Bu da Səhiyyə Nazirliyinin GİZLİ MONOPOLİYASI...

 
9-08-2024, 11:00            78 dəfə baxılıb
Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər ayrı-seçkiliyə məruz qaldıqlarını deyirlər. Onlar bildirirlər ki, süni əngəllərlə üzləşirlər, heç bir problem olmadığı halda, sertifikasiya prosesinə buraxılmırlar. Nəticədə hüquqları pozulur – həm fəaliyyətlə məşğul ola bilmirlər, həm də maddi-mənəvi ziyan çəkirlər.

Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər ixtisas üzrə sertifikasiya prosesini keçməlidir. Bu, “Əhalinin sağlamlığının qorunmasi haqqinda” qanunun 48-ci maddəsində əksini tapıb. Qanunun tələbinə görə, müvafiq ixtisas üzrə sertifikata malik həkim-mütəxəssislər bu sahədə praktiki tibb fəaliyyəti göstərə bilər.

Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər sertifikasiyaya buraxılmamışdan əvvəl Səhiyyə Nazirliyinin özünün təşkil etdiyi kurslarda iştirak etməlidir. Kursları bitirəndən sonra Kadr Komissiyası qiymətləndirmə aparıb, təlim iştirakçılarının sertifikasiya prosesinə buraxılıb-buraxılmamasına qərar verir.

2023-cü ildə kursların iştirakçısı olan həkimlərdən bir neçəsinə komissiya müsbət rəy versə də, onlar indiyə qədər sertifikasiyaya buraxılmayıb. Həmin həkimlərdən Vüsal Abdullayev, Rəvan Əliyev, Bariz Zeynalov bildirir ki, faktiki ayrıseçkiliyə məruz qalırlar – onlarla eyni kurslarda iştirak etmiş digər həkimlər sertifikasiya prosesinə buraxıldığı halda, onlara imkan verilmir:

“Heç bir tutarlı səbəb də göstərmirlər ki, qarşımızı niyə kəsdiklərini bilək”.

Həkimlərin hüquqlarının müdafiəsilə məşğul olan vəkil Samir Xudaquliyev Meydan TV-yə bildirib ki, məsələ ilə əlaqədar xeyli müddət öncə Səhiyyə Nazirliyinə sorğu göndərib. Lakin uzun müddət keçsə də, sorğusuna cavab ala bilməyib. Çoxsaylı şikayətlərindən sonra iyul ayında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev onu qəbul edib. Amma bu görüş də müsbət nəticə verməyib.

Vəkilin sözlərinə görə, Aparat rəhbərinə Səhiyyə Nazirliyinin Kadr Komissiyasının qərarını təqdim edib. Lakin Tural Babayev komissiyanın qərarını qəbul etmədiyini və şikayətçi həkimlərin sertifikasiya imtahanına buraxılmayacağını bildirib.

Vəkil əlavə edib ki, uzun müddət gözlədiləndən sonra Aparat rəhbərinin qəbulunda olsa da, sorğuda qoyulan məsələlərə aydınlıq gətirilməyib:

“Aparat rəhbəri özünün subyektiv fikirlərini dedi. Halbuki, qanunun konkret norması var. Aparat rəhbəri yenə də öz fikrində qalır ki, o norma köhnədir, bu həkimlərə aid deyil”.

Həkimlərin şikayəti – onların hansı səbəbdən sertifikasiya imtahanına buraxılmaması ilə əlaqədar Səhiyyə Nazirliyinin cavabını öyrənmək üçün bu qurumla əlaqə saxlasaq da, sualları cavablandırmaqdan imtina olunub.








Xəbəri paylaş


 
 


Xəbər lenti