Həkim Cəfər Nəsirli haqqında ŞOK İDDİA: “Anamı şikəst etdi”

 
5-10-2026, 10:36           
Faktum.az-a daxil olan məlumata görə, ölkənin aparıcı tibb ocaqlarından sayılan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında baş verən növbəti acınacaqlı hadisə insan həyatına necə dırnaqarası baxıldığını bir daha ortaya qoyub.Belə ki, vətəndaş Günay Vahidovanın anlatdıqları dəhşət saçır.  Anası – 1958-ci il təvəllüdlü Elmira Vahidova İcbari Tibbi Sığorta xətti ilə ATU Tədris Cərrahiyyə Klinikasında bud-çanaq oynağının endoprotezlənməsi əməliyyatına girib. Əməliyyatı isə bilavasitə ATU-nun Travmatologiya və Ortopediya Kafedrasının müdiri, həkim-travmatoloq Cəfər Nəsirli icra edib. Lakin yüksək titullara malik kafedra müdirinin bıçağı altına yatan pasiyent şəfa tapmaq əvəzinə tamamilə şikəst qalaraq yatağa məhkum olunub.
Bildirilir ki, Cərrah Cəfər Nəsirli öz peşə borcunu layiqincə yerinə yetirmək əvəzinə, icra etdiyi uğursuz əməliyyatla pasiyentin həyatını alt-üst edib.  Müdaxilədən sonra xəstənin vəziyyəti günü-gündən pisləşib, əməliyyat olunan nahiyə dinləyərək irinləyib, kəskin infeksiyaya yoluxub və ayaqda ağır iltihabi proses baş qaldırıb. Hazırda dəhşətli ağrılar içində qovrulan, gəzmək qabiliyyətini tamamilə itirən 68 yaşlı Elmira Vahidovanın həyatı birbaşa təhlükə altındadır.
Ən acınacaqlısı isə odur ki, xəstənin yaxınları dəfələrlə cərrah Cəfər Nəsirlinin qapısını döysələr də, qarşılarında tam bir soyuqqanlıq və laqeydlik görüblər. Onların sözlərinə görə, insan həyatını təhlükəyə atan, icbari sığorta ilə xəstəyə verdiyi tibbi xidməti fəlakətlə nəticələndirən kafedra müdiri, törətdiyi tibbi fəsadın məsuliyyətindən açıq-aşkar boyun qaçırır.
Belə çıxır ki, pasiyenti bu acınacaqlı duruma salan həkim nə bir yardım göstərir, nə də buraxdığı dəhşətli səhvi düzəltməyə cəhd edir. İnsan göz görə-görə irinli infeksiyanın içində məhv olur!
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
         









Xəbəri paylaş


 
 


Xəbər lenti