Əli Laricani - “Tehranın Kennedi”si haqda gizlinlər
18-03-2026, 10:21

İndi onun qarşısındakı ən ciddi sınaq adaşı Əli Xameneinin vəsiyyətini yerinə yetirə bilməkdir...
Turgenev yazırdı ki, mən bir xarakterlə maraqlananda o, ağlıma hakim kəsilir, gecə-gündüz təqib edir və ondan üzülüşənə qədər rahatlıq vermir, mütaliə etdiyim zaman oxuduğum kitablar barədə öz fikrini pıçıldayır, gəzməyə getdiyim zaman görüb-eşitdiklərim haqda öz mühakiməsini söyləyir. Nəhayət, təslim olmağım gəlir, oturub onun bioqrafiyasını yazıram...Bu həftənin personası da onlardan biri hesab edilə bilər. Günlərdir ki, Azərbaycan və Türkiyə mətbuatı gah onu “İranlı Kennedi”, gah İranın “ən güclü adamı” kimi xarakterizə edir. Və bu, olduqca cazibədar səslənir. Axı kimdir İranın ən yeni güclü adamı? Bəs necə ola bilər ki, İslam inqilabının liderlərindən sonra bu adamı İran siyasətinin ən güclü fiquru adlandırsınlar? Axı heç inqilabçı da deyil...
Gəl, gör, təcavüz bizi neylədi...
“ABŞ və "sionist rejim" (İsrail - E.S.) İran xalqının qəlbini alova bürüyüb. Biz onların qəlbini yandıracağıq".
Fevralın 28-dən bəri yaşanan hadisələrə deyərdim ki, ən təsirli sözlər və bəlkə də hər bir iranlını riqqətə gətirən cümlələr ondan gəldi. Bu, əsl Şərq insanının emosiyası idi - qəlb, alov, yandırmaq...
Ən son çıxışında isə İslam ölkələrinə üsyan edərək “Əgər bir müsəlmanın fəryadına cavab vermirsinizsə, bu necə müsəlmanlıqdır?” ritorik sualını verir. Xub!
Hərçənd bir müsəlman ölkəsi olan yalnız Azərbaycanın bir iranlı siyasətçinin bu sualına sualla cavab verməyə tamamilə mənəvi haqqı çatır - bəs bir müsəlmana zülm olunanda, 65 məscidi dağıdılıb donuz fermasına çevriləndə İranın erməniyə münasibətini hansı müsəlmançılığın ayağına yazaq? Necə ki, ABŞ və İsrailin hücumu İran xalqının qəlbini alova bürüdü, gəlib görmək lazım idi, erməni işğalı Azərbaycandakı müsəlman qardaşların ürəyinə necə od vurmuşdu...
Əlqərəz, haşiyədən çox kənara çıxmadan qayıdaq İran siyasətinin mistik görünən, yuxarıdakı sitatın müəllifi olan nüfuzlu nümayəndəsinə. Söhbət Əli Laricani və ya Əli Ərdəşir Amuli Laricanidən gedir.
Əli Laricani hazırda İran Milli Təhlükəsizlik Ali Şurasının katibidir. Ölkənin keçmiş dini rəhbəri Seyid Əli Xameneinin qətlindən az əvvəl dünya mediası yazırdı ki, ayətullah səlahiyyətlərini Laricaniyə verib, ona çox güvənirmiş.
Bu gün də Laricani personası siyasi səhnənin ön sıralarındadır - yarıaşkar, yarıgizli İranın idarəçiliyində ən mühüm şəxsdir. Biz onun kritik qərarların qəbulunda iştirakını üzdə görməyə bilərik. Gördüyümüz isə ötən həftə xalqla birgə yürüşdə Laricaninin də iştirakı idi. O, SEPAH-ın idarəetməsində kifayət qədər sözü keçən şəxsdir. Çünki 1979-cu il inqilabından sonra o, 1980-ci illərin əvvəlində SEPAH-a qoşulub. Bu haqda az sonra...
