Gürcüstanın “şimal seçimi”nin pərdəarxası… – Bir tərəfdə acımasız qonşu, digər tərəfdə isə…

 
5-11-2024, 14:55            98 dəfə baxılıb
Tbilisinin Moskvaya yaxınlaşması Qərbin “dişsiziliyi” ilə bağlıdır, yoxsa daha dərin səbəblər var?
Gürcüstan seçimini etdi. Gürcü dövlətinin Avropaya deyil, Rusiyaya doğru hərəkətlənməsi artıq bütün tərəflərin qəbul etdiyi faktdır. Bu, müxtəlif cür izah edilir. Çoxsaylı analizlərdə Tbilisinin Moskvaya yaxınlaşması Qərbin “dişsizliyi”, “öz müttəfiqlərini sonuna qədər müdafiə etməməsi” və s. bu kimi yanaşmalarla izah edilir. Bu cür izahat ilk baxışda haqlı görünür. Elə təəssürat yaranır ki, ABŞ və Avropa qəti iradə ortaya qoyarsa, Gürcüstanı yüzdə-yüz öz orbitində saxlaya bilər. Lakin bir qədər detallı araşdırma problemin heç də göründüyü qədər sadə olmadığını söyləməyə imkan verir.
İstənilən geopolitik çəkişmədə həlledici faktor tərəflərin iradəsi deyil, hansı tərəfin hansı imkana sahib olmasıdır. Başqa sözlə, Gürcüstan məsələsində ortaya atılmalı olan əsas sual “Qərb niyə dişsiz siyasət yürüdür” sualı deyil. Fikrimcə, sual belə səslənməlidir: “Cənubi Qafqazda ən önəmli söz sahibi kimdir və Qərb, dəmir iradə nümayiş etdirərsə, Gürcüstanı öz orbitində saxlaya bilərmi?”
Bəzən “geopolitika” sözünün hərfi mənasını diqqətə almırıq. Burada “geo” sözü coğrafiya deməkdir. Məhz yerləşdiyi coğrafiya istənilən dövlətin həm daxili, həm də xarici siyasətini müəyyən edən əsas amildir. Siyasi inkişaf istiqamətini, hərbi blokları, müttəfiqləri vəs. dəyişmək olar. Amma coğrafiyanı və qonşuları dəyişmək mümkünsüzdür. Gürcüstan coğrafi baxımdan cox mürəkkəb regionda yerləşir. Bu dövlət əsrlərdir ki, rus imperiyasının və böyük türk dünyasının arasında sıxışıb qalıb. Rus imperiyası güclü olduğu dövrlərdə rusların, türk imperiyalarının daha güclü olduğu zamanlarda isə türklərin himayəsində olub. Yalnızca cox qısa zaman kəsimində, Sovetlər Birliyinin dağılmasından sonra təxminən 15-20 il müddətinə Qərb Cənubi Qafqazda əsas söz sahibi oldu. Məhz həmin dövrdə həm Rusiya, həm də Türkiyə Qərblə müqayisədə olduqca zəif idilər.

İndi vəziyyət kökündən dəyişib. Rusiya əvvəlki gücünü bərpa etməyə çalışır və Türkiyə dünya gücü olmaq istiqamətində irəliləyir. Bölgənin köhnə sahibləri öz “arxa bagçalarına” qayıdırlar. Qərb üçün isə Cənubi Qafqaz coğrafi baxımdan xeyli uyğunsuz mövqedədir. Bu region dəniz arxasındadır, şimaldan Rusiya, cənubdan isə türk torpaqları ilə əhatə olunub. Qara dənizə keçid də Montrö sazişi çərçivəsində Türkiyənin nəzarətindədir. Həmin sazişə görə böyük tonnajlı hərbi gəmilərin İstanbul boğazlarından keçmələri son dərəcə mürəkkəb prosedur qaydaları ilə tənzimlənir. Bu səbəbdən ABŞ-nin böyük təyyarə daşıyan gəmi qrupları İsrail və ya Tayvanda olduğu kimi istədikləri anda Gürcüstan sahillərində lövbər ata bilmirlər. Yəni, Qərbin Cənubi Qafqaza giriş və təsir imkanları böyük ölçüdə coğrafi əngəllər baxımından olduqca məhduddur.
Rusiya isə Cənubi Qafqazla bilavasitə qonşudur və Gürcüstanla çox uzun sərhədə malikdir. Rusiya heç zaman öz qonşularına qarşı güc tətbiq etməkdən çəkinməyib. Gürcüstan da bu baxımdan istisna deyil.

