TƏBİB (Şamaxı HMK) tibbi xidmətdən də imtina edir, imtinanı qərarını verməkdən də

 
23-12-2024, 11:50            86 dəfə baxılıb
TƏBİB (Şamaxı HMK) tibbi xidmətdən də imtina edir, imtinanı qərarını
verməkdən də
10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilməməsindən
məhkəməyə müraciətə də qadağa qoyulub
Ağsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlunun
10 ildən çoxdur ağır ürək, şəkər, yüksək qan təzyiqindən, Parkinson
xəstəliyindən yatağa düşməsinə TƏBİB heç bir reaksiya vermir, faktiki
olaraq tibbi xidmətdən imtina edir. Hətta xidmətdən imtina barədə
qərarı da verilmir ki, yuxarı orqana, yaxud məhkəməyə müraciət
edilsin. Xəstə sonuncu dəfə 11.10.2024-cü ildə Ağsu RMX-nın göndərişi ilə
xərəkdə Şamaxı Həkim Məsləhət Komissiyasının (HMK) yoxlamasına
aparılıb, amma komissiya, ümumiyyətlə xəstəyə baxmaqdan imtina edib.
(?) Komissiya xəstəyə baxıb forma-88 arayışını ƏƏSMN tabeliyində Dövlət
Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) göndərmək
yerinə, xəstəni gətirən ailə üzvləri ilə “sənəd çatışmazlığı” davası edib və
qərəzlə xəstənin durumuna göz yumub. Halbuki həmin gün Ağsudan 2
həkimin gətirdiyi sənədlər yoxlamadan keçmədən ƏƏSMN altsisteminə
vurulub.
Xəstənin ailə üzvlərinin son bir aylıq şikayətlərinə isə TƏBİB cavab
verməkdən belə imtina edir . Halbuki tibb xidmətinin xəstənin ağır
durumuna görə onun ailə üzvlərinə qərəz göstərməsi yolverilməzdir.
TƏBİB-in əsas işi xəstələrə tibbi xidmət göstərməkdir. Çoxsaylı
şikayətlərdən sonra TƏBİB-in müraciətlərlə iş şöbəsi xəstənin oğluna cavab
verib ki, Şamaxı HMK NK-nın qərarı ilə əlillik meyarlarının xəstəyə əlillik
təyinatına yol vermədiyi əsası ilə imtina edilib. Birincisi, əlillik təyinatını
ƏƏSMN tabeliyində DTSERA həyata keçirir. DTSERA isə rəsmi məktubla
bildirib ki, f-88 göndəriləcəyi halda, əlillik qiymətləndiriləcək. 2-cisi, NK-nın
qərarında təkcə yüksək qan təzyiqinə görə 1-ci dərəcəli əlillik təyinatı
aparılması təsbit olunub. TƏBİB hansı meyarlara istinad edib, şəkərdən
gözü tutulan, 2-3 -cü tip ürək çatmazlığı, 180-200 hipertonik
təzyiqi, diabetik angiopatiya, diabetik retinopatiya, diabetik
polinevropatiya, sabit gərginlik stenokardiyası II-III f/s , Parkinson
xəstəsinə əlillik düşmədiyini qərara alıb? 3-cüsü və ən başlıcası, hanı bu
11.10.2024-cü il tarixli imtina qərarı? Xəstəni yoxlamadan, heç üzünə belə
baxmadan hansı vicdan(sızlıq)la belə imtina qərarı verilib və niyə xəstəyə
təqdim olunmur ki, ondan inzibati icraat qaydasında, yuxarı orqana,
məhkəməyə şikayət verilə bilsin?


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS DA) sədri Zaur Əliyevə,
TƏBİB sədri Vüsal Qurbanova çoxsaylı şikayətlərə, hələ ki, müraciətlərlə iş
şöbəsinin şablon cavabı verilir. Bəyəm müraciətlərlə iş şöbəsi xəstəyə tibbi
yardımdan imtinaya cavabdehdir? Ailəsi xəstəyə tibbi yardımdan ,
sənədinin ƏƏSMN-ə göndərilməməsindən, xəstənin həyatını təhlükəyə
atılmasından şikayət edir, müraciətlərlə iş şöbəsi Şamaxı HMK-nın
xidmətdən imtina etməsini təkrarlayır? Belə tibbi xidmətlə xəstəni yalnız
öldürmək mümkündür. Onda kim cavab verəcək?
Ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana şikayətlər İTS DA-
ya, oradan TƏBİB-ə göndərilir, yardımsız cavabı isə müraciətlərlə iş şöbəsi
təkrarlayır. Fikrimizcə, xəstənin həyatını təhlükəyə atdığına görə TƏBİB-in,
Şamaxı HMK-nın məsul şəxslərinin məsuliyyəti məsələsinə baxılmalıdır. Bu
məsələyə baxmaq isə prokurorluğun boynundadır.
3 aya yaxındır yataq xəstəsinin ailə üzvləri xidmətdən imtina
qərarını tələb edirlər, təqdim olunmur. Ailənin başçısı tibbi
xidmətdən də məhrum edilib, hüquqi xidmətdən -məhkəmə
müdafiəsindən də.
Pir Həsənli
Adları çəkilən şəxs və qurumlarında mövqeyiini dərc etməyə hazırıq!
TEREF



Xəbəri paylaş


 
 


Xəbər lenti