Oliqarx deputatların inhisarındakı DƏRMAN BAZARI... - NƏ ETMƏLİ?

 
14-10-2022, 13:14            100 dəfə baxılıb
Payız-qış mövsümündə infeksion və xroniki xəstəliklərin artması dərmana olan tələbatı artırır. Ölkədə isə ciddi problemlərdən biri də dərman qıtlığı ilə bağlıdır. Fərqli dövrlərdə məsələnin həlli istiqamətində xarici şirkətlərin Azərbaycanda zavodlar açacağı, dərman bazarını zənginləşdirmək üçün müxtəlif ölkələrlə ticarət əlaqələrinin genişləndiriləcəyi barədə fikirlər səsləndirilsə də, belə görünür ki, ortada hələ də nəticə yoxdur.

Azərbaycana dərman ixrac edən Rusiya və Ukrayna arasında müharibənin uzun müddət davam etməsi isə əhali üçün vəziyyəti daha da qəlizləşdirib. Azərbaycana dərman idxalını həyata keçirən Ukraynanın əczaçılıq sənayesində infrastruktur problemləri var. Bu vəziyyətin ölkədə dərman defisitinə gətirib çıxarması gözlənilən idi, o səbəbdən alternativ bazarlar tapmalı idik. Çünki bu müharibənin nə vaxt bitəcəyi, Ukraynada bu infrastrukturun nə vaxt bərpa olunacağı, onun sonrakı statusunun necə olacağı bəlli deyil. Vəziyyət gündən-günə pisə doğru gedir. Ekspertlərə görə, dərman biznesi ayrı-ayrı qrupların monopoliyasında olduğundan vəziyyətin düzəldilməsi qəlizdir. İndiki vəziyyətdə dərman qıtlığı təkcə müharibə ilə əlaqədar deyil, problemin kökü daha dərindir. Ölkədə dərman monopoliyası var. Biznesmenlərə, imkanlı şəxslərə imkan verilmir ki, müstəqil şəkildə dərman preparatlarını Çin, Hindistan kimi ucuz istehsalçılardan alsınlar.

Parlamentin son iclasında bu məsələ müzakirə olunub. Rüfət Quliyev deyib ki, “Adrenalin” adında dərmanın olmaması səbəbindən cərrahiyyə əməliyyatı dayandırılıb. “Bu gün hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu problemin mövcudluğunu təsdiqləyib: “ Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır”.

Səhiyyə Nazirliyindən bildirilib ki, istənilən şirkət dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: “Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı "niyə apteklərdə yoxdur və niyə gətirilmir" sualına cavab olaraq bildirildi ki, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir". Dərman monopoliyasına qarşı nə etməli? Azərbaycanda niyə dərman sənayesi inkişaf etmədi?

