Rusiyaya belə sataşan olmamışdı - o bölgəni xəritədən sildilər - FOTO

 
Dünən, 11:43           
Moldovanın yeni inzibati xəritəsində Dnestryanı bölgə göstərilmədi – Kişinyov ölkənin ərazi bütövlüyünü bərpa etmədən Avropa İttifaqına inteqrasiya yolunu seçir
Moldovanın yeni inzibati-ərazi xəritəsində Dnestryanı bölgənin faktiki olaraq ölkənin inzibati strukturundan kənarda saxlanılması ciddi siyasi müzakirələrə səbəb olub. Söhbət 1992-ci ildən Kişinyovun faktiki nəzarətindən kənarda olan və ərazisində Rusiya hərbçilərinin yerləşdiyi separatçı rejimdən gedir.
Musavat.com "Nezavisimaya qazeta"ya istinadən xəbər verir ki, yeni xəritədə Dnestryanı bölgə rəngli ərazi kimi göstərilməyib, yalnız xəritənin yuxarı sağ hissəsində şəffaf punktirlə işarələnib.
Bu detal Moldovada hakimiyyətin ölkənin gələcəyi ilə bağlı siyasəti barədə suallar yaradıb. Moldova Sosialistlər Partiyasının deputatı Olqa Çebotari hakimiyyətdən soruşub: “Bəs ölkənin reinteqrasiyası necə olacaq?” Çebotari bildirib ki, Dnestrin sol sahilini nəzərə almayan inzibati-ərazi islahatı hakim PAS partiyasının ciddi siyasi siqnalı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Dnestryanı bölgənin ölkənin yeni inzibati strukturunda yer almaması həmin ərazidə yaşayan Moldova vətəndaşlarının gələcək statusu ilə bağlı haqlı suallar doğurur. Deputat tələb edib ki, yeni inzibati-ərazi islahatında Dnestryanı bölgənin rayonları, hətta ilkin mərhələdə formal şəkildə olsa belə, nəzərdə tutulsun.
Lakin Brüsselin mövqeyi Kişinyovun qarşısında başqa imkan açır. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Dnestryanı bölgə Moldovanın Avropa İttifaqına üzvlüyünə mane olmayacaq. Onun sözlərinə görə, bölgədə vəziyyət həssasdır və Kişinyovun sosial-iqtisadi reinteqrasiya səyləri vacibdir. Bununla belə, Dnestryanı məsələsi Moldovanın Aİ-yə daxil olmasının qarşısını almayacaq. Beləliklə, Brüsselin mövqeyi faktiki olaraq Kişinyova ölkənin ərazi problemini həll etmədən Avropaya inteqrasiya imkanını verir.
186-5-3-650.jpg
Moldova prezidenti Maya Sandu da daha əvvəl buna bənzər yanaşma səsləndirib. Onun mövqeyinə əsasən, ölkənin əvvəlcə Dnestrin sağ sahili ilə Avropaya inteqrasiyası, daha sonra isə sol sahilin reinteqrasiyası mümkündür. Bu isə Dnestryanı probleminin Moldova üçün əvvəlki qədər prioritet olmaya biləcəyi barədə suallar yaradır.Dnestryanı bölgə 1992-ci ildə Moldova ilə separatçı qüvvələr arasında silahlı qarşıdurmadan sonra Kişinyovun nəzarətindən çıxıb. Həmin münaqişənin dayandırılmasından sonra bölgədə Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Rusiya Silahlı Qüvvələrinin Operativ Qüvvələr Qrupu da bu ərazidə qalır.Kişinyov isə uzun illərdir Rusiya hərbi kontingentinin və sülhməramlıların bölgədən çıxarılmasını tələb edir. Son illərdə Moldova hakimiyyətinin Moskva ilə münasibətlərinin kəskin şəkildə pisləşməsi fonunda Dnestryanı məsələsi də yeni siyasi məzmun qazanıb. Sandu hakimiyyəti Avropaya inteqrasiyanı əsas xarici siyasət prioritetinə çevirib və Rusiya ilə münasibətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. İndi isə yeni xəritədə Dnestryanı bölgənin faktiki olaraq “silinməsi” bu siyasətin daha bir simvolik göstəricisi kimi qiymətləndirilir.

Maraqlıdır ki, xəritədə bölgənin göstərilməməsi Dnestrin siyasi reallığını aradan qaldırmır. Əksinə, çay, enerji, su ehtiyatları və iqtisadi əlaqələr iki sahili bir-birindən ayırmağın nə qədər çətin olduğunu göstərir. Hazırda Moldovada Dnestr çayının su ehtiyatları ilə bağlı yaranmış problemin yumşalması da diqqət çəkir. Dnestryanı ərazidə yerləşən Dnestr Su Elektrik Stansiyasından su buraxılışının artırılması nəticəsində Moldovanın şimalında içməli su çatışmazlığı ilə bağlı risklərin azaldıldığı açıqlanıb. Bu vəziyyət siyasi xəritələr dəyişsə də, regiondakı coğrafi və iqtisadi reallıqların dəyişmədiyini göstərir. Nəticədə Moldovanın qarşısında paradoksal vəziyyət yaranıb: Kişinyov bir tərəfdən ölkənin ərazi bütövlüyünün və reinteqrasiyanın tərəfdarı olduğunu bildirir, digər tərəfdən isə yeni inzibati xəritədə Rusiya hərbi kontingentinin yerləşdiyi Dnestryanı bölgəni faktiki olaraq ölkənin strukturundan kənarda göstərir.
Brüsselin “Dnestryanı Moldova üçün Aİ-yə gedən yolda maneə deyil” mesajı isə bu ziddiyyəti daha da dərinləşdirir.



Xəbəri paylaş


 
 


Xəbər lenti