ƏQİDƏ ŞƏHİDİ , BÖYÜK TÜRKÇÜ-TURANÇI HÜSEYİN CAVİD

 
25-10-2024, 13:05            136 dəfə baxılıb
Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Türkün özünəməxsus tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti və s. olduğu kimi, bir də çox dəyərli tarixi ədəbiyyatı var. Bu müəzzəm tarixi əks etdirən tarixi ədəbiyyatın yaradıcılarından biri də Azərbaycan mənzum dramaturgiyasının banisi Hüseyn Caviddir. Cavidin mənsub olduğu Türk millətinin Bilgə Xaqandan başlayıb Mahmud Kaşğarlı, Yusif Xas Hacib Balasaqunlu, Fəxrəddin Mübarəkşah, Mir Əlişir Nəvai, İsmayıl Bəy Qaspıralı, Əlibəy Hüseynzadə, ƏHməd Bəy Ağaoğlu, Mehmet Akif Ərsoy, Yusuf Akçuraoğlu, Mehmet Əmin Yurdaqul və Ziya Göyalp tərəfindən davam etdirilən Türk məfkurə sistemindən kənarda təsəvvür etmək qeyri-mümkündür. İsmayıl Bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik" və Əlibəy Hüseynzadənin "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" kimi ideoloji-siyasi proqramları ilə yola çıxan Hüseyn Cavidin ən böyük qayəsi Türk Birliyi və bu birliyin ehtiva etdiyi coğrafi ərazisi olan Turanda yaşayan Türklərin mənəvi, iqtisadi, siyasi və hətta hərbi birliyi olmuşdur.
Maddi ruh müvazinətinə dayanan, həyatın pozulduğu, maddinin-mənəvini üstələdiyi dünyanı, bəşər tarixinin heç vaxt görmədiyi bir böhrana sürüklədiyi bir dövrdə şeirin, bədii ədəbiyyatın, xüsusilə dram sənətinin xalqla canlı ünsiyyətini dərindən dərk edən Hüseyn Cavid Əfəndi Türklüyü, Türk ruhunu, Türk mənəviyyatını bütün yaradıcılığında daim canlı saxlamağa çalışan nadir sənətkarlarımızdandır. Türk tarixinin 2500 illik böyük bir mərhələsini, Sakalar və Hunlardan Səlcuqlulara, Teymurlu və Osmanlılardan XX əsrə qədər gəlib keçmiş, Türk təfəkkürünü yaradıcılığının şəriksiz mövzusuna çevirən, bütün tarixi dramlarında daha çox tarixin mahiyyətinə varan Hüseyn Cavid bütün olub-keçənləri dövrlə əlaqələndirmiş, yaşadığı dövrdə dünyada baş verən bütün siyasi məsələləri nəzərə almağa çalışmışdır. Şərəfli Turan məfkurəsinin gerçəkləşməsinə çalışan mütəfəkkir, tarixi əsərlərində Turan hökmdarı -Əfrasiyabdan (Alp Ər Tonqadan), Hun Xaqanı - Atilladan Səlcuqlu Sultanları - Alp Arslan və Məlikşahdan, Türk Moğol İmperatoru - Çingiz Xandan, Teymurlu İmperatoru - Əmir Teymurdan, Osmanlı İmperatorları - İldırım Bəyazid və Sultan II Əbdülhəmiddən əbəs yerə bəhs etməmiş, bu əzəmətli Türk hökmdarlarının bəşər tarixi qarşısındakı xidmətlərini nəzərə çatdırmaqla öz etnik mənşəyi və tarixi ilə də fəxr etmişdir. Çünki bu Türk qəhrəman hökmdarları Turanı gerçəkləşdirənlər, Yer kürəsinin böyük bir hisəsinin coğrafi və siyasi xəritəsini Türklərin simvolik rəmzi olan "Göy rəngə" boyamağa müvəffəq olmuş Cahangirlər olmuşlar.
Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, Naxçıvan şəhərində Məhəmməd Tağı Sidqinin açdığı "Məktəbi-tərbiyə" adlı "Rus-tatar" məktəbində dörd il təhsil almış, buranı bitirdikdən sonra Təbrizdəki "Talibiyyə" ruhani mədrəsəsində təhsilini davam etdirmiş, 1904-cü ildə Naxçıvana qayıdaraq, bir vaxtlar təhsil aldığı "Məktəbi-tərbiyə"də Türk və fars dillərindən dərs demişdir. Hüseyn Cavid 2 il burada müəllimlik etdikdən sonra 22 aprel 1906-cı ildə İstanbula gəlmiş, ilk öncə İstanbulda təhsil almaq üçün Azərbaycandan ezam olunan Gəncəli Abdulla Məmmədzadənin (Məşhur Abdulla Surun - A.M) köməkliyi ilə məşhur Türk şair və filosofu Rza Tofiqlə tanış olmuş, evdə ondan təhsil almış, bir il sonra Rza Tofiqin zəmanəti ilə İstanbul Universitetinin Tarix-ədəbiyyat fakültəsinin ədəbiyyat şöbəsinə daxil olmuşdur. İstanbul darülfünunda o, filosof Rza Tofiqin Qərb ədəbiyyatı müəllimləri Cənab Şəhabəddin və Xalid Ziyanın, həmçinin "istiqlal şairi", professor Mehmet Akifin mühazirələrini dinləmişdir. Bu "sərvətifünun"çuların Cavidin estetik dünyagörüşünün formalaşmasında müstəsna xidmətləri olmuşdur. İstanbulda Hüseyn Cavid buraya təhsil almağa gələn Azərbaycanlı Mirzəbala Mirqasımov, Abdulla Sur, Qırğızıstanlı Əbdüləziz və Krımlı Bəkir Çobanzadə ilə dostluq etmiş, Güney Azərbaycan məşrutəçiləri, İran Demokrat Firqəsinin o zamankı lideri, partiyanın ideologiyasını Məmməd Əmin Rəsulzadə ilə birgə hazırlamış, Seyid Həsən Tağızadə "Danişməndani-Azərbaycan" əsərinin müəllifi, böyük ədəbiyyatşünas-alim Məmmədəli Tərbiyət (Mirzə Məhəmmədəli Xan - A.M), Hacı Rəsul, Parisdə təhsil alıb vətəninə qayıdan Güney Azərbaycanın Türk milli düşüncəsinin ideoloqlarından və ilk azadlıq şəhidlərindən olan Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabaninin yaxın silahdaşlarından olan şair Zeynalabdin Səffət və "İttihad və tərəqqi" partiyasının Güney Azərbaycan inqilabçılarına kömək etmək məqsədi ilə göndərilən Güney Azərbaycan fədailərinin baş ideoloqu sayılan Ömər Naci bəylə yaxından tanış olmuşdu. Cavid İstanbul Universitetində Osmanlı ədəbiyyatı, fars ədəbiyyatı, Qərb ədəbiyyatı, ədəbiyyat tarixi, siyasi və ümumi tarix, tarixi coğrafiya, fəlsəfəyə giriş və s. fənlərdən dərs almışdır.
Cavidin İstanbulda təhsil aldığı dövr Osmanlı İmperatorluğunun çökməyə başladığı ən gərgin dövr olmuşdur. Bu dövrdə İkinci Məşrutiyyət elan olunmuş, Sultan II Əbdülhəmid taxtdan salınmış, "İttihad və tərəqqi" partiyası hakimiyyət başına gəlmişdi.
