Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi

 
Bu gün, 10:00           
Növbəti tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibə qaydası təsdiqlənib.
Əyalətmedia.az Trend-ə istinadla xəbər verir ki, I sinfə qəbul üzrə müsahibələr ildə 1 (bir) dəfə olmaqla cari ilin may-iyun aylarında, II-XI siniflər üzrə müsahibələr 2 (iki) dəfə olmaqla cari ilin avqust və növbəti ilin yanvar aylarında keçiriləcək.
Müsahibələrin keçirilməsi ilə bağlı Nazirlik və ya yerli bölmələrin rəsmi internet saytında və mediada müsahibələrin başlamasına azı 1 (bir) ay qalmış elan veriləcək. Müsahibə ərizəçinin razılığı ilə videoçəkiliş aparılmaqla, azı 20 dəqiqə müddətində keçiriləcək.
Müsahibədə şagirdin dinləyib-anlama bacarığı, rabitəli danışma bacarığı, söz ehtiyatı, hərf və səsləri anlama və tələffüz etmə, danışma bacarığı, yazı bacarığı yoxlanılacaq.
Müsahibədən 12 və daha çox bal toplamış uşaq (şagird) müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.
Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində ərizəçinin elektron kabinetinə göndərilir. Ərizəçiyə kənar müdaxilələr etmədən müsahibə prosesini izləməyə icazə verilir. Üzrlü səbəblərdən (rəsmi sənədlə təsdiq edildiyi halda – bədbəxt hadisə, təbii və fövqəladə hallar, xəstəlik, uşağın və (və ya) ərizəçinin müalicəsi, ərizəçinin xidməti ezamiyyədə olması) I sinfə qəbul üzrə müsahibədə iştirak etməyən uşaqlar üçün müsahibələr cari ilin avqust ayında təşkil olunacaq.
Qeyd edək ki, müsahibələr müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri tərəfindən həyata keçirilir.



Xəbəri paylaş


 
 


Xəbər lenti