Nəcəfdən Tehrana gələn filosof
Əli Laricani 1958-ci ildə İraqın Nəcəf şəhərində doğulub. Şah Məhəmmədrza Pəhləvi onun atası ayətullah Mirzə Haşim Amulini sürgün etdiyinə görə Nəcəfdə məskunlaşmağa məcbur olub. Əli Laricani və onun bütün qardaşları da elə Nəcəfdə dünyaya göz açıb. 1899-cu ildə İranın Larican bölgəsində doğulan Mirzə Haşim Amuli 1993-cü ildə vəfat edib, Qumda Fatimiyyə məzarlığında dəfn olunub. Mirzə Haşim Amuli və ailəsi İrana 1979-cu ildə, yalnız şah devriləndən sonra qayıda bilib. İrana qayıdan kimi Əli Laricani Dövlət Teleradio Şirkətində şöbə müdiri vəzifəsinə təyin edilib. 1980-ci ildə Tehranın Şərif Texnologiya Universitetini riyaziyyat və kompüter elmləri ixtisası üzrə bitirən Əli Laricani daha sonra Tehran Universitetində fəlsəfə üzrə fəlsəfə doktoru dərəcəsi alıb və alman filosofu İmmanuel Kant haqda kitab yazıb.
Bəli, onilliklər boyu Laricani İran hakimiyyət quruluşunun sakit və praqmatik siması, XVIII əsr alman filosofu Kant haqda kitablar yazan və Qərblə nüvə sazişləri üzrə danışıqlar aparan bir şəxs kimi tanınıb. Lakin fevralın 28-dən sonra Laricani bir başqa adama çevrildi, “sionist cinayətkarları və həyasız amerikalıları əməllərinə görə peşman edəcəyik” bəyanatı verdi. Laricani o qədər nüfuzlu bir sülaləyə mənsubdur ki, “Time” jurnalı 2009-cu ildə onları “İranın Kennediləri” adlandırmışdı. (Kennedi ailəsi ABŞ-nin rəhbər orqanlarında yüksək vəzifələr tutan irlandiyalı Amerikan sülaləsidir).
Eləcə də Laricani və qardaşları İranın ən güclü vəzifələrində, o cümlədən məhkəmə sistemində və ali rəhbəri seçmək səlahiyyətinə malik olan Ruhani Ekspertlər Məclisində çalışıblar.
Əlinin bir qardaşı ayətullah Sadiq Laricani Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun sədridir. Digər qardaşı ayətullah Məhəmməd Cavad Laricani ali rəhbərin xarici siyasət məsələləri üzrə baş müşaviri və İran Məhkəmə Hakimiyyətinin İnsan Hüquqları üzrə Ali Şurasının katibidir. Qardaşlardan Bağır Laricani Səhiyyə Nazirliyində yüksək vəzifə tutub, professor Fazil Laricani isə alim olmaqla yanaşı diplomat kimi də fəaliyyət göstərib. Laricaninin əmisi oğlu Əhməd Təvəkkülü parlamentin deputatı olub.
Laricaninin özünün isə 1979-cu ildən sonrakı inqilabi elita ilə əlaqələri şəxsi xarakter daşıyır. O, 20 yaşında İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin yaxın silahdaşı Mürtəza Mütəhhərinin qızı Fəridə Mütəhhəri ilə evlənib. Ailəsinin mühafizəkar dini köklərinə baxmayaraq, övladlarının yolu müxtəlif olub.
Övlad ABŞ-də, ata isə...
Məsələn, ən sonuncu xəbərlərə görə, ABŞ-nin Corciya ştatında yerləşən Emori Universiteti onun qızı Fatiməni işdən çıxarıb. O, Emori Universitetinin Hematologiya və Tibbi Onkologiya kafedrasında dosent vəzifəsində çalışıb. Bu faktın özü də paradoksaldır: ata ABŞ-ni düşmən adlandırır, övladı isə orada yaşayır. Laricaninin özünə gəlincə, 1980-ci illərin əvvəlində SEPAH-a qoşulsa da, daha sonra hökumətə keçərək 1994-1997-ci illərdə prezident Əkbər Haşimi Rəfsəncaninin dövründə mədəniyyət naziri olub, 1994-2004-cü illərdə isə dövlət yayım qurumunun rəhbəri kimi fəaliyyət göstərib. Həmin dövrdə islahatçılar onun məhdudlaşdırıcı siyasətlərinin iranlı gəncləri xarici mediaya yönəltdiyini iddia edərək tənqid ediblər. 2008-2020-ci illərdə o, ardıcıl üç müddət parlamentin sədri olub.
