“AZƏRBAYCAN BU SAHƏLƏRDƏ DƏ TÜRKİYƏ MODELİNƏ KEÇMƏLİDİR!” - Partiya rəhbərinin sensasiyalı məqaləsi

 
20-06-2022, 11:27            85 dəfə baxılıb
Şuşa konfransına sözardı yerinə
Azərbaycanın “mühafizəkar türk demokraiyası”na keçid etməsi hansı üstünlükləri vəd edir?
15 iyunda qəlbimizdə ayrıca, xüsusi ruhi-mənəvi yeri olan sevimli Şuşada təkrar olmaq imkanı əldə etdim. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən burada Şuşa Bəyannaməsinin 1-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransa dəvət olunmuşdum. Yeri gəlmişkən, dəvətə görə bir daha təşəkkürümü bildirirəm.
Çox qarışıq duyğular yaşadığım Şuşada, təbii ki, sayrışan strateji düşüncələr də məni rahat buraxmadı. Azərbaycanın II Qarabağ Müharibəsində qələbə çalması, ardınca qardaş Türkiyə ilə strateji müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi”ni imzalaması regionda yeni strateji durum yaratmaqla birlikdə, həm Azərbaycanın, həm Türkiyə-Azərbaycan münasibətlərinin, həm də bütövlükdə ürk dünyasının inkişafı baxımından yeni perspektivlər açır, əlverişli fürsət və imkanlar yaradır. Şübhəsiz, biz də bu yaranmış yeni strateji durumu, açılmış yeni perspektivləri, ortaya çıxan əlverişli fürsət və imkanları adekvat dəyərləndirməli, lazımi nəticələr çıxarmalı və yubanmadan məqsədyönlü hərəkətə keçməliyik.
Bu baxımdan, Azərbaycanın qardaş Türkiyə ilə strateji müttəfiqlik haqqındakı “Şuşa Bəyannaməsi”nin içinin doldurulması üçün konkret addımlar atmağa başlaması, xüsusilə Türkiyə ordusunun kiçik modelinin yaradılması yönündə praktiki addımlar atmağa başlaması çox önəmlidir.

Azərbaycanın sözün həqiqi mənasında faktiki milli dövlət quruculuğuna məhz türk modelli ordu quruculuğundan başlaması, NATO üzvü olan qardaş Türkiyənin hərbi standartlarına keçməsi həqiqətən çox mühüm əhəmiyyət daşıyır. Çünki kəşfiyyat və təhlükəsizliklə də üzvi şəkildə çox sıx bağlı olan ordu istənilən milli dövlətin ən başlıca, öncəlikli institutudur. Lakin onu da qeyd etməliyəm ki, bununla birlikdə, beynimdə çox saylı fikirlər yaranıb dolaşmağa, suallar doğub idrakımı qamçılamağa, müxtəlif strateji düşüncələr sayrışıb məni narahat etməyə, qayğılandırmağa başlayır.
Birbaşa bu düşüncələrimə keçmədən öncə, qeyd etməkdə fayda vardır ki, ümumiyyətləmilli siyasət və ya dövlət siyasəti dövlətinmilli təhlükəsizliyinin təmin edilməsi, milli inkişafı və başlıca siyasi məqsədinə nail olması haqqında rəsmi siyasi baxışlar sistemidir. Milli siyasət (dövlət siyasəti) – fərdin, cəmiyyətin və dövlətin uzunmüddətli təməl maraqlarının, yəni milli maraqların müəyyən edilməsinə, formalaşdırılmasına, qorunmasına, təminat altına alınmasına və inkişafına, beləliklə də, dövlətin əsas hədəflərinə və başlıca siyasi məqsədinə çatmasına xidmət edən rəsmi dövlət siyasətidir.
Milli siyasətin başlıca məqsədi  milli təhlükəsizliyin və milli inkişafın davamlı təmin edilməsi ilə dövlətqarşısında duran əsas siyasi vəzifələrin həllinə, onun əsas hədəflərinə və başlıca siyasi məqsədinə çatmasına nail olmaqdır. Milli siyasətin başlıca vəzifəsi isə milli təhlükəsizliyin və milli inkişafın davamlı təmin edilməsidir.
Bu səbəblə, milli dövlət siyasətinin əsasında fərdin, cəmiyyətin və dövlətin uzunmüddətli təməl maraqları – milli maraqlar, onların təhlükəsizliyinin təmin edilməsi (milli təhlükəsizlik) və inkişafı (milli inkişaf) dayanır. 
Qısası, milli siyasətin əsasında milli maraqlar, milli təhlükəsizliyin və milli inkişafın təmin edilməsi durur. Çünki milli təhlükəsizlik təmin edilmədən milli maraqların davamlı inkişaf etdirilməsi, milli maraqların davamlı inkişaf etdirilməsi təmin edilmədən milli inkişafın təmin edilməsi, milli inkişaf da təmin edilmədən dövlətqarşısında duran siyasi vəzifələrin həlli, onun əsas hədəflərinə və başlıca siyasi məqsədinə nail olması mümkün deyildir.

