Zelenskinin İrəvana mümkün səfəri gərginlik yarada bilər
Bu gün, 14:03
İrəvanda keçiriləcək sammit öncəsi Ukrayna prezidentinin mümkün səfəri Ermənistan daxilində narahatlıq doğurub.Musavat.com xəbər verir ki, Ermənistan müxalif düşərgəsində Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvana mümkün səfəri ilə bağlı açıq narahatlıq müşahidə olunur.
“Alternativ layihələr” ekspert qrupunun üzvü və “Çiçəklənən Ermənistan” partiyasından deputatlığa namizəd Vahe Ovannisyan bildirib ki, yaxın günlərdə keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammiti Zelenskinin iştirakı ilə tam fərqli məzmun ala bilər.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan üçün bu tədbir seçki kampaniyasının əsas elementi kimi planlaşdırılıb. Lakin Zelenskinin mümkün səfəri bu planları dəyişə bilər.
Ovannisyan hesab edir ki, Ukrayna liderinin İrəvana gəlməsi fonunda diqqət mərkəzi Paşinyandan Zelenskiyə keçəcək və Ermənistan bir neçə gün ərzində daha çox anti-Rusiya gündəminin mərkəzinə çevrilə bilər.
O bildirib ki, bu vəziyyət region ölkələrinin – xüsusilə İran, Gürcüstan və Türkiyənin reaksiyasına səbəb ola bilər.
Müxalif siyasətçi Rusiyanın da mümkün addımlarını istisna etməyib və qeyd edib ki, Moskva belə bir fonu diqqətsiz qoymayacaq.
Ovannisyanın fikrincə, Avropa liderləri üçün bu cür proseslər əsasən siyasi nümayiş xarakteri daşıyır və onların Ermənistan üçün mümkün nəticələrə xüsusi həssas yanaşacağı gözlənilmir.
O əlavə edib ki, belə bir ssenaridə Ermənistan həm xarici siyasətdə, həm də daxili ictimai rəy baxımından yeni və daha gərgin mərhələyə daxil ola bilər.
Xəbəri paylaş



