Laricani 2005-ci ildə mühafizəkar namizəd kimi prezidentliyə namizədliyini irəli sürüb, lakin ikinci tura keçə bilməyib. Həmin il o, Milli Təhlükəsizlik Ali Şurasının katibi və ölkənin baş nüvə danışıqlarçısı təyin olunub.
2007-ci ildə o, o zamankı Prezident Mahmud Əhmədinejadın nüvə siyasəti ilə fikir ayrılığı səbəbindən vəzifəsindən istefa verib. 2008-ci ildə parlamentə daxil olaraq Qum dini mərkəzini təmsil edib və sədr seçilib. Bu vəzifə ona təsir imkanlarını artırmağa şərait yaradıb və o, nüvə dosyesi ilə əlaqəsini qoruyaraq 2015-ci ildə İran və dünya gücləri arasında imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planının parlament tərəfindən təsdiqini təmin edib.
Əli “Rəhrovan-e Vilayət”i ola bilərmi?
2014-cü ildə isə fars dilindən tərcümədə “Rəhbərin ardıcılları” kimi tərcümə olunan “Rəhrovan-e Vilayət” adlı öz partiyasını yaratdığını elan edib. Bəzi siyasi ekspertlər bunu Laricaninin böyük siyasi ambisiyalarının bir sübutu kimi qiymətləndirmişdilər. 2020-ci ildə parlament sədri və deputat vəzifəsindən ayrıldıqdan sonra Laricani 2021-ci il prezident seçkilərində ikinci dəfə namizəd olmaq istəyib. Lakin bu dəfə namizədliyi Namizədləri yoxlayan Qəyyumlar Şurası tərəfindən rədd edilib. 2024-cü il seçkilərində də onun namizədliyi yenidən qəbul olunmayıb. Qəyyumlar Şurası bunun səbəbini açıqlamayıb, lakin analitiklər 2021-ci il qərarını hakimiyyətin sərt xətt tərəfdarı İbrahim Rəisinin yolunu açmaq üçün atdığı addım kimi qiymətləndiriblər. Laricani 2024-cü il qərarını “şəffaf olmayan” adlandırıb.
Lakin 2025-ci ilin avqustunda Prezident Məsud Pezeşkian tərəfindən yenidən Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilərək təsirli mövqeyə qayıdıb. Bu vəzifəyə qayıtdıqdan sonra onun mövqeyi sərtləşib. 2025-ci ilin oktyabrında Laricaninin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq sazişini ləğv etdiyi və agentliyin hesabatlarını “artıq təsirli deyil” adlandırdığı barədə məlumatlar yayılıb. Bu, heç də yaxşı addım deyildi və gərginləşən vəziyyəti daha da tündləşdirdi.
Təhlilçilərə görə, sərt mövqeyinə baxmayaraq, Laricani çox vaxt praqmatik və İran sistemində kompromisə meylli fiqur kimi qiymətləndirilir. Bu baxış qismən onun 2015-ci il nüvə sazişini dəstəkləməsi ilə bağlıdır. Cari eskalasiyadan bir neçə həftə əvvəl Laricaninin ABŞ ilə dolayı danışıqlarda iştirak etdiyi bildirilirdi.
Fevral ayında Oman vasitəçiliyi ilə aparılan danışıqlar zamanı o bildirib ki, Tehran Vaşinqtondan konkret təklif almayıb və İsraili diplomatik xətti pozaraq “müharibə alovlandırmağa” çalışmaqda ittiham edib.
İndi Əli Laricani qarşısında taleyüklü bir məsələ dayanır - zamanında “Rəhbərin ardıcılları” partiyasının təsis etmiş siyasətçi indi adaşı və lideri - Əli Xameneinin ardıcılı olmağı bacaracaqmı və İrandakı teokratik sistemin varlığını qoruya biləcəkmi? Axı ölümündən az əvvəl Xameneinin bütün səlahiyyətlərini ona verdiyini deyirdilər...
Emil SALAMOĞLU,
“Yeni Müsavat”ın redaktoru
Xəbəri paylaş



























