AZƏRBAYCAN İQTİSADİYYATINI NƏ GÖZLƏYİR? - İqtisadçıdan AÇIQLAMA

 
Dünən, 10:43           
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını aşağı salıb.
Belə ki, təşkilat 2026-cı ildə ölkə iqtisadiyyatının 1,7 faiz, 2027-ci ildə isə 2,3 faiz artacağını gözləyir. Əvvəlki proqnozlarda bu göstəricilər müvafiq olaraq 2,2 və 2,8 faiz təşkil edirdi. Eyni zamanda, 2027-ci il üzrə inflyasiya gözləntisi 4,2 faizdən 5,6 faizə yüksəldilib. Bu dəyişikliklər ölkə iqtisadiyyatının inkişaf tempi və qiymət artımı ilə bağlı gözləntilərin yenidən nəzərdən keçirildiyini göstərir.
Bu barədə iqtisadçı Xalid Kərimli "AzPolitika"ya şərhində bildirib ki, iqtisadi artım proqnozlarının aşağı salınmasının bir neçə səbəbi var.
Onun sözlərinə görə, bu amillər arasında neft hasilatının azalması, qeyri-neft sektorunda artım tempinin zəifləməsi və inflyasiyanın iqtisadi fəallığa təsiri xüsusi yer tutur.
İqtisadçı qeyd edib ki, neft hasilatı uzun müddət Azərbaycan iqtisadiyyatının əsas dayaqlarından biri olub. Lakin hasilatın azalması ümumi iqtisadi artıma da təsir göstərir. Digər tərəfdən, əvvəlki illərlə müqayisədə qeyri-neft sektorunda da artım templəri zəifləyib. Əgər əvvəllər bu sahədə artım daha yüksək göstəricilərlə ifadə olunurdusa, son illərdə artım əsasən 2-3 faiz ətrafında dəyişir.


Xalid Kərimlinin fikrincə, inflyasiya da iqtisadi artıma təsir edən amillərdəndir: "Qiymətlərin yüksəlməsi əhalinin alıcılıq qabiliyyətini və istehlak tələbini zəiflədə bilər. Bununla yanaşı, beynəlxalq münaqişələr və xarici bazarlarda baş verən dəyişikliklər də idxal olunan məhsulların qiymətlərinə təsir göstərərək iqtisadi vəziyyəti mürəkkəbləşdirir. İqtisadi artımın sürətlənməsi üçün ölkədə istehsalın və investisiyaların təşviqi, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində tədbirlər gücləndirilməlidir".
İqtisadçının sözlərinə görə, kənd təsərrüfatı, aqrar-sənaye, metallurgiya və dağ-mədən sənayesi, emal istehsalı, sənaye klasterləri, informasiya-kommunikasiya texnologiyaları və alternativ enerji iqtisadi inkişaf baxımından əhəmiyyətli istiqamətlərdir. Bununla yanaşı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialından daha səmərəli istifadə və turizmin inkişafı da iqtisadi fəallığın artırılmasına töhfə verə bilər.
Xalid Kərimli vurğulayıb ki, bu sahələr üzrə təşəbbüslərlə yanaşı, ümumi iqtisadi islahatların davam etdirilməsi də ölkənin daha yüksək artım tempinə nail olması baxımından vacibdir.




Xəbəri paylaş


 
 


Xəbər lenti