Gürcüstan Qərbə inteqrasiya yolu seçdiyi üçün Abxaziya və Cənubi Osetiyani itirib. Üstəlik, indi 2008-ci il deyil, Rusiya daha acımasızdır və dünyanın hər yerində böyük güc tətbiq etmək yolundakı bütün növ mənəvi, hüquqi və digər “əyləclər” sıradan çıxıb. Deməli, Ukraynanın başına gətirilənlər, qərbpərəstlikdə israr edəcəyi təqdirdə, Gürcüstana qarşı da tətbiq edilə bilər. Qərb isə Gürcüstanda demokratikləşmə və insan haqları çərçivəsində müəyyən proqramlar həyata keçirməklə kifayətlənir.
Gürcüstan üçün mənzərə aydındır. Bir tərəfdə hərbi güc tətbiqindən çəkinməyən güclü və acımasız qonşu, digər tərəfdə isə dənizin o tayında qalmış, humanitar proqramlardan başqa heç nə etməyən Qərb.
Bütün deyilənlərdən çıxan nəticə belədir: Qərbin Gürcüstanla bağlı ˝dişsizliyini˝ diqtə edən ana şərt coğrafiyadır. Ağ Ev və Brüssel qəti iradə nümayiş etdirsə belə, gürcü dövlətinin Rusiyaya qarşı effektli müqavimətini təşkil edə bilməz. Bunu həm loqistika əngəlləri, həm də Gürcüstanın insan resurslarının azlığı mümkünsüz edir. Bütün tabuların pozulduğu və ˝hamının hamıya qarşı˝ vuruşduğu bir dönəmdə Qərb istəsə belə, kiçik Gürcüstanı Rusiya qarşısında qoruya bilməz. Lakin “Qərb istəsə də qoruya bilməz” ifadəsi “Qərb günahsızdır” anlamına gəlmir. Onlar yenicə müstəqillik əldə etmiş, dərin dövlətləri, dərin düşüncə quruluşları, beynəlxalq intriqalarda “bişmiş” liderləri olmayan gənc dövlətləri Avropaya inteqrasiya vədləri ilə həvəsləndirb, Moskvanın çəkdiyi qırmızı cizgiləri tapdaladırlar. Amma öncədən bilirlər ki, Rusya bu kiçik dövlətlərin boğazına çökəndə onları qoruya bilməyəcəklər.
Kiçik postsovet dövlətlərini yalançı vədlərlə aldadıb “rus tankının altına atmaq” Qərbin həmin dövlətlərə qarşı ən böyük cinayətidir.

Belə çıxır ki, Qərb, Rusiyanı tükəndirmək üçün təcrübəsiz postsovet ölkələrindən “könüllü kamikadzelər” kimi istifadə edir. Ünlü Qərb ideoloqu Zbiqnev Bzejinski “Böyük şahmat taxtası” əsərində şərqdəki demokratik respublikaları “demokratik platsdarm” adlandırıb. “Platsdarm” hərbi termindir və ön cəbhədəki qaynar təmas sahəsi anlamına gəlir. Deməli, Qərb, hər zaman şərqdəki demokratiyaları Rusiyanın önündə qurulmuş qaynar təmas nöqtələri kimi nəzərdən keçirib.
Təəssüflər olsun ki, postsovet ölkələri özlərinin cox acı təcrübələrindən dərs alır, tədricən bütün kartlar açılır, romantikalar bitir. Gürcülər də istisna deyil. Belə bir deyim var: “Xalqlar böyük həqiqətləri daha yaxşı görürlər”.
Gürcü milləti dövlət quran millətdir. Bu millət uzun əsrlərdir ki, çox mürəkkəb regionda yerləşməsinə baxmayaraq, özünün milli dövlətini qoruyub saxlaya bilib. Bugünkü “şimal seçimi” də, daha ağır şərtlər altında olsa bələ, gürcü millətinin öz dövlətini qoruma instinktidir. /azpolitika.info




Xəbəri paylaş


 
 


Xəbər lenti