Ölüm faktından sonra da dayanmayan cərrah – kim qoruyur Seymur Məmmədovu?
18-03-2026, 11:19
Azərbaycan səhiyyə sistemində ciddi suallar doğuran növbəti qalmaqallı vəziyyət ortaya çıxıb. Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləğv edilmiş həkim Seymur Məmmədovun hələ də plastik cərrahiyyə əməliyyatları həyata keçirməsi ilə bağlı redaksiyamıza daxil olan məlumatlar narahatlıq doğurur.Fəaliyyəti rəsmi qaydada dayandırılmış bu şəxs hazırda “Kəpəz Hospital”da əmək müqaviləsi olmadan fəaliyyət göstərir. Bu isə bir neçə qanunun açıq şəkildə pozulması deməkdir.Məsələ ilə bağlı Mediatv.az xəbər portalı adından həm Əmək Müfəttişliyinə, həm də Vergi Xidmətinə rəsmi sorğular ünvanlanıb. Sorğuların biri elektron, digəri isə kağız daşıyıcı vasitəsilə göndərilib. Son müraciət 15 yanvar 2026-cı il tarixində edilsə də, artıq iki aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir rəsmi cavab verilməyib.Bu isə artıq “İnformasiya əldə etmək haqqında” Qanunun açıq şəkildə pozulmasıdır.Bu susqunluq nə ilə izah olunur?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi olmadan işə cəlb etmə qanun pozuntusudur və inzibati məsuliyyət yaradır.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinə əsasən, əmək müqaviləsi bağlanmadan işçinin işə cəlb olunması qadağandır və bu, inzibati məsuliyyət yaradır. Lakin görünən odur ki, bu norma sadəcə kağız üzərində qalıb. Bununla yanaşı, Vergi Məcəlləsinin tələblərinə görə qeydiyyatsız və uçotsuz sahibkarlıq fəaliyyəti qanunsuz sayılır və ciddi maliyyə sanksiyaları nəzərdə tutulur. Əgər bir şəxs tibbi xidmət göstərir, lakin vergi uçotunda bu fəaliyyət əks olunmursa – bu artıq kölgə iqtisadiyyatı deyil, açıq qanun pozuntusudur. Ən təhlükəlisi isə odur ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsinə əsasən, müvafiq ixtisas və sertifikatı olmayan şəxslərin tibbi fəaliyyətlə məşğul olması qəti şəkildə qadağandır. Sertifikatı ləğv edilmiş bir şəxsin əməliyyat aparması isə hüquqi baxımdan qanunsuz tibbi fəaliyyət, daha ağır nəticələr olduqda isə cinayət məsuliyyəti yaradır. Bütün bu qanun normalarına baxmayaraq, Seymur Məmmədov fəaliyyətini davam etdirir və aidiyyəti qurumlar buna göz yumur.Daha dəhşətlisi isə odur ki, bu məsələ sadəcə kağız üzərində qalan qanun pozuntusu deyil – artıq ölüm faktı ilə müşayiət olunan bir hadisədir.
Xatırladaq ki, ötən ilin 15 avqust tarixində paytaxtda yerləşən “Etalon Hospital”da baş verən faciəvi hadisə bu məsələnin nə qədər ciddi olduğunu bir daha göstərmişdi. Tanınmış psixoloq Nilufər Abdullanın məhz sertifikatı ləğv edilmiş həkim tərəfindən plastik cərrahiyyə əməliyyatına cəlb olunduğu və əməliyyatdan sonra vəfat etdiyi bildirilirdi.Belə bir hadisədən sonra nəzarət mexanizmlərinin daha da gücləndirilməsi gözlənilirdi. Lakin görünən odur ki, vəziyyət dəyişməyib.Sual yaranır:Səhiyyə Nazirliyi, Əmək Müfəttişliyi və Vergi Xidməti niyə susur,qanunlar niyə tətbiq olunmur,vətəndaşların həyatı kimə əmanət edilib? Və ən əsası – növbəti faciə üçün kim məsuliyyət daşıyacaq?Əgər dövlət qurumları bu cür açıq qanunsuzluqlara reaksiya vermirsə, bu artıq sadəcə səhlənkarlıq deyil – ictimai təhlükəsizliyə biganə yanaşmadır.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Mediatv.az
Xəbəri paylaş



