İstanbul mühiti və ətrafındakı yüksək səviyyəli ziyalılar Cavidə həqiqət, məhəbbət təlimi ilə yanaşı, "Türkçülük" məfkurəsinin ciddi məşqlərini keçmiş, gənc şairi bu məfkurənin sevdalısı etmişdilər. Belə ki, Hüseyn Cavidin İstanbul Universitetində təhsil aldığı illərdə Türkiyədə artıq "Osmanlıçılıq" və "İslam birliyi" ideyaları öz yerini məşhur Türkçü Yusuf Akçuraoğlunun irəli sürdüyü "Türkçülük" və "Türk Birliyi" ideyasına tərk etməkdə idi. Hələ XIX əsrin sonlarından başlayaraq, böyük mütəfəkkirlər olan "Ümumtürk dilinin atası" sayılan İsmayıl Bəy Qaspıralının "Dildə, fikirdə və işdə birlik" və ideoloji-siyasi Türkçülüyün yaradıcısı Əlibəy Hüseynzadənin Türklərin yeganə milli-siyasi nicat proqramı olan "Türkləşmək, İslamlaşmaq, avropalılaşmaq" kimi ideoloji konsepsiyaları dünyada yaşayan bütün Türklər arasında siyasi-ideoloji düstura, Türk millətçiliyinin düşüncə və həyat prinsipinə çevrilmiş, artıq XX əsrin əvvəllərində Türk dünyasını tanımaq və tanıtmağa xidmət edən "Türk dərnəyi", "Türk yurdu dərnəyi", daha sonra "Türk ocaqları" kimi siyasi-ideoloji təşkilatlar yaradılmış və dünyanın müxtəlif yerlərindən milli ziyalıları öz ətrafında toplayan, Yusuf Akçuraoğlu, Əhməd bəy Ağayev, Mehmet Emin Yurdaqulun birgə təsis etdikləri "Türk yurdu" dərgisi nəşrə başlamışdı. Bu milli ziyalılar sayəsində "Türkçülük" ideologiyası daha geniş arealı əhatə edərək, Osmanlı İmperatorluğu, Güney və Quzey Azərbaycan, Krım, Qazan və Türküstanda yayılmağa başlamışdı. O dövr Osmanlı dövlətinin əsas fiqurları olan hərbi nazir, vitse-generalissimus Ənvər Paşanın, xarici işlər naziri Tələt Paşanın “Türkçülük” və “Türk Birliyi” ideologiyasını qəbul etməsi ilə maarifçi və ideoloji “Türkçülük” siyasi və hərbi "Türkçülük"lə birləşərək, "Turançılıq" məfkurəsini ön plana çıxarmış və hətta ədəbi-bədii əsərlərdə özünə yer qazanmışdı ki, bu işdə ən böyük xidmət göstərənlərdən biri də məhz Hüseyn Cavid Əfəndi olmuşdur. İstanbulda yüksək təhsil, milli təfəkkür və yaxın silahdaşlar qazanan Hüseyn Cavid 1910-cu ildə Türkiyədən Naxçıvana qayıtmış, üç ay sonra Bakıya gəlmiş, İstanbuldakı tələbə yoldaşı Abdulla Surun təqdimatı ilə 1911-ci ilin sonuna qədər bir il beş ay müddətində Bakıda yaşayan iranlılar üçün İran səfirliyi tərəfindən açılmış "İttihad" məktəbində Azərbaycan Türk dili müəllimi kimi fəaliyyət göstərmiş, 1912-ci ildə Gəncədə Axund Hüseyn Pişnamazzadənin müdir olduğu "Mədrəseyi-ruhaniyyə"də müəllimlik etmişdir. 1912-ci ilin avqust ayında Tiflisə gələn Cavid, Firidun bəy Köçərlinin köməyi ilə 1914-cü ilə qədər buradakı iranlıların "İttifaq" məktəbində dərs demişdir. Tiflisdə olduğu dövrdə Hüseyn Cavid Əziz Şərif, Rza Təhmasib, İsmayıl Haqqı Bəy, Qurbanəli Şərifzadə, Yüzbaşov, Kirmanşahlı və digər ziyalılarla ünsiyyətdə olmuş, 1914-cü ilin sonlarında o, səhhəti ilə əlaqədar olaraq, Kaxetiyaya getmiş və burada dəmir yolu üzrə işçiləri qeydiyyata alan "tabelçi" vəzifəsində çalışmış, nəhayət 1915-ci ildə yenidən Bakıya qayıdaraq, 1918-ci ilə qədər Tağı Nağıyevin "Şəfa" məktəbində müəllimlik etmişdir. 1918-ci ilin mart qırğınında daşnaklar tərəfindən Təbriz mehmanxanasında yaşayan yetmiş nəfərlə birgə Hüseyn Cavid də əsir götürülmüş, bir həftə sonra azadlığa çıxaraq, Təbrizə gəlmişdir. İki ay Təbrizdə Hacı Məhəmməd Naxçıvaninin evində qalan Hüseyn Cavid yenidən siyasi və hərbi vəziyyətin çox gərgin olduğu bir dövrdə Naxçıvana qayıtmışdı.
