İran-Rusiya SOYUQ SAVAŞI başladı: Zəngəzura görə... - DƏHŞƏTLİ SSENARİ

 
4-09-2024, 11:20            119 dəfə baxılıb
Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri ətrafında müzakirələr davam edir. Jamaz.info xəbər verir ki, bu səfərin bir çox məziyyətlərindən bəhs olunsa da, son günlər İran mediası əsas müzakirə mövzusunun Zəngəzur dəhlizi olduğunu iddia edib. “İran İnternational” telekanalının yaydığı xəbərdə isə bildirilir ki, indiyə qədər Ermənistanla yaxın əlaqələrə malik Tehran hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına etiraz etsə də, Rusiyanın vasitəçiliyi ilə məsələ həllini tapıb. TV iddia edib ki, Rusiya İranı Zəngəzur dəhlizinin açılmasına razı salıb və Putinin Bakıya gəlməsi də bu məsələ ilə bağlı olub.

“Mashregh News” saytı isə yazır ki, Rusiyanın nəzarətində olan Zəngəzur dəhlizinin açılması Moskvaya Ermənistan, Azərbaycan və Türk Dövlətləri Birliyinə qarşı böyük təsir rıçaqı verir. “Ukrayna cəbhəsində bütün Qərblə müharibə vəziyyətində olan Rusiya Cənubi Qafqazda imkanlarını çox məhdudlaşdırıb, ancaq Rusiya kimi böyük dövlət nə qədər zəif olsa da, Ermənistan kimi kiçik və gücsüz ölkəni həmişə cəzalandıra bilər. Ancaq proseslər çox sürətlə gedir və Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olması məsələsi dalana dirənib”, - deyə vurğulanıb.

Sayt yazıb ki, Rusiya tələsir, çünki ABŞ və Qərb ölkələri öz müdafiə sistemlərini tədricən Ermənistanda yerləşdirirlər. İddia olunub ki, Ermənistana ilk zərbə Zəngəzurdan dəyəcək. Zəngəzurda qarşıdurma alovlanarsa, bölgə Ermənistanın işğalından çıxaraq, Azərbaycanın nəzarətinə keçəcək və Türkiyənin də Azərbaycanın yanında olacağı şübhəsizdir.

Paşinyanın son mətbuat konfransında Zəngəzurla bağlı dedikləri fikirləri şərh edən politoloq Armen Badalyan isə İranın mövqeyi haqda fərqli rəy bildirib: “Paşinyan ona eyham vurdu ki, ona özəl şirkət nəzarət edə bilər. Paşinyana elə gəlir ki, hiyləgərlik edir və bunu ancaq özü başa düşür. Düşünür ki, Rusiya Ukrayna müharibəsində uduzsa, Zəngəzur dəhlizinə nəzarət edə bilməyəcək. Amma başa düşmür ki, İran Zəngəzurda dəhlizin açılmasına Rusiyanın nəzarətində olub-olmasından asılı olmayaraq imkan vermək fikrində deyil”.

İran mediasında gedən bu məlumatlara baxmayaraq, sentyabrın 3-də Tehran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşruta qarşı çıxıb. Bununla bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib. Bu barədə İran XİN məlumat yayıb. Qeyd edilib ki, Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb. O, İranın regionda sülh və sabitliyin bərqərar olmasını, region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini və regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb.

Görüşdə Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrin regionda sülh və stabil olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi ilə mübarizə aparılması vurğulanıb. Tərəflər həmçinin 3+3 formatı çərçivəsində qarşıdan gələn iclası və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü müzakirə olunub. Yada salaq ki, bir gün əvvəl Rusiyanın baş diplomatı Sergey Lavrov tələbələr qarşısında çıxışı zamanı koridorun açılmasının vacibliyindən danışmışdı.

İran siyasəti üzrə araşdırmaçı yazar Fikrət Fəraməzoğlunun “Yeni Müsavat”a sözlərinə görə, Rusiyanın İranı Zəngəzur dəhlizinin açılması məsələsində razı salması mümkündür. Onun fikrincə, bunun bir neçə səbəbi var: “Birincisi, həmin dəhlizin açılmasını Qərb də istəyir. Elə ABŞ-ın mövqeyi də təsdiq edir ki, onlar Rusiya və Çinin iştirakı olmadan dəhlizin açılmasında nəinki maraqlıdırlar, həm də bunun üçün çalışırlar. İkincisi, Qərbin bölgə ilə bağlı planlarının İran və Rusiyanın əleyhinə olması sirr deyil. İndiki məqamda hər iki ölkənin birgə hərəkət etməsindən başqa yolları da qalmayıb. Təkcə bu iki amil Rusiya ilə İran arasında Zəngəzura dair anlaşmanın əldə oluna biləcəyini mümkün edir. İran yaxşı bilir ki, əgər Zəngəzur dəhlizi Rusiyanın iradəsindən kənar açılarsa, Qərb Ermənistana tamamilə yerləşəcək və bu, NATO-nin İran sərhədində mövcudluğu deməkdir. Belə olan halda, İran heç bir şəkildə buna razı deyil. Ona görə də Rusiyanın himayəsi altında dəhlizin mövcudluğunu qəbul edə bilər”.

