PEKİN RUSİYADAN SAKİTCƏ UZAQLAŞIMAĞA BAŞLADI...

 
7-07-2022, 11:42            47 dəfə baxılıb
Ukraynada müharibə başlayandan Rusiya Çini öz müttəfiqi və Avropa ilə ABŞ-a qarşı iqtisadi alternativ kimi təqdim etməyə çalışır. Pekin Qərbin sanksiyalarına qoşulmaycağını bəyan etsə də, son aylar Çin ilə Rusiya arasındakı ticarət mübadiləsi nəzərəçarpacaq dərəcədə azalıb, əməkdaşlıqla bağlı iri miqyaslı planlar təxirə salınıb. 
Digər tərəfdən ”Xiaomi”, ”Huawei”, ”Lenovo” və “UnionPay” kimi böyük şirkətlər Rusiya ilə əlaqələrini kəskin şəkildə məhdudlaşdırıblar. ”Honor” və “DJI” şirkətləri isə Rusiya bazarını tamamilə tərk ediblər.
“AzPolitika.info” xəbər verir ki, Latviyanın “The Insider” internet portalı “Vidalaşmadan çıxıb gedirər: Pekin və Moskva dostluq nümayiş etdirsələr də, Çin şirkətləri Rusiyanı tərk edirlər” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. 
Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”Rusiya diplomatlarının bütün səylərinə və Moskva ilə Pekin arasındakı sarsılmaz tərəfdaşlıq barədə bəyanatlara baxmayaraq, bu iki ölkə arasındakı iqtisadi münasibətlər heç də hamar deyil və bir çox sahələrdə Çin de-fakto Rusiyaya qarşı sanksiyalara qoşulub.
ABŞ-ın “Wall Street Journal” qəzeti hələ 6 mayda məlumat vermişdi ki, Çin şirkətləri Rusiya bazarından tədricən və “sakitcə” çıxırlar. Həqiqətən də, Ukraynadakı mühribənin ilk aylarında Çindən Rusiyaya ixrac olunan malların həcmi martda 27 faiz, apreldə isə 25 faiz azaldı.

Çindən idxal olunan məhsullar içərisində ən çox azalma texnoloji sektorda hiss edilir. Mart ayının əvvəlindən analitiklər Çindən Rusiyaya göndərilən smartfonların sayının ikiqat azalmasına diqqət çəkiblər. Belə ki, Çinin “Xiaomi”, ”Huawei” və “Oppo” kimi bir sıra iri istetehsalçıları Rusiyaya ixracı azaldıblar. 
Hazırda tədarük o dərəcədə aşağı düşüb ki, Rusiyada həmin məhsullar artıq qurtarmaq üzrədir. “RİA Novosti” agentliyi 8 iyunda xəbər vermişdi ki, ”Huawei” Rusiyadakı ticarət məntəqələrini bağlamağa başlayır, çünki anbarlarda məhsul çatışmır.
”Lenovo” şirkəti ixracı dondurduğu üçün Rusiyaya idxal edilən noutbukların tədarükü 40 faiz aşağı düşüb. Rusiyada “Lenovo” noutbukları “HP”-dən sonra ən populyar brenddir.

Çinin özəl şirkətlər kimi dövlət şirkətləri də bu strategiyanı aparırlar. Məsələn, smartfon və digər istehlak texnikası istehsal edən “Honor” dövlət şirkəti Rusiyaya yeni məhsul yollamağı dayandırıb. 
Mart ayının sonunda Çinin neft və qaz emalı ilə məşğul olan ikinci ən böyük şirkəti “Sinopec” Rusiya ilə əməkdaşlığı durdurub. Rusiyanın Çinlə həyata keçirməyi planlaşdırdğı digər müştərək layihələr də zərbə altına düşüb.

Çinin “UnionPay” beynəlxalq ödəmə sistemi sanskiya altına düşmüş Rusiya banklarına xidmət göstərməkdən imtina edib. “UnionPay” bank sektorunun Rusiya ilə əlaqələri durdurmuş yeganə oyunçusu deyil.
Ukraynaya hücumdan dərhal sonra məlum olub ki, Çinin bir neçə dövlət bankı Rusiya aktivlərinə sərmayə yatırılmasını məhdudlaşdırıb. Bunların arasında “Çin Sənaye və Kommersiya Bankı” və həmçinin, “Çin Bankı” da yer alır. Çinin texnoloji şirkətləri və kommersiya bankları Rusiya ilə əlaqələrinin kəsilməsini açıq şəkldə bəyan etməyiblər, onlar “sakitcə çıxmağa” üstünlük veriblər.
Ancaq Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə rəqabət aparmaq məqsədilə yaradılmış Çinin “Asiya İnfrastruktur və İnvestisiya Bankı” digərlərindən fərqli şəkildə hərəkət edib. Bu bank mart ayının əvvəlində Ukrayna müharibəsi barəsində bəyanat yayıb.