1918-ci ilin aprel ayında Qars, Gümrü, Axısqa və Axalkalaki bölgələrinin müsəlman əhalisi "Milli istişarə məclisi" yaradaraq 12 nəfərdən ibarət Müvəqqəti Hökumət təşkil etmiş və bu hökumətin başçısı Hüseyn Cavidin çox yaxın dostlarından biri olan Axısqa Türkü, məşhur Ömər Faiq Nemanzadə seçilmişdi. 1918-ci ilin noyabrında Naxçıvan Türkləri "Araz-Türk Respublikası" yaradaraq, erməni və gürcülərin təcavüzündən qorunmaq üçün silahlı dəstələr təşkil etməyə başlamışdılar. Təkbaşına, ayrı-ayrılıqda düşmənə qarşı müqavimət göstərməyin çətinliyini nəzərə alan Axısqa, Borçalı-Qarapapaq Hökuməti və Araz Türk Respublikası yetkililəri Qarsda II Milli Qurultaya toplanaraq, 17 yanvar 1919-cu ildə birləşmək haqqında qərar qəbul etmiş və beləliklə də "Birləşmiş Qars İslam Şurası" və "Cənub Qərb Qafqaz hökuməti" və onun hərbi qüvvələri yaradılmışdır. Emin ağa yeni yaranan "İslam Türk dövləti"nin prezidenti, Fəxrəddin Piroğlu hökumət başçısı, Bəhram Xan Naxçıvanski xariciyyə naziri seçilmişlər. Türk əhalidən təşkil olunan silahlı dəstələrə Sərvər bəy, Hafiz bəy və adlarını bilmədiyimiz komandanlar rəhbərlik etmişdilər. Qısa müddətdə mərkəzi Qars olan bu hökumətin əmrində 8 minlik bir hərbi qüvvə yaranmışdı. Batum ilə Ordubad ərazisi daxilində olan bu birləşmiş respublikanın ərazisi 40 min kv.km, əhalisi isə 2 milyona yaxın idi ki, bunun da bir milyon 700 mini Türk, 237 mini isə qeyri-Türklərdən ibarət idi. Bu dövrə qədər heç bir rəsmi-siyasi fəaliyyətlə məşğul olmayan Cavid, 1919-cu ildə Axısqa, Ermənistan və Naxçıvan Türklərinin birlikdə yaratdıqları Cənubi Qafqaz Araz-Türk Hökumətinin rəsmi nümayəndəsi kimi bu hökumətin xariciyyə naziri Bəhram Xan Naxçıvanski və Şərur məsələsini müzakirə etmək üçün göndərilən Bağır Rzayev, həmçinin Məhərrəm Əliyev, Ələşrəf Kazımov, Əsəd Manafov və Əziz Xan Naxçıvanskidən ibarət nümayəndə heyəti ilə birlikdə Cənubi Qafqazın və Naxçıvanın siyasi-hərbi çıxarlarını müzakirə etmək üçün Bakıya gəlmiş, Azərbaycan milli hökuməti qarşısında müsəlman qaçqınlara yardım göstərmək barədə məsələ qaldırmışdılar. Azərbaycan Xalq Cümhuriyyətinin o dövrdəki Nazirlər Sovetinin sədri Fətəli Xan Xoyski onların bu xahişini yerinə yetirərək, dövlət büdcəsindən bir milyon manat ayırmış və Hüseyn Cavidin də iştirak etdiyi nümayəndə heyətinin bu yardımı ünvanına çatdırmaq məqsədi ilə onların təhlükəsizliyini təmin etmək üçün Tiflisdəki müttəfiq qüvvələrin komandanı - general Tomsona məktubla müraciət etmişdi. Fətəli Xan Xoyski bu nümayəndələrin İngiltərə hökumətini məlumatlandırmağına yardımçı olmağı da general Tomsondan xahiş etmişdi. (Seçmələr bizimdir - A.M. Bax: Azarbeycan belgelerinde ermeni sorunu (1918-1920), Ankara 2001, səh 369).
