enerjini şəbəkəyə ötürür. Dövlət isə həmin enerjini alaraq digər istehlakçılara təqdim edə bilər. Belə bir sistemin tətbiqi vətəndaşların günəş panellərinə investisiya qoymasını da stimullaşdıra bilər. Ancaq bunun üçün texniki infrastruktur, şəbəkəyə qoşulma və artıq enerjinin uçotu, hesablaşması və satışı ilə bağlı aydın qaydalar yaradılmalıdır. Akkumulyator sistemləri də bu prosesdə mühüm rol oynaya bilər. Fərdi evdə kiçik günəş elektrik stansiyasının yaradılması yalnız panelin alınmasından ibarət deyil. Bunun üçün avadanlığın qiyməti, quraşdırma xərcləri, şəbəkəyə qoşulma və sonrakı hesablaşma mexanizmi nəzərə alınmalıdır. Bu məsələlər həll edildikdən sonra vətəndaşın günəş enerjisindən həm qənaət, həm də əlavə gəlir əldə etməsi daha real ola bilər”, -deyə ekspert bildirib.
X. Kərimlinin sözlərinə görə, bu model ekoloji baxımdan da əlverişlidir: “Vətəndaşların bərpa olunan enerjiyə investisiyasının artması elektrik istehsalında təbii qazdan asılılığın müəyyən qədər azalmasına imkan verə bilər. Nəticədə qənaət olunan qazın digər istiqamətlərə, o cümlədən ixraca yönəldilməsi üçün imkan yarana bilər. Yəni vətəndaş öz elektrik tələbatının bir hissəsini günəş enerjisi hesabına qarşılayarsa, həm öz xərclərini azalda, həm də ümumi enerji sistemində bərpa olunan mənbələrin payının artmasına töhfə verə bilər. Bunun üçün isə hüquqi imkanla yanaşı, həmin hüququ praktikada reallaşdıracaq konkret və şəffaf mexanizm formalaşdırılmalıdır”./azpolitika.info
Xəbəri paylaş

