“Asiya İnfrastruktur və İnvestiya Bankı”(AİİB) “bütün zərərçəkənlərə” öz başsağlığını bildirərək, Rusiya və Belarusla bağlı bütün əməliyyatlarını durdurduğunu elan etmişdi. 2015-ci ildən Rusiya AİİB-nin ən böyük səhmdarlarından biridir. Bununla yanaşı, AİİB-ni birmənalı olaraq Pekinin iqtisadi diplomatiya və xarici siyasətdəki ən mühüm vasitələrindən biri saymaq olar.
Belə olan halda bu bankın Rusiyadakı fəaliyyətini durdurması kommersiya banklarının və texnoloji şirkətlərin atdığı addımlarla müqayisədə daha çox şeylərdən xəbər verir.
Çin nədən qorxur?
Beləlkilə, Çinin istər özəl və istərsə də böyük dövlət müəssisələri əsas etibarilə eyni kursla gedirlər - onlar “sakitcə” Rusiyanı tərk edirlər. Çin şirkətləri formal olaraq anti-Rusiya sanskiyalarını qınasalar da, gərəkli hesab etdikləri üçün sanksiyalara qoşulurlar. Bunun bir neçə səbəbi ola bilər. 

Məsələn, çinlilər ehtiyat edirlər ki, Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar kifayət qədər geniş olduğu üçün bu sanksiyalar onu pozan ölkələri də əhatə edə bilər.
Sinqapurun qlobal texnolgiya bazarını araşdıran “Canalys” şirkətinin direktoru Stiv Brazye “The Wall Street Journal” qəzetinə verdiyi müsahibəsində vəziyyəti belə izah edib: ”Çinin texnoloji şirkətləri Rusiya təşkilatlarına qarşı sanksiyaların onun ticarət tərəfdaşlarına da yönələ biləcəyindən qorxurlar. Əgər amerikalılar Çinin hər hansı noutbuk istehsal edən şirkətini yarımkeçiricilərdən mərhum etsə, o zaman bu, fəlakət olar. Çinlilər belə bir vəziyyətlə üzləşmək istəməzlər”.
Bu, banklara da aiddir. Çinin maliyyə institutları sanksiyalara çox həsasdırlar və bu, onları Rusiya ilə məsafəli davranmağa məcbur edir. Çinli mütəxəssislər də eyni fikirdədirlər. 
”Finacial Times” qəzetinə müsahibəsində Rusiya ilə əməkdaşlıq məsələlərində Çin şirkətlərinə məsləhət verən “East & Concord Partners” firmasının hüquqşünası bildirib: ”Rusiyaya qarşı sanksiyalar indiyədək tam konkretləşməyib. Hüquqi baxımdan bunun tətbiqi çoxcəhətlidir və manevr üçün ABŞ geniş imkanlara malikdir”.
Digər səbəb Çinin özündəki siyasi vəziyyətlə əlaqədar ola bilər. Bu, rusiyapərəst mövqe nümayiş etdirən Si Çzinpinin yürütdüyü siyasətlə bağlıdır. Çinin Rusiya ilə bağlı yürütdüyü siyasət Çin Kommunist Partiyasının içərisində artıq müxtəlif fikirlər meydana gətirməyə başlayır.

10 mayda Çinin Ukraynadakı keçmiş səfiri Qao Yuşenin Çindəki mətbuat orqanlarının birində məqaləsi dərc edilmişdi. Müəllif orada Rusiyaya qarşı kəskin fikirlər söyləmişdi. Məlum olmayan səbəblərdən həmin məqalə saytdan çıxarılsa da, keçmiş səfirin fikirləri böyük səs-küy yarada bilmişdi.
Bir müddətdən sonra Çinin beynəlxalq münasibətlər üzrə tanınmış professoru Yan Syutenin dərc etdiyi məqalədə Rusiyanın ünvanına daha kəskin ifadələr yer almışdı. Həmin məqalədə Rusiya BMT nizamnaməsinin pozulmasında ittiham edilir və xəbərdarlıqla bildirilir ki, o, bu hərəkətlərinə görə böyük hesab ödəyəcək. Həmçinin, o da deyilmişdi ki, Ukraynadakı müharibə Çinə heç bir fayda gətirmir.
Öz karyerasının gözlənilən üçüncü seçkisi fonunda Si Çzinpinin kütləvi dəstəyə böyük ehtiyacı var. O, Rusiya ilə yaxşı əlaqələrin tərəfdarıdır, ancaq bunun daim belə olacağını söyləmək çətindir. Çin Rusiya kimi “dost”undan daha çox öz rifahı barəsində düşünür.
Hazırkı məqamda belə bir fikrə gəlmək olar: Çinin “sakit sanksiyaları” çox güman ki, davam edəcək və genişlənəcək, onun təsirləri isə zamanla Rusiya üçün daha aydın görünəcək.






Xəbəri paylaş


 
 


Xəbər lenti