Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir?

 
15-04-2024, 11:28            194 dəfə baxılıb
Azərbaycanda bir çox sahələrin monopoliyada olması uzun illərdir cəmiyyətin ən çox müzakirə etdiyi məsələlərdəndir. İnhisarlaşma xərçəng xəstəliyi kimi ölkənin həm iqtisadi, həm də elm və təhsil sahəsini sarmaqdadır. Dəhşətli olan isə hökumətin struktur islahatları prosesində yaratdığı yeni qurumlar da monopoliya sisteminə alınır.

AzFakt.com xəbər verir ki, hökumətin apardığı struktur islahatları dalğasında yeni yaranan qurumlardan biri də Elm və Təhsil nazirliyinin nəzdində fəaliyyət gösətərən Təhsil Tələbə Krediti Fondudur.

Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə təsis edilib. Qanunvericiliyə görə Fondun idarəetmə orqanları Himayəçilər Şurası və İdarə Heyətinin sədridir. Hazıda Fondun Himayəçilik Şurasının üzvləri İdris İsayev, Elnur Əliyev, Anar Əliyev, Əliyar Məmmədyarov, Firsənd Qurbanov, Yaqub Piriyev, Fatimə Babayeva, İdarə Heyətinin sədri isə Araz Paşayevdir.

Lakin mediada zaman-zaman dərc edilən xəbərlərin analizləri Təhsil Tələbə Krediti Fondunun idarəetməsinin arxasında "gizli qüvvələrin" olduğunu göstərir. Bu barədə bir az sonra.

İndi isə bir neçə gün öncə yerli mediada Təhsil Tələbə Krediti Fondunun keçirdiyi tenderlər barədə dərc edilən məqaləyə diqqət yetirək. Yeniçağ.az saytı araşdırma yazısında Təhsil Tələbə Krediti Fondunun 2023-cü ilin noyabr ayının 22-də keçirdiyi satınalma barədə yazaraq Fondun “Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğunun keçirilməsi xidmətinin satın alınması” lotu üzrə keçirdiyi 53 min 100 manatlıq satınalmada qalib seçilən “PRİMA CONSALTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhsil Tələbə Krediti Fondunun sədrinə məxsus olduğunu, Təhsil Tələbə Krediti Fondunun sədrinin vaxtilə özəl sektorda fəaliyyət göstərdiyi zaman bu təşkilatın dövlət satınalmalarında iştirakına və qalib gəlməsinə dəstək verdiyini yazırdı.

Saytımızın araşdırması zamanı məlum oldu ki, doğrudan da Təhsil Tələbə Krediti Fondunun sədri Araz Paşayev bu təyinatından əvvəl özəl sektorda çalışıb.

Belə ki, o 2017-ci ildə dövlət qeydiyyatına alınan "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi və direktoru olub.

"UNİVERSİTAS-İNTERNATİONAL" MMC bir çox dövlət qurumlarının dəyəri yüz minlərlə ölçülən tenderlərində zaman-zaman qalib edilib.

Əlbəttə, yeni yaradılan bir təşkilatın qısa zaman kəsiyində dövlət tenderlərində "at oynatması" səbəbsiz ola bilməz.

"UNİVERSİTAS-İNTERNATİONAL" MMC-nin az qala hər ay yüzminlik, hətta konsorsium çərçivəsində milyonluq layihənin qalibi olması bu şirkətin arxasında daha böyük əlaqəyə malik şəxsin və yaxud şəxslərin olmasından xəbər verirdi.

Bəs kim idi fövqəlqüvvə?

"UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata alınarkən hüquqi ünvanı bu şirkətin arxasında kimlərin dayandığına az da olsa işıq salırdı.

Belə ki, şirkət qeydiyyata alınarkən hüquqi ünvanı MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 13A, mənzil 125 göstərilirdi. O zaman medianda bu ünvanın Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin keçmiş müşaviri Rüfət Mahmuda məxsus olduğu yazılmışdı.

Açıklama yok.
Rüfət Mahmud

Qeyd edək ki, Rüfət Mahmud o vaxt həm də Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru olub.

Bu barədə mediada məlumatlar dərc edildikdən bir müddət sonra "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı dəyişdirildi.

Bir müddət sonra isə - Maarifçi Tələbə Kredit Fondunun icraçı direktorunun mənzilində ilk hüquqi ünvanı olan "UNİVERSİTAS-İNTERNATİONAL" MMC-nin qanuni təmsilçisi Araz Paşayev 2021-ci il iyunun 17-də dövlət başçısının imzaladığı Fərman əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinə sədr gətirildi.

Bu isə hazırda Təhsil Tələbə Krediti Fondunun idarəetməsinin arxasında Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun icraçı direktorunun olması ehtimallarını yaradır.

Xatırladaq ki, Fondun yaradılmasında əsas məqsəd Təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Təhsil Tələbə Krediti Fondunun ötən il dövlət büdcəsi hesabına formalaşan resurs zərfi 110 milyon manata çatdırılıb.

Məsələ ilə bağlı Təhsil Tələbə Krediti Fonduna göndərdiyimiz sorğu cavablandırılmadı.






Xəbəri paylaş


 
 


Xəbər lenti