Meşəlik ərazidə tikintinin qarşısı alındı - Zakir Fərəcovun rəhbərlik etdiyi qurumun iz itirmək cəhdləri

 
Dünən, 21:17            26 dəfə baxılıb
"Sumqayıt şəhərinin Nəsimi parkında, Göyərçin abidəsi adlanan ərazinin yaxınlığında yaşıllıq sahənin hasarlanması və həmin yerdə ağacların kəsilməsi ehtimalının olması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.
 
O bildirib ki, araşdırma zamanı sözügedən ərazinin metal lövhə ilə hasarlanması işlərinin aparıldığı təsdiqlənib:
 
"Hasarlanmış sahədə ağacların kəsilməsi faktı qeydə alınmayıb.
 
Hasarın sökülməsi üçün Sumqayıt Şəhər Nəsimi adına Mədəniyyət və İstirahət Parkının rəhbərliyinə müraciət edilib və hazırda ərazidə hasarın sökülməsi işləri aparılır".
 
İradə İbrahimova həmçinin qeyd edib ki, ərazidəki mövcud yaşıllıqlar qeydə alınaraq nəzarətə götürülüb.
 
"Mühafizə edilməsi və onlara aqrotexniki xidmət göstərilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanacaq", - deyə o fikrini yekunlaşdırıb.
 
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən ötən gün Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, sözügedən parkda quru və təhlükəli vəziyyətdə olan ağaclarla bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib. Rəy əsasında həmin ağaclar ərazidən götürülür və yerində yeni ağaclar əkilir.
 
Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün verdiyi açıqlamadan aydın olur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin verdiyi cavab və göstərdiyi ünvan doğru deyil. Əslində, həmin ərazidə ağaclar kəsilməsə də, tikinti işləri aparılıb.
 
Maraqlıdır ki, İcra Hakimiyyətinin bu cür səhlənkar, dəqiq yoxlanılmayan və qeyri-peşəkar cavabı anlaşılan deyil və heç bir məntiqə sığmır.
 
Görünür, meşəlik ərazidə tikintinin aparılmasına göz yuman Sumqayıt Şəhər İcra Hakimiyyəti ölkəmizdə keçirilən COP29 tədbirinin mahiyyətini anlamayıb.
 




Xəbəri paylaş


 
 


Xəbər lenti