III MDB Oyunlarının keçirilməsi həm milli iqtisadiyyata, həm də beynəlxalq əməkdaşlıq imkanlarına töhfə verəcək - RƏY

 
25-01-2025, 16:12            4 dəfə baxılıb
Məlum olduğu kimi, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə müsbət təsirini göstərəcək. III MDB Oyunlarının 2025-ci ildə qədim Gəncə şəhərində keçirilməsi regionlarımızın beynəlxalq tədbirlərə təşviqi sahəsində atılan uğurlu addımdır. Bu cür beynəlxalq idman yarışlarına ölkəmizin ev sahibliyi etməsi tələbə-gənclərin ictimai həyatda aktivliyinin təmini, onların könüllülük fəaliyyətlərinin inkişafına mühüm töhfədir. 
 
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki,  III MDB Oyunlarının Gəncədə keçirilməsi ilə bağlı Azərbaycanın beynəlxalq yarışlara, tədbirlərə, böyükmiqyaslı işlərə ev sahibliyi etməsindən irəli gələn etimaddır: 
 
ETN yanında İctimai Şuranın üzvü arayış məsələsinə aydınlıq gətirdi:  “Yalnız I sinfə qəbul olunanlardan tələb edilir” Pravda.az
 
“İndiyə qədər ölkəmizdə istər humanitar sahədə, istər idman sahəsində keçirilən mötəbər tədbirlərə ev sahibliyi etmək təcrübəsi mövcuddur. III MDB Oyunlarının Azərbaycanda keçirilməsinin tələbə-gənclərin inkişafında müstəsna əhəmiyyəti var. Çünki bu tədbirdə MDB ölkələrinin müxtəlif universitetlərində təhsil alan tələbə-gənclər bir araya gələcək, öz bacarıqlarını ortaya qoyacaqlar. Bu yarışlar yaş baxımından xüsusilə gəncləri əhatə edir. III MDB Oyunları təkcə yarışma deyil, əməkdaşlıq, gələcək dostluqlar, münasibətlərin formalaşması baxımından böyük əhəmiyyəti var. İstər bilik, istərsə də idman cəhətdən tələbələrin öz üzərilərində daha çox çalışmalarına, sağlam ruhda yetişmələrinə də təsirini göstərəcək. Gənclərin fiziki baxımdan güclü olmalarına, həvəskar idmançılar olaraq sağlam həyat tərzinin onların arasında təşviqinə gətirib çıxaracaq. Azərbaycanlı tələbələrlə ayrı-ayrı ölkələrin universitetlərində təhsil alan tələbələr arasında yaranan dostluq münasibətləri gələcəkdə xalqlararası dostluqlara çevriləcək. Dünyanın fərqli məkanlarında məhz tələbələri əhatə edən bu kimi yarışların keçirilməsi gənclərin formalaşması baxımından əhəmiyyətini zaman-zaman görmüşük. III MDB Oyunları da bu istiqamətdə həyata keçirilən növbəti işlərdən biridir. Böyük kütləvilik kəsb edən tədbirlərdə könüllülük hərəkatı inkişaf etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən könüllülüyün inkişafı ilə bağlı böyük layihələr həyata keçirilib. Hətta 2020-ci il ölkəmizdə “Könüllülər İli” elan olunmuşdu. Bu, könüllülük hətəkatının geniş vüsət almasına gətirib çıxarmışdı. İnanırıq ki, III MDB Oyunlarında da yeni nəsil könüllülər formalaşacaq”. 
 
Təhsil eksperti Kamran Əsədov də deyib ki, III MDB Oyunlarının 2025-ci ildə Gəncədə keçirilməsi Azərbaycanın tələbə-gənclərinin fiziki, sosial və mədəni inkişafına müsbət təsir göstərə biləcək mühüm hadisədir: 
 
