Ölkə boyu total YOXLAMA: mənşəyi bilinməyən ətlər restoranlara necə daxil olur?
Bu gün, 14:39
“7500-ə yaxın yoxlama aparmışıq, 626 halda baytarlıq-sanitariya ekspertizasından keçməyən, mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlamışıq".Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin səsləndirdiyi bu rəqəmlər ictimai iaşə müəssisələrində istifadə olunan ətin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. AQTA-nın məlumatına görə, yoxlamalar zamanı 500 kiloqrama yaxın yararsız ət də dövriyyədən çıxarılıb.

Bəs restoran və kafelərə mənşəyi məlum olmayan, eləcə də at əti necə daxil olur? Yararsız ətin istehlakı insan sağlamlığı üçün hansı təhlükələri yaradır və belə halların qarşısını almaq üçün mövcud nəzarət mexanizmləri kifayət edirmi?
Qida üzrə ekspert İlkin Şirinov Musavat.com-a bildirib ki, ət və ət məhsullarının mütəmadi baytarlıq yoxlanışı, ekspertizası və nəzarəti yalnız rəsmi kəsim məntəqələrində həyata keçirilir: “Burada kəsilən heyvanlar mütləq qaydada laborator müayinələrdən və digər zəruri prosedurlardan keçirlər. At ətinin normal sanitar-gigiyenik normalara uyğun olaraq baytarlıq nəzarətindən keçirilməsi, müvafiq yoxlamaların aparılması və müsbət rəy verilməsi şərti ilə, öz adı altında satılmasında heç bir problem yoxdur. Lakin istehlakçıların aldadılması o zaman baş verir ki, at əti mal və ya dana əti adı altında təqdim olunur. Bu, artıq birbaşa istehlakçı hüquqlarının pozulmasıdır və belə hallarda heç bir qanuni normadan, düzgün yoxlamadan söhbət gedə bilməz”.

Onun sözlərinə görə, digər mühüm məsələ kafe və restoranlarda istifadə olunan ətlərin keyfiyyətidir: “Bu obyektlər müştərilərlə problem yaşamamaq üçün ət tədarükünü normal qaydada, etibarlı təchizatçılardan təmin etməlidirlər. Biz dəfələrlə qeyd edirik ki, artıq şəffaf mətbəx modelinə keçilməsinin zamanı yetişib. Restoranlarda şəffaf mətbəxlər qurulmalıdır ki, insanlar nə ilə qidalandıqlarını, hansı məhsullardan istifadə olunduğunu və yeməklərin hansı şəraitdə hazırlandığını rahatlıqla müşahidə edə bilsinlər. Bu gün insanları ən çox narahat edən və sual doğuran məsələ məhz mətbəxlərdəki qapalı mühitdir. Qapalı mətbəxlərdə yeməklərin necə hazırlanması, soyuducuların sanitar vəziyyəti və iaşə obyektlərinin sanitar-gigiyenik normalara cavab verməməsi haqlı müştəri narazılığına səbəb olur. Əgər şəffaf mətbəx mexanizmi tətbiq olunarsa və burada HACCP (təhlükəsizlik idarəetmə sistemləri) proqramları və nəzarət mexanizmləri tam formalaşarsa, restoranla müştəri arasında heç bir etibarsızlıq qalmaz”.
Ekspert qeyd edib ki, məhsulun keyfiyyətini yoxlamağın iki üsulu var: “Orqanoleptik (vizual) və laborator. Vizual baxış zamanı məhsulun rənginə, qoxusuna, konsistensiyasına (məsamələrinə) və xarici görünüşünə görə onun keyfiyyəti haqqında ilkin rəy yürütmək olar. Məsələn, tünd-şarı (göyümtül/bənövşəyi) rəngli ətlər çox vaxt qanunsuz kəsilmiş at əti kimi, zəfəran (sarımtıl) rəngli ətlər isə vaxtilə qızdırma və ya digər xəstəliklər keçirmiş heyvanların əti kimi qiymətləndirilir. İnsanlar arasında belə bir yanlış subyektiv fikir var: "Gözümlə gördümsə, deməli, təmizdir". Lakin unutmaq olmaz ki, gözünüzün qarşısında kəsilən hər heyvan sağlam demək deyil. Heyvanın hansısa infeksion xəstəliyin daşıyıcısı olub-olmamasını müəyyən etmək üçün mütləq baytar həkiminin rəyi və laborator müayinə şərtdir. Əks halda, heyvanlardan insanlara keçən təhlükəli zoonoz xəstəliklərə (bruselyoz, qarayara, dabaq və s.) yoluxma riski olduqca yüksəkdir”.
Onun fikrincə, bütün bu nəzarət prosesini yalnız dövlət qurumlarının (məsələn, AQTA-nın) üzərinə yıxmaq düzgün deyil: “Agentliyin əməkdaşları hər gün hər küçədə, kənddə və ya qəsəbədə gizli kəsilən heyvanları fiziki olaraq izləyə bilməzlər. Rəsmi iş saatı bitdikdən sonra – axşam saatlarında, gecə yarısı və ya səhərə yaxın həyətlərdə qanunsuz kəsimlər həyata keçirilir ki, bu vaxt da reyd qruplarının hər nöqtədə olması qeyri-mümkündür. Bu səbəbdən cəmiyyətdə ictimai nəzarət mexanizmi formalaşmalıdır. İstehlakçılar haradan ət aldıqlarına diqqət etməli, baytarlıq şəhadətnaməsi və möhürü olmayan, mənşəyi məlum olmayan ətləri almaqdan imtina etməlidirlər. Dövlət nəzarəti ilə yanaşı, vətəndaşların da bu məsələdə məsuliyyətli olması və öz sağlamlıqlarını qoruması şərtdir”.
Xəbəri paylaş


