Məni narahat edən, qayğılandıran sayrışan strateji düşüncələrimin aydın olması, tam anlaşılması üçünonu daqeyd etməkdə fayda vardır ki, ümumiyyətlə, bütöv canlı orqanizm olan dövlətin milli maraqları – milli maraqlar sistemi də, milli təhlükəsizliyi də, milli inkişafı da bir və bütöv olub, bir-birilə üzvi, ayrılmaz şəkildə bağlıdır. Bu səbəblə, dövlət,milli təhlükəsizliyin təmin edilməsinə, milli maraqların davamlı inkişaf etdirilməsinə və milli inkişafın təmin edilməsinə və beləliklə, qarşısında duran siyasi vəzifələrin həllinə, əsas hədəflərinə və başlıca siyasi məqsədinə nail olmasına yönəlik milli siyasətinə bir və bütöv olaraq baxmaldır.
Nəzərə almalıdır ki, vahid bir sistem təşkil edən milli maraqlar bir-birini tamamlayır və möhkəmləndirir. Buna görə də cari siyasi duruma uyğun olaraq, ayrı-ayrı milli maraqların təmin olunmasına yönəlik konyuktural siyasət deyil, bütün milli maraqların – milli maraqlar sisteminın təmin olunmasına yönəlik davamlı milli siyasət aparmalıdır.
Əslində, strateji qayğı, narahatlıq və suallar da elə bu səbəblə yaranır. Təbii müttəfiqimiz qardaş Türkiyə ilə artıq rəsmi strateji müttəfiq olan Azərbaycan Respublikası nə üçün bütün milli maraqlarının, bütöv milli maraqlar sisteminın deyil, yalnız müdafiə marağının təmin olunması qayğısına qalır?  Məgər onun bu həyati marağı ilə birgə, təmin olunmasını gözləyən həyati demokratik inkişaf marağı, həyati vacib davamlı və dayanıqlı sosial-iqtisadi inkişaf, ətrafında əlverişli qlobal və regional əhatə yaratmaq, sarsılmaz milli birliyə nail olmaq maraqları da yoxdurmu? Məgər bütün milli maraqlarımızın bir-birilə üzvi, ayrılmaz şəkildə bağlı olduğu aydın deyilmi? Azərbaycanda yalnız türk ordusunun deyil, qardaş Türkiyənin siyasi, hüquqi, iqtisadi, sosial və mədəni sistemlərinin də kiçik modellərinin yaradılması (təbii, tənqidi yanaşılmaqla) məqsədəuyğun deyilmi? Bu sualların sayını daha da artırmaq olar, lakin məqsədimiz bu deyil.
Məqsədimiz, diqqəti bütün milli maraqlarımızın bir-birilə üzvi, ayrılmaz şəkildə çox sıx bağlı olmasına, bu səbəblə, milli siyasətin yürüdülməsinin vacib olmasına, yəni ölkəmizin yalnız müdafiə marağının deyil, bütün milli maraqlarının təmin olunmasına yönəlik milli siyasətin həyata keçirilməsinin nə qədər mühüm olmasına cəlb etməkdir. Daha konkret desək, məqsədimiz Azərbaycan Respublikasınınyalnız Türkiyə ordusunun, hərbi sisteminin deyil, qardaş ölkənin siyasi, hüquqi, iqtisadi, sosial və mədəni sistemlərinin də kiçik modellərini yaratmasının nə qədər mühüm olmasına cəlb etməkdir.Əlbəttə, Vətənin müdafiəsinin həyati önəm kəsb etməsinin, milli maraqların qradasiyasında öncəlikli, ən başlıca, birinci yeri tutmasının unudulmaması şərtilə...
Onu da qeyd etməliyəm ki, məni bu yazını qələmə almağa, düşüncələrimi yazıya tökməyə sövq edən Türkiyə Cümhuriyyətinin Milli Müdafiə nazirinin müavini Muhsin bəy Dere, dəqiq desəm, onun Şuşa konfransındakı informasiya dolu çıxışı və cəmi bir il ərzində Azərbaycanda hərbi sahədə görülən çox saylı işləri sadəcə sadalaması oldu.

