“Qafqazın Fələstini, Fars imperiyasının bir parçası…” – Rusiya nəşrində Azərbaycana həqarət
Dünən, 11:29
“Svobodnaya Pressa”da dərc olunan məqalədə Azərbaycan dövlətçiliyinə, tarixi keçmişinə və “Qərbi Azərbaycan” məsələsinə dair mübahisəli fikirlər səsləndirilib. Rusiyalı ekspertlərin şərhləri ilə müşayiət olunan yazıda Azərbaycan ərazilərinin tarixi barədə birtərəfli mülahizələr irəli sürülüb.Rusiyanın “Svobodnaya Pressa” nəşrində dərc olunan “İki minillik Ermənistanın Bakıda yaxın sonunu proqnozlaşdırırlar” sərlövhəli məqalədə Azərbaycan-Ermənistan münasibətləri, “Qərbi Azərbaycan” məsələsi və regionun tarixi ilə bağlı mübahisəli iddialar yer alıb.
Məqalənin müəllifi Dmitri Rodionov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun “Qərbi Azərbaycana qayıdış əsas vəzifələrimizdən biridir” fikrini şərh edərək, Azərbaycanın ərazi iddialarının olub-olmaması barədə sual qoyur. Halbuki Azərbaycan tərəfi Qərbi Azərbaycan məsələsini Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi yurdlarına sülh yolu ilə qayıtmaq hüququ kontekstində təqdim edir.
Yazıda siyasi analitik Mixail Neyjmakovun fikirlərinə geniş yer verilir. O, rəsmi Bakının “Qərbi Azərbaycan” ifadəsi ilə indiki Ermənistan ərazisini nəzərdə tutduğunu bildirir və bu mövzunun İrəvana informasiya təzyiqi vasitələrindən biri olduğunu iddia edir. Neyjmakov eyni zamanda Qərbi Azərbaycan İcmasının 2023-cü ildə qəbul etdiyi Qayıdış Konsepsiyasına toxunur. Sənəddə Ermənistanın beynəlxalq səviyyədə tanınmış dövlət olduğu qəbul edilsə də, ekspert beynəlxalq missiyanın yaradılması, təhlükəsizlik və yerli idarəçilik məsələləri ilə bağlı müddəaları önə çəkir. Bu müddəalar əsasında gələcəkdə kütləvi qayıdışın Ermənistanın siyasi qüvvələri tərəfindən qəbul edilməsinin çətin olacağını söyləyir.

Məqalədə Azərbaycanın tarixi ilə bağlı daha mübahisəli fikirlər də səsləndirilir. Məqalənin ən mübahisəli hissələrindən biri isə Rusiya Hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinovun Azərbaycan və Ermənistanın tarixi, eləcə də regionun gələcəyi barədə səsləndirdiyi fikirlərdir.
“Əslində, etiraf etmək vacibdir ki, Ermənistan da, Azərbaycan kimi, 1991-ci ildə meydana çıxmış dövlətlərdir”, – deyə rusiyalı ekspert bildirir.
Blinov Azərbaycanın tarixi keçmişindən danışarkən iddia edir: “Azərbaycan Fars imperiyasının bir hissəsi olub, daha sonra Rusiya imperiyasının tərkibinə daxil olub. Qədim dövrlərdə isə onun ərazisində, bəlkə də, yalnız ayrı-ayrı feodal knyazlıqları mövcud olub”.
Ekspert bununla da kifayətlənmir və Azərbaycan-Ermənistan münasibətlərini Fələstin məsələsi ilə müqayisə edir: “Qafqazdakı vəziyyət, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri, Fələstindəki vəziyyətə çox bənzəyir. Bir tərəfdə bu torpaqların qədim zamanlarda ermənilərə məxsus olduğunu iddia edən xalq var, digər tərəfdən isə yaxın keçmişdə indiki Ermənistan ərazilərində əsasən azərbaycanlılar yaşayıb”. Blinovun fikrincə, bu mübahisənin asan həlli yoxdur və tarixi iddialar gələcəkdə də gündəmə gələcək.
Diqqətçəkən məqam budur ki, nəşrdə Azərbaycan rəsmisinin açıqlaması müzakirə edilərkən ölkənin tarixi keçmişi barədə mübahisəli mülahizələr faktlarla eyni müstəvidə təqdim olunur. Halbuki imperiyaların tərkibində olmaq, müasir dövlətin yaranma tarixi və xalqın tarixi mövcudluğu bir-birindən fərqli məsələlərdir.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də yaradılıb, Azərbaycan Respublikası isə 1991-ci ildə dövlət müstəqilliyini bərpa edib. Buna görə də Azərbaycanın müasir dövlət quruluşunun yaranma tarixini xalqın və onun yaşadığı ərazilərin bütün tarixi ilə eyniləşdirmək düzgün deyil.
Rusiya nəşrinin yazısı bir daha göstərir ki, Cənubi Qafqazda tarixi keçmişə dair mübahisələr yalnız akademik müzakirə mövzusu deyil, həm də siyasi informasiya mübarizəsinin tərkib hissəsidir…/musavat.com
Xəbəri paylaş

