Həmişə olduğu kimi Qərbin imperialist dövlətləri bu dəfə də bölgənin müsəlman Türklərinin deyil, xristian erməni və gürcüləri hərtərəfli müdafiə edərək, 19 aprel 1919-cu ildə Qarsa hücum edərək "Cənub-Qərb Qafqaz Hökuməti" Məclisinin binasını mühasirəyə almış, hökumət üzvlərini həbs etmiş və Malta adasına sürgünə göndərmişdilər. Beləliklə cəmi üç ay fəaliyyət göstərən Cənub-Qərb Qafqaz Hökumətinin varlığına ingilislər son qoymuş, vəziyyətdən istifadə edən gürcülər ingilislərin hərbi dəstəyi ilə Axısqa və Axalkalaki nahiyyələrini zəbt edərək, Gürcüstana ilhaq etmişdilər. Mənfur qonşularımız isə Qarsı ingilislərdən təslim alaraq, ingilislərin gözü önündə Qars və ətrafındakı müsəlman Türk və kürd əhalisini qətlə yetirmişdilər (Seçmələr bizimdir - A.M. Bax: Dr.Akdeş Nimet Kurat, Türkiye ve Rusiya, Ankara 1990, səh 587-588).
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavid Bakıda birinci realnı məktəbdə, sonra isə Darülmüəllimində müəllimlik etmiş, Seyid Hüseynlə yaxın dostluq etmiş, çox güman ki, Məmməd Əmin Rəsulzadə ilə ilk dəfə bacanağı Seyid Hüseynin Novxanıdakı bağında tanış olmuşdur. Cavidlə Rəsulzadənin yaxın münasibətləri haqqında Seyid Hüseynin qızı Qumral Sadıqzadə öz memuarı olan "Son mənzili Xəzər oldu" kitabında ətraflı məlumat vermişdir (Bax: Qumral Sadıqzadə, Son mənzili Xəzər oldu, Bakı 2001).
Sovet hakimiyyətinin ilk illərində Cavidə münasibət ümumiyyətlə müsbət olsa da, sonradan bu münasibət dəyişmiş, ona qarşı basqılar yapılmış, əqidəsindən dönməyən mütəfəkkiri Sovet Dövlət Təhlükəsizlik idarəsi 1937-ci ildə həbs etmiş, iki il bir aylıq istintaqdan sonra, 19 iyun 1939-cu ildə keçirilmiş xüsusi müşavirədə heç bir dəlil-sübut olmadan "Anti-sovet təşkilatda iştirakına və təbliğatına", "Türkiyənin şpionu, müsavatçı-pantürkist olduğuna", "Əksinqilabi təşkilatın üzvü oduğuna, əksinqilabi fəaliyyətinə", "Ədədbiyyat və dramaturgiya sahəsində gənclərin millətçi-əksinqilabi ruhda tərbiyə olunması istiqamətində gördüyü işlərə", "Pantürkist ideyaların yayılmasına xidmət etdiyinə görə" 8 il müddətinə azadlıqdan məhrum edilmiş və İslah Əmək Düşərgəsinə göndərilməsi qərara alınmışdır. Müşavirənin başqa bir qərarı ilə Hüseyn Cavid 1939-cu il iyulun dördündə Vladivostokun Maqadan vilayətinə göndərilmiş, 1941-ci ilin 31 oktyabrında xəstəliyi ilə əlaqədar İrkutskdakı əlillər zonasına köçürülmüş, 18 gün sonra 17 noyabr (5 dekabr) 1941-ci ildə 59 yaşında orada vəfat etmişdir. Sonradan nəşi Azərbaycana gətirilərək, anadan olduğu Naxçıvan şəhərində dəfn olunmuşdur. Bu gün Azərbaycan hökuməti tərəfindən hazırlanmış məqbərəsində uyumaqdadır. Ruhu şad olsun!