Öz-özümə səsli düşündüm: “Təbii ki, bu, hələ görülən işlərin hamısı deyildir, çünki ən azı, dövləti, hərbi, xidməti, elmi, elmi-texniki, elmi-texnoloji, kommersiya və s. sirlər vardır”. Və məni narahat edən, qayğılandıran böyük suallar da elə o anda yarandı. Bir anlığa düşündüm ki, görəsən, Azərbaycan Respublikası qardaş ölkənin hərbi sistemi ilə birlikdə, eyni zamanlı və paralel olaraq siyasi, hüquqi, iqtisadi, sosial və mədəni sistemlərinin də kiçik modellərinin yaradılmasına başlasaydı bu gün ölkəmiz hansı inkişaf nöqtəsində olardı?!
Türkiyə siyasi sisteminin kiçik modelinin yaradılması Azərbaycana nə verərdi?
Əvvəla qeyd edək ki, Avropa İqtisadi Birliyi ilə tərəfdaşlıq müqaviləsi imzalamaqla 1963-cü ildən ümumiyyətlə Avropa Birliyinə üzvlük prosesinə, 2005-ci ildən isə tam üzvlük üçün danışıqlar prosesinə başlamış olan qardaş Türkiyə, bugünədək 60 ilə yaxın müddət ərzində müasir Avropa standartlarına hərtərəfli uyğunlaşmaq üçün dərin köklü demokratik və liberal islahatlar aparmışdırEyni zamanda müsəlman-türk dünyasının lider ölkəsi kimi öz milli-dini dəyərlərini də, süni şəkildə yaradılan bütün problemlərə baxmayaraq, həssaslıqla qoruya, mühafizə edə, hətta inkişaf etdirə bilmişdir. Bu mənada, türk demokratiyasını “mühafizəkar demokratiya” da adlandıra bilərik.

