Nərgiz Şərifovanın kadr seçimləri suallar doğurur-FOTO
Dünən, 10:29
Bakı Baş Səhiyyə Mərkəzinin rəhbəri Nərgiz Şərifova vəzifəyə təyin olunduqdan sonra kadr dəyişikliklərinə start verib. Təbii ki, səhiyyə sistemində kadr islahatlarının aparılması, idarəetmənin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi vacibdir. Ancaq burada əsas məsələ dəyişikliklərin aparılması deyil, hansı prinsiplərlə və hansı meyarlar əsasında həyata keçirilməsidir. Çünki kadr islahatı şəxsi münasibətlərin möhkəmləndirilməsi vasitəsinə çevrilirsə, bundan nə tibb müəssisələri, nə də vətəndaşlar fayda görə bilər. Redaksiyaya daxil olan məlumatlar Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 43 saylı çoxprofilli poliklinikada aparılan kadr dəyişiklikləri ilə bağlı ciddi suallar doğurur. İddialara görə, Nərgiz Şərifovanın yaxın münasibətdə olduğu bildirilən İradə Hüseynova adlı həkim həmin poliklinikada baş həkimin müavini vəzifəsinə təyin edilib. Məlumatlarda onun əvvəllər məktəblərə təhkim olunmuş həkim kimi fəaliyyət göstərdiyi bildirilir. Lakin ortaya çıxan suallar cavabsız qalmamalıdır: İradə həkimin həmin vəzifəyə təyin olunması hansı peşəkar göstəricilərə əsaslanıb? Onun əvvəlki iş fəaliyyəti, təcrübəsi və idarəçilik bacarıqları qiymətləndirilibmi? Məsələnin digər diqqətçəkən tərəfi isə 43 saylı poliklinikanın rəhbər heyətinin formalaşdırılması ilə bağlıdır.Məlumatlara görə,çoxprofilli poliklinikanın yeni təyin olunmuş baş həkimi Naibə Əzizova da pediatrdır, onun müavini kimi təqdim edilən İradə Hüseynova da pediatrdır. Hər iki rəhbər şəxsin eyni ixtisas üzrə olması görəsən qanunvericilikdə necə tənzimlənir? Belə bir seçim zamanı müəssisənin ümumi fəaliyyətinin təşkili, idarəçilik təcrübəsi, digər tibbi istiqamətlərin əlaqələndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi kimi meyarların necə nəzərə alındığı izah olunmalıdır.
Redaksiyamıza daxil olan daha bir məlumata görə, Nərgiz Şərifovanın İradə həkimi gələcəkdə 43 saylı poliklinikanın baş həkimi vəzifəsinə təyin etməyə hazırlaşdığı iddia olunur. Əgər bu məlumat təsdiqini taparsa, təbii sual yaranacaq: rəhbər vəzifələrə təyinat zamanı əsas meyar peşəkarlıq və idarəçilik təcrübəsidir, yoxsa rəhbərlə şəxsi yaxınlıq?
Səhiyyə müəssisəsi kiminsə şəxsi münasibətlərini qorumaq, tanışlarını irəli çəkmək və ya dostluq əlaqələrini vəzifə üstünlüyünə çevirmək üçün yaradılmayıb. Burada söhbət insanların sağlamlığından, tibbi xidmətin keyfiyyətindən və dövlət qurumlarına olan ictimai etimaddan gedir. Həkimlərin və rəhbər şəxslərin təyinatı şəxsi münasibətlərə deyil, obyektiv meyarlara, peşəkarlığa, təcrübəyə və qanunvericiliyin tələblərinə əsaslanmalıdır. 43 saylı poliklinikada kadr qərarları hansı meyarlarla verilib? İradə həkimin müavin vəzifəsinə təyinatının hüquqi və peşəkar əsasları nədən ibarətdir? Baş həkim və müavin vəzifələrinə təyinat zamanı alternativ namizədlər və onların təcrübəsi nəzərdən keçirilibmi? Kadr islahatı adını daşıyan hər dəyişiklik avtomatik olaraq uğurlu islahat sayıla bilməz. Əsl islahat peşəkar kadrların üzə çıxarılması, məsuliyyətin artırılması, tibbi xidmətin yaxşılaşdırılması və idarəetmədə şəffaflığın təmin edilməsidir. Əks halda, cəmiyyətdə şəxsi münasibətlərin peşəkarlıqdan üstün tutulduğu barədə şübhələr yaranır.Redaksiyamız qarşı tərəfin mövqeyini dərc etməyə və təqdim ediləcək rəsmi cavabı oxuculara çatdırmağa hazırdır.Mediatvaz.com məsələni diqqətdə saxlayacaq.
Xəbəri paylaş

