Kamran Əsədov: “Tələbələr işləməməlidir” Pravda.az
 
“Bu oyunlar ölkə gənclərinin sağlam həyat tərzinə daha çox inteqrasiya olunmalarını təşviq etməklə yanaşı, könüllülük hərəkatını gücləndirəcək və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirəcək. Eyni zamanda tədbirin müsbət tərəflərini daha dərindən analiz etmək üçün həm statistik göstəricilərə, həm də milli qanunvericiliyə istinad etmək vacibdir. İlk növbədə, MDB Oyunlarının keçirilməsi Azərbaycan tələbə-gənclərinin idmana olan marağını artıracaq və onların fiziki inkişafını stimullaşdıracaq. Statistika göstərir ki, Azərbaycanda 2023-cü ilin sonuna olan məlumatlara əsasən, idmanla məşğul olan gənclərin faizi təxminən 30% təşkil edir. Bu göstəricinin artırılması üçün belə beynəlxalq miqyaslı tədbirlər müstəsna əhəmiyyət kəsb edir. Fiziki aktivlik yalnız sağlamlıq baxımından deyil, həm də gənclərin sosial bacarıqlarının inkişafı, əməkdaşlıq və liderlik qabiliyyətlərinin güclənməsi baxımından vacibdir. III MDB Oyunları zamanı müxtəlif idman növləri üzrə yarışlar, gənclər arasında idman rəqabəti və komanda işi hissini təşviq edəcək. “Gənclər siyasəti haqqında” qanunun 4.1-ci maddəsində də gənclərin fiziki inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğu vurğulanır. MDB Oyunları kimi tədbirlər isə bu siyasətin praktiki tətbiqində mühüm vasitədir. Tədbirin keçirilməsi eyni zamanda könüllülük hərəkatının güclənməsinə töhfə verəcək. Gəncə şəhərində keçiriləcək oyunlara yüzlərlə yerli və beynəlxalq könüllünün cəlb olunacağı gözlənilir. Bu, gənclərin sosial inteqrasiyasını, müxtəlif mədəniyyətlərə hörmət hissini artıracaq. Könüllülər həmçinin təşkilati bacarıqlarını inkişaf etdirərək gələcək karyeralarında üstünlük qazanacaqlar. 2022-ci ildə Azərbaycanın gənclər siyasəti çərçivəsində həyata keçirilən layihələrin təhlili göstərir ki, ölkədə könüllülük fəaliyyətinə cəlb olunan gənclərin sayı 2019-cu ilə nisbətən 40% artıb. Bu göstərici MDB Oyunları kimi tədbirlərin könüllülük hərəkatını daha geniş miqyasda inkişaf etdirəcəyini göstərir. “Könüllülük fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə əsasən, könüllülük gənclərin şəxsi inkişafı və ictimai həyata inteqrasiyası baxımından mühüm rol oynayır. MDB Oyunlarının təşkilatçılığı bu maddənin praktiki tətbiqinə birbaşa dəstək verəcək”. 
 
Ekspertin sözlərinə görə, III MDB Oyunlarının keçirilməsi həmçinin ölkənin turizm potensialını gücləndirəcək və Gəncə şəhərinin beynəlxalq aləmdə tanınmasına töhfə verəcək: “Gəncə Azərbaycanın qədim şəhərlərindən biri kimi zəngin mədəni-tarixi irsə malikdir. Bu tədbir zamanı şəhərə gələcək beynəlxalq iştirakçılar və turistlər Azərbaycanın tarixi, mədəniyyəti və milli adət-ənənələri ilə tanış olmaq imkanı qazanacaqlar. Bununla yanaşı, oyunlar üçün qurulan infrastruktur – idman kompleksləri, stadionlar və turizm obyektləri uzunmüddətli perspektivdə Gəncə və ətraf bölgələrin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək. Belə infrastruktur layihələrinin həm yerli əhaliyə, həm də gələcək nəsillərə xidmət edəcəyi gözlənilir. Dünya təcrübəsi göstərir ki, beynəlxalq idman tədbirləri ev sahibi ölkələr üçün çoxşaxəli üstünlüklər yaradır. Məsələn, 2019-cu ildə Belarusda keçirilən Avropa Oyunları Minsk şəhərinin beynəlxalq miqyasda tanınmasına ciddi töhfə vermişdi. Bu tədbir zamanı Belarus hökuməti idman infrastrukturunun, turizmin inkişafına 100 milyon dollardan artıq sərmayə yatırmış və bu, ölkəyə gələn turist sayını 20% artırmışdı. MDB Oyunlarının Azərbaycanda keçirilməsi də oxşar müsbət təsirlər yaradacaq. Ölkəmizdə belə bir tədbirin keçirilməsi həm milli iqtisadiyyata, həm də beynəlxalq əməkdaşlıq imkanlarına töhfə verəcək. Bir sözlə, III MDB Oyunlarının Gəncədə keçirilməsi Azərbaycan tələbə-gəncləri üçün çoxşaxəli inkişaf imkanları təqdim edir. Tədbir gənclərin fiziki sağlamlığını artıracaq, onları beynəlxalq miqyasda iştirak etməyə təşviq edəcək və könüllülük hərəkatını genişləndirəcək. Eyni zamanda ölkənin mədəni irsi tanıdılacaq, turizm potensialı artacaq və yerli infrastruktur müasirləşəcək. Tədbirin uğuru düzgün planlaşdırma və strategiya ilə daha da möhkəmləndirilə bilər. Azərbaycanın bu fürsətdən maksimum faydalanması həm gənclər siyasətinin, həm də ölkənin ümumi inkişafının gələcək istiqamətlərini müəyyən edəcək”. 
 
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub. 



 
 



Xəbəri paylaş


 
 


Xəbər lenti