Əgər Azərbaycan Respublikası, ilk növbədə hakim siyasi elita bu gün birbaşa liberal Avropa demokratiyasına keçməyə hazır deyilsə, öncə Ankara standartlarını qəbul etməklə, “mühafizəkar türk demokraiyası”na keçməklə bu keçidi mərhələli edə, “yumşalda” bilər.
Azərbaycan Respublikasının ilk mərhələdə “mühafizəkar türk demokraiyası”na keçid etməsinin, NATO üzvü və AB üzvlüyünə namizəd Türkiyənin siyasi sisteminin kiçik modelini yaratmasının ona nə verəcəyini tam anlamaq üçün məsələyə üç səviyyədə – qlobal, regional və lokal səviyyədə baxmaqda fayda vardır.
Birincisi, rəsmi Bakı nəzərə almalıdır ki, yeni dünya nizamı quruculuğu və bununla bağlı geopolitik qarşıdurma artıq həlledici mərhələyə daxil olmuş, açıq qarşıdurma episentri postsovet məkanına, Azərbaycan Respublikasının da üzv olduğu GUAM zonasına keçmiş və bizim də geopolitik strateji seçim etməyimizin vaxtı çatmışdır.
İkincisi,illərdir ölkəmizə qarşı vəkalət müharibəsi aparan, müstəqilliyimizi bərpa etdiyimiz üçün bizə ağır bədəllər ödədən və ödətməyə davam edən neoimperialist Rusiya taledaşımız, təbii müttəfiqimiz, rəsmi tərəfdaşımız, əslində, həm də qardaşımız Ukraynaya qarşı təcavüzkar müharibənin ikinci fazasına keçmiş, beynəlxalq qaydalara əsaslanan dünya nizamına, Avropa təhlükəsizliyinə, ələlxüsus postsovet ölkələrinə, o cümlədən Azərbaycana, dolayısilə olsa da, açıq meydan oxumaqdadır.
Üçüncüsü, bu səbəblə, Ukraynada yalnız bu ölkənin deyil, eyni zamanda beynəlxalq qaydalara əsaslanan yeni dünya nizamının, bütövlükdə dünyanın, Yeni Avropa təhlükəsizlik sisteminin, bütün Yeni Avropanın, ələlxüsus postsovet məkanının, o cümlədən Azərbaycanın taleyi həll olunur. Çünki Azərbaycan Respublikasının da geopolitik taleyi böyük ölçüdə, əsasən Rusiya-Ukrayna müharibəsinin nəticəsilə müəyyən olunacaqdır.
Dördüncüsü, bunu dərindən dərk edən proqressiv demokratik dünya NATO üzvü olan qardaş Türkiyənin də daxil olduğu böyük anti-Rusiya koalisiyası yaratmış və neoimperialist Putin Rusiyasınınn bu müharibədə məğlub edilməsi haqqında strateji qərar vermişdir.

Beşincisihər iki tərəf üçün aydın və dəqiq geopolitik məqsədi olan bu savaş strateji – uzunmüddətli, hərtərəfli və dərin savaş olub resursların tükəndirilməsinə hesablanmışdır. Proqressiv demokratik dünyanın strateji resursları XX əsrin 70-80-ci illərində qalmış reqressiv Rusiyanın resurslarından müqayisə olunmaz dərəcədə çox, ən başlıcası keyfiyyətli, texniki və texnoloji baxımdan üstün olduğundan bu savaşın nəticəsi haqqında proqnoz vermək elə də çətin bir iş deyildir.
Altıncısı, ən başlıcası, yeni dünya nizamını həmişə olduğu kimi qaliblər müəyyən edəcəyindən, Azərbaycan Respublikası milli maraqlarına görə qurulacaq bu yeni nizamda və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmalı olduğundan, bu səbəblə, vaxtında düzgün geopolitik strateji seçim etməsi həyati önəm kəsb etdiyindən, yubanmadan taleyüklü geopolitik-strateji qərarını verməli və proqressiv demokratik dünyada öz layiqli yerini tutmalıdır.
Bu qlobal kontekstdə baxılarsa, Azərbaycan Respublikasının ilk mərhələdə “mühafizəkar türk demokraiyası”na keçid etməsi, yeganə strateji müttəfiqi, NATO üzvü və AB üzvlüyünə namizəd qardaş Türkiyənin siyasi sisteminin kiçik modelini yaratması, onunla birgə hərəkət etməsi ona proqressiv demokratik dünyada öz layiqli yerini tutması üçün əlverişli (ən azı, nisbi əlverişli) beynəlxalq şərait yaradacaq və yardımçı olacaqdır.
Regional kontekstdə isə rəsmi Bakı nəzərə almalıdır ki, birincisi, ümumiyyətlə qlobal və regional nizam bir-birilə üzvi surətdə sıx bağlı olduğuna görə, qurulacaq yeni regional nizam yeni qlobal nizamın üzvi tərkib hissəsi olacaqdır.