İqtisadçı ekspert Xalid Kərimli dedi ki, ötən il Azərbaycana 21 566 ton dərman gətirilib, bunun dəyəri 408 milyon 633 dollar olub: “Bu, 408 milyonluq dəyərdə Rusiyanın payı 6.9 faizdir. Ukraynanın payı isə 4.3 faizdir. Əsas dərmanı gətirdiyimiz ölkələr Rusiya, Ukraynadan başqa Türkiyədir. Azərbaycana təqribən 19.1 faiz dəyərində dərman Türkiyədən gətirilir. Belarus 2.3 faiz, Almaniya 9.3 faiz, Fransa 8 faizdir. Hindistan 6.6 faizdir. İtaliya 5.8 faizdir. Çin cəmi 1.5 faizdir. Amma dərmanların çəkisinə baxanda birinci yerdə Rusiya gəlir. Rusiyadan və Ukraynadan gələn dərmanlar daha ucuzdur. Bunun da əsas səbəbi odur ki, logistika baxımından dərmanlar Rusiyadan daha rahat gətirilir. Daha dəyərli dərmanları isə təyyarə ilə dünyanın bütün ölkələrindən gətirmək olur. Ukraynadakı vəziyyət ortadadır, artıq 8 aydan çoxdur bu vəziyyət davam edir. Amma Səhiyyə Nazirliyinin də bu sahədə tədbir görməməyi ortadadır. Dərman gətirmək o qədər də asan məsələ deyil. Düzdür, Səhiyyə Nazirliyi çox rahat şəkildə deyir ki, dərmanları özəl şirkətlər gətirir. Amma dərman kartof , ya da qarpız, avtomobil deyil ki, özəl sektor bunu rahat şəkildə götürüb gəlsin. Bunun üçün dərmanların təsdiq edilməsi lazımdır. Bu işlə məşğul olan şirkətlərin lisenziyalaşdırılmış olması lazımdır. Dərmanların hər birinin tərkibi, uyğunluğunu Səhiyyə Nazirliyinin müvafiq qurumları təsdiq etməlidir. Avtomatik olaraq Səhiyyə Nazirliyinin burada böyük səlahiyyətləri ortaya çıxır. Hansısa qruplar isə dərmanlar üzrə bazarı öz aralarında bölüşdürür. Monopoliya olma ehtimalı bu sahədə böyükdür. Burada da məmurların rolu daha artıqdır. Səhiyyə Nazirliyi nə etməlidir? Bir az operativ fəaliyyət göstərməli idi, baş verə biləcək bu problemləri qarşılamaq üçün gözləməməli idi ki, Ukraynadan dərman alan şirkətin dərmanı qurtarsın, o da buna reaksiya versin. İdarəetmənin əsas o ağıllılığı problemi qabaqcadan görüb həll etməsidir. Bunu cəmiyyət hiss etməsin. Problemi həll etmək üçün dərmanları əhaliyə baha qiymətə satmaq da çıxış yolu deyil. Təcili surətdə digər dərman şirkətlərinin nümayəndələri ilə görüşüb bu dərmanların alternativ bazarlardan sürətli gəlişi, yoxlanması, təsdiqi proseslərini operativ həll etmək lazımdır. İkincisi, ümumi bazarı tənzimləmək üçün dərman biznesində müəyyənləşdirilmiş qruplar arasında monopoliyanın aradan qaldırılması üçün yeni oyunçuları bura cəlb etmək lazımdır. İmkan vermək lazımdır ki, digər şəxslər də bununla məşğul ola bilsin. Bu bazarda həm dərman bolluğunu artıracaq, həm də qiymətlərin tənzimlənməsinə gətirib çıxaracaq. Burada məsələ ondan ibarətdir ki, qiymətləri tənzimləyən qurum Tarif Şurasıdır. 10 mindən çox dərman var ki, onların qiymətini Tarif Şurası müəyyənləşdirir. Bazara sərbəstlik, imkan verilməlidir ki, özü tənzimlənsin, bu zaman dərmanlar da ucuzlaşa bilər”.

Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının dosenti, professor Aydın Əliyev dedi ki, əsas məsələ dərmanların keyfiyyətidir: “Camaat deyir, həkimə getdim, müalicə olunmadım. Soruşan yoxdur ki, axı bu dərmanı həkim gətirməyib?! Təbii ki, mən də istəyirəm ki, həmin dərman zavodları tez açılsın. Çox sevinərdik ki, dərman sənayesi işə düşsün. Burada iki məsələyə diqqət edilməlidir. Birincisi, Azərbaycanın özündə hansı bitkilərdən təbii dərmanları ala bilərik. Dərman sənayesi üzrə yerli istehlakçıların yerli məhsul istehsal etməsi, həm də yeni iş yerlərinin açılması deməkdir. Dərman istehsalı böyük sənayedir. Burada alimlər, bioloqlar, mühəndis, baytar, aqronom, kimyaçı, bir sözlə, hamı iştirak edir. Görün nə qədər yeni iş yerləri deməkdir. Bu, dövlətin problemidir, təbii ki... Bunlar həll olunmalıdır. Rəqabət sistemi qurulmalıdır. Rəqabət olmayanda ayrı-ayrı işbazlar istənilən sahəni ələ alırlar. Yoxsa bir, ya da beş nəfərdən asılı vəziyyətə düşürük”.

Farmakoloq dərmanların keyfiyyəti məsələsinə də toxunub: “Mən dərmanlara canlı varlıq kimi baxıram. Dərmanın keyfiyyətsizi o deməkdir ki, o dərmanın vaxtı keçib, o dərmanın tərkibində olan ionlar, atomlar, ayrı-ayrı bioloji aktiv maddələr artıq insan bədənində enerjini dəyişdirə bilmir. Dərmanlar bədəndə enerjini artırır, ya azaldır. Bu enerjini dəyişdirə bilmirsə, deməli, keyfiyyətsizdir. Yəni cansız canlıya can verə bilməz. Amma dərman canlı olduğuna görə canlı orqanizmə, xəstəliklərə kömək edir. O cansız dərmanlar Azərbaycana niyə buraxılır?! Çıxış yolu ancaq yeni zavodların açılmağıdır”.
“Yeni Müsavat”






Xəbəri paylaş


 
 


Xəbər lenti