“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA

 
Bu gün, 15:31           
“VATA” MMC son 5 gündə 5 tenderin qalibi olub.
Tribuna.az xəbər verir ki, şirkət təkcə dünən üç tender “udub”.
Belə ki, İqtisadiyyat Nazirliyinin Tikinti Təchizat Birliyi “Sahibkarlar Günü” tədbirinin keçirilməsi ilə əlaqədar xidmətlərin satın alınmasını bu şirkətə həvalə edib. Tərəflər tədbirin təşkili üçün 79 min 632 manata anlaşıblar.
Eyni gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) keçirdiyi tenderin də qalibi olan “VATA” MMC qurum üçün dini maarifləndirmə tədbirlərinin keçirilməsinin reallaşdıracaq. Bu işlər 188 min 158 manata başa gələcək.
Üçüncü tender isə “VATA”nın ən sevimli dövlət qurumu olan Dövlət Turzim Agentliyinin (DTA) keçirdiyi olub. Belə ki, Yaxın Şərq ölkələrində 2026-ci il üçün təbliğat xidmətlərinin satın alınmasını əhatə edən bu müsabiqəyə görə, Agentlik şirkətə 674 min 900 manat ödəyəcək.
Tribuna.az-ın araşdırmasına görə, ötən həftə “VATA” MMC DTA-nın daha üç tenderinin qalibi olub. Şirkət DTA-nın “Şuşa 2026 – İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı” çərçivəsində silsilə tədbirlərin, Türkiyədən jurnalist, blogger və turizm şirkətinin nümayəndələrinin gətirilməsi və “Şuşa 2026 – İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı” çərçivəsində qastronomiya tədbirinin keçirilməsi xidmətlərinin satın alınmasını reallaşdırıb. Bu xidmətlərə görə isə dövlət qurumundan sıralama ilə 257 min 664 manat, 270 min 953 manat və 245 min 32 manat pul alıb.
Onu da xatırladaq ki, bu ilin fevralında “VATA” MMC ilə DTA arasında 12 tender razılaşması qeyddə alınıb. Bu işlərin müqabilində isə Agentlik şirkətə toplam 6 milyon 51 min 904 manat ödəniş edib.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “VATA” MMC 2019-cu ildə yaradılıb. Şirkətin rəhbəri Faiq Məhəmməd oğlu Məmmədovdur. Şirkətin xüsusi olaraq başqa işlərdə adı çəkilmir. Sanki yalnız tender üçün yaradılıb. Eyniylə Faiq Məmmədov haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.






Xəbəri paylaş


 
 


Xəbər lenti