İkincisimüxtəlif qlobal və regional geopolitik mərkəzlərin Cənubi Qafqaz, Mərkəzi Asiya, Xəzər, Zaqafqaziya, Yaxın Şərq və s. kimi müxtəlif adlar verdikləri bu regionun adını və coğrafi sərhədlərini də, bura daxil edilən dövlətlərin regiondakı yerini də, böyük ölçüdə, yeni dünya nizamının qurucuları olan qaliblər, proqressiv demokratik dünyanın böyük qlobal güc mərkəzləri müəyyən edəcəkdir. Və əlbəttə, bu zaman onlar region dövlətlərinin geopolitik, geostrateji, geoekonomik və geokültürəl mövqeyini, daxili gücünü, eyni zamanda müasir ümumi inkişaf göstəriciləri olan demokratikləşmə və sənayeləşmə (qabaqcıl texnologiyaya əsaslanan) göstəricilərini də nəzərə alacaqlar.
Üçüncüsü, rəsmi Bakı, yeni dünya nizamı quruculuğunun və bununla bağlı geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olmasından, açıq qarşıdurma episentrinin postsovet məkanına, GUAM zonasına keçməsindən, xüsusilə II Qarabağ Müharibəsində ölkəmizin qalib gəlməsindən və neoimperialist Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzkar müharibəyə başlamasından sonra güclü geoekonomik mövqeyinin daha da, zəif geopolitik və geostrateji mövqeyinin isə nisbətən gücləndiyini, əlverişsiz geokültürəl mövqeyinin isə əsasən dəyişməz qaldığını, qabaqcıl sənayeləşmə sahəsində qismən irəliləyiş əldə etsə də, demokratikləşmə göstəricilərinə görə digər region ölkələrindən açıq ara ilə geridə qaldığını və bu amilin mühüm önəm kəsb etdiyini xüsusi nəzərə almalıdır.
DördüncüsüAzərbaycan Respublikasının “yumşaq” demokratik siyasi-stratej seçim edəcəyi, “mühafizəkar türk demokraiyası”na keçid edəcəyi və Türkiyə siyasi sisteminin kiçik modelini yaradacağı halda, həm özünün siyasi baxımdan inkişaf edə biləcəyini, həm Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin hərtərəfli, xüsusilə siyasi real məzmun qazana biləcəyini, həm Türk Dövlətləri Təşkilatına daha çox töhfə verə biləcəyini, həm də bütün dünya türklərinə, o cümlədən Azərbaycan türklərinə böyük perspektivlər vəd edən bu yeni geopolitik qurumun inkişafı üçün qardaş Türkiyə ilə birlikdə daha əlverişli beynəlxalq və regional şərait yarada biləcəyini nəzərə almalıdır.
Bu səbəblə, Azərbaycan Respublikasının “mühafizəkar türk demokraiyası”na keçid etməsi və Türkiyə siyasi sisteminin kiçik modelini yaratması, ona qardaş Türkiyə ilə birlikdə proqressiv demokratik dünyada, ümumiyyətlə yeni dünya nizamında və beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması üçün əlverişli (ən azı, nisbi əlverişli) beynəlxalq şərait yaratmaqla və yardımçı olmaqla birlikdə, qaliblərin quracağı yeni regional nizamda öz layiqli yerini tutması üçün də müvafiq olaraq əlverişli (ən azı, nisbi əlverişli) regional şərait yaradacaq və yardımçı olacaqdır.