Siyasi təhlilçinin fikrincə, bununla belə, İran elə bir dövlətdir ki, başqa maraqlarını da nəzərə almadan bu prosesə razılıq verməz: “Həmin maraqlar hansılardır? Birincisi, Şimal-Cənub dəhlizinin tam gücü ilə işləməsi və Azərbaycan üzərindən keçəcək dəmir və avtomobil yollarında əvvəlki problemlərin olmamasıdır. Bu, tranzit xərclərinin azaldılması ilə yanaşı, yükötürmə məntəqələrinin də vacibliyini özündə ehtiva edir. Çabahar limanından başlayıb, Moskvada bitən, habelə Bakı-Tiflis-Qarsa belə qoşulan həmin yolun açılması üçün zəruri olan Ənzəli-Astara dəmir yolunun tikintisi isə faktiki olaraq Rusiya tərəfindən həyata keçirilir. İkincisi, Zəngəzur dəhlizinə paralel olaraq, İran üzərindən keçən Araz dəhlizinin də eyni güclə işləməsi məsələsidir. Bu, İrana çox vacibdir. Həm ona görə ki, Araz dəhlizi Zəngəzur dəhlizi səviyyəsində cəlbedici olmalıdır, həm də yükötürmə baxımından, daha çox yükötürmədə ayrı-seçkiliyin olmaması səbəbindən. Həmçinin İran Araz dəhlizi üzərindən dəmir yolu xəttinin çəkilməsini də istəyir”.

Ekspert hesab edir ki, üçüncüsü, İran Zəngəzur dəhlizindən də mənfəətini almaqda maraqlıdır: “O deməkdir ki, İran bu xətt üzrə yüklərini sərbəst, maneə görmədən və ucuz tranzit xərcləri ilə daşınmasını istəyir. Nəzərə alaq ki, İran Zəngəzur dəhlizinə Naxçıvan üzərindən qoşula bilir. Bunun üçün Culfaya qədər dəmir və avtomobil yolu infrastrukturu var. Lakin Naxçıvana birləşməsi üçün körpünün və dəmir yolunun əsaslı təmirə və inşasına ehtiyac var. Bu xərcləri də İran Rusiya və Azərbaycanın üzərinə qoymağa çalışır. Bütün bunların fonunda İranın ən vacib istəyi geosiyasi əhəmiyyətini itirməməsidir. Nəzərə alaq ki, İran uzun illərdir Şərqlə Qərbi birləşdirən yeganə quru yol kimi formalaşıb. Qədim İpək Yolu üzərində yerləşməsi, habelə qısa məsafəyə malik olması İranın əhəmiyyətini xeyli artırırdı. İslam İnqilabından sonra sanksiyalara məruz qalması səbəbindən daha geniş xaba malik ola bilməməsi prosesə təsir etsə də, onun əhəmiyyətini azaltmırdı. Elə bu səbəbdəndir ki, İranın quru sərhədləri ilə hər gün ölkəyə 12 min yük maşını daxil olur, bir o qədər də ölkədən tranzit kimi keçir. Bu, olduqca əhəmiyyətli məsələdir. Belə olan halda, İran Zəngəzur dəhlizinin açılması ilə böyük bir riski gözə almış olacaq”.

F.Fəraməzoğlu onu da qeyd edir ki, İran Zəngəzur dəhlizi açılarsa, gündəlik 12 min maşın deyil, ən yaxşı halda 1-2 min yük maşınını qəbul edəcək: “Bu, İranın tranzit ölkə kimi əhəmiyyətinin azalması deməkdir. Artıq İran mediası, ölkənin xarici siyasət idarələri də dilə gətirməyə başlayıblar. Ona görə də Zəngəzur dəhlizi məsələsində İranın Rusiya ilə razılıq əldə etməsi sadaladığım bu parametrlərə əsaslanacaq. Yəni İran özünün geosiyasi əhəmiyyətini itirməmək şərti və əsas tranzit olma imkanlarını saxlamaqla dəhlizin açılmasına razılıq verə bilər".






Xəbəri paylaş


 
 


Xəbər lenti