Azərbaycan Respublikasının “yumşaq” demokratik siyasi-strateji seçim etməsinin qeyd edilən bu çox saylı qlobal və regional strateji dividendləri ilə birlikdə, heç şübhəsiz, daxili – lokal strateji dividendləri də olacaqdır. Belə ki, rəsmi Bakının bu taleyüklü siyasi-strateji addımı atması və Türkiyə siyasi sisteminin kiçik modelini yaratması halında:
  • -Azərbaycan Respublikasının həyati demokratik inkişaf marağı, mərhələli, idarə olunan şəkildə olsa da, təmin olunmağa başlayacaq, ölkəmiz nəhayət müasir inkişaf yoluna çıxacaq;
  • -digər milli maraqlarının – həyati müdafiə, həyati vacib hərtərəfli və davamlı sosial-iqtisadi inkişaf, ətrafında əlverişli beynəlxalq və regional əhatənin, həmçinin milli birliyin yaradılması maraqlarının təmin olunması üçün əlverişli siyasi şərait və şərtlər formalaşacaq;
  • -II Qarabağ Müharibəsi dövründə yaranan və sonrasında davam edən milli birliyin dayanıqlı və davamlı siyasi əsasa oturdulması, sistem xarakteri alması imkanı yaranacaq;
  • -geopolitik fırtınanın qopduğu, millətin və dövlətin ağır, mürəkkəb stres testilə üzbəüz qalma ehtimalının artdığı mövcud şəraitdə ölkənin gerçək millətsevər, vətənsevər, dövlətsevər bütün mühafizəkar milli siyasi qüvvələrinin milli maraqlar naminə birləşməsi və qardaş Türkiyədə olduğu kimi (AKP-MHP ittifaqına bənzər), ittifaqının yaradılması isə bu imkanı dayanıqlı, möhkəm real siyasi zəminə oturtmağa imkan yaradacaq;
  • -eyni zamanda kritik geopolitik keçid dövründə ölkəmizə düşmən və ya qeyri-dost olan dövlətlərin “5-ci kolon”larına qarşı “milli cəbhə” yaratmağa imkan yaradacaq;
  • -yaxın perspektivdə gözlənilən, demək olar ki, qaçılmaz görünən geopolitik böhranlı vəziyyətlər, böhranlar, münaqişələr və müharibələr qarşısında milli birliyimizi daha da inkişaf etdirməyə və möhkəmləndirməyə imkan verəcək;
  • -bu da öz növbəsində başda “Qarabağ məsələsi”nin tam və qəti həlli olmaqla, bütün aktual milli problem və məsələlərimizin həlli üçün ölkə daxilində əlverişli ictimai-siyasi şəraitin yaradılmasına imkan verəcək;
  • -ümumiyyətlə, daxili milli-strateji gücümüzün böyük ölçüdə artırılması üçün əlverişli siyasi zəminin hazırlanmasına müvafiq şərait yaradacaq;
  • -yekunda ölkəmizin yaradılmaqda olan yeni qlobal və regional nizamda öz layiqli yerini tutmasına əlverişli daxili şərait yaradacaqdır.
Beləliklə, yaradılacaq sinergiya sayəsində Azərbaycan Respublikasının daxili milli-strateji gücü qatbaqat artacaq, bu da digər müsbət amillərlə birlikdə ona yeni dünya nizamında, yeni beynəlxalq və regional münasibətlər sistemində öz layiqli yerini tutmağa imkan verəcəkdir.

Açıq və aydın görünür ki, rəsmi Bakı bütün bunları, üstəlik, öz praqmatik siyasi maraqlarını nəzərə almalı, “yumşaq” demokratik siyasi-stratej seçim və “mühafizəkar türk demokraiyası”na keçid etməli, türk siyasi sisteminin kiçik modelini yaratmağa, ən azı, bunun üçün hazırlıq görməyə başlamalıdır. Və strateji səbrlə hərəkətə keçmək üçün ən uyğun zamanı aktiv gözləməyə başlamalıdır.
Eyni zamanda unudulmamalıdır ki, türk modelinə keçid birincisi, yalnız hərbi sahəni deyil, bütün sahələri əhatə etməlidir.
İkincisi, bu keçid hərtərəfli olmaqla birlikdə, eyni zamanlı və paralel olmalıdır. Çünki seçilməsi tövsiyyə olunan bu milli inkişaf strategiyası yalnız bu halda tam səmərəli və effektli ola bilər.
Ümid edirəm ki, hələ 26 fevral 2021-ci il tarixdə, qardaş Türkiyə ilə Şuşa Bəyənnaməsi imzalanmamışdan aylar öncə yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında“Biz Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaratmaq fikrindəyik. Çağdaş türk ordu modeli bizim üçün ən məqbul modeldir” – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir türk siyasi, hüquqi, iqtisadi, sosial və mədəni modellərini də ölkəmiz üçün məqbul hesab etməkdədir. Və edəcəkdir.
Tanrı türkü qorusun! Tanrı birliyimizi qutlasın!
Sülhəddin Əkbər
İstiqlalçı millət vəkili, Azad Demokratlar Partiyasının sədri
19 iyun 2022-ci il



Xəbəri paylaş


 
 


Xəbər lenti