Türk oğlu sözündən dönməz,
Məhv olur da, sürüklənməz!
Hüseyn Cavid
İlk yaradıcılığa kiçik yaşlarından, mollaxanada təhsil aldığı illərdən başlayan, sonra "Gülçin", "Arif", "Salik" təxəllüsləri ilə şeir yazmağa başlayan Hüseyn, daha sonra "Cavid" təxəllüsünü işlətmiş və ədəbi ictimaiyyətdə "Hüseyn Cavid" kimi tanınmışdır.
Hüseyn Cavid hələ 1898-1903-cü illərdə Təbrizdə "Talibiyyə" mədrəsəsində təhsil alarkən, oradakı "Nasiri", "İzzət", "İttila" qəzetləri ilə, Urmiyada olduğu 1903-1904-cü illərdə Məhəmmədağa Şahtaxtinskinin redaktoru olduğu "Şərqi-Rus" qəzeti ilə əməkdaşlıq etmiş və bu qəzetdə iki məqalə dərc etdirmişdir.
Hüseyn Cavidin yaradıcılığı və dünyagörüşünün formalaşması və təkmilləşməsində İstanbul mühitinin, xüsusilə "şair bütün varlığın ahəng və mənasını sezən ruh olmalıdır" - deyən müəllimi Rza Tofiqin, Tofiq Fikrətin və Əbdülhəqq Hamidin güclü təsiri olmuşdur. Rza Tofiq Hüseyn Cavidin Qərb, xüsusən "bütün dinləri "İnsanlıq dini"nə keçid üçün bir hazırlıq mərhələsi" adlandıraraq, yeni bir din təklif edən Oqüst Konun və "üstinsan" nəzəriyyəsinin tərəfdarı Nitsşenin fəlsəfəsinə, təsəvvüf fəlsəfəsinin "Kamil İnsan" nəzəriyyəsinə yüksəlməsində xüsusi rol oynamışdır. İstanbulda olduğu dövrdə daha çox Türk ədəbiyyatı, tarixi və mədəniyyətini sistemli şəkildə öyrənən Hüseyn Cavid, "İstiqlal şairi" Mehmet Akifin redaktorluğu ilə çap olunan "Sirati-müstəqim" dərgisində "Yadi-mazi", "Son bahar", "Elmi-bəşər" kimi şeirlər çap etdirmişdi.
1910-cu ildə Naxçıvana, üç aydan sonra Bakıya, 1912-ci ildə Gəncəyə gələn Hüseyn Cavid "Həqiqət" qəzetində yazılar dərc etdirmiş, Gəncədə "Maral" faciəsini yazaraq, "İqbal" qəzetinin may-iyun tarixli saylarında çap etdirmişdi. 1912-ci ilin avqustundan Tiflisə gələn Cavid 1914-cü ilə qədər burada yaşamış, "İqbal" qəzetində müxtəlif mövzularda məqalələr çap etdirmiş, ilk kitabları - "Ana", "Keçmiş günlər", "Şeyx Sənan türbəsi önündə" və s. də burada yazmış və çap etdirmişdi.
1915-ci ildə yenidən Bakıya qayıdan şair, 1918-ci il mart qırğınına qədər burada yaşamış, "Şeyx Sənan", "Şeyda" və "İblis" əsərlərini bu illərdə yazıb nəşr etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavid "Qurtuluş" və "Yaşıl qələmlər" məcmuələrində müxtəlif mövzularda yazılar dərc etdirmiş, Abdulla Şaiqlə birgə "Qəvaidi-ədəbiyyat" adlı dərs kitabı yazıb nəşr etdirmişdi.
Hüseyn Cavid yaradıcılığının ən məhsuldar dövrü 1917-1937-ci illər olmuşdur. Ümumiyyətlə XX əsr Azərbaycan romantizmi daha çox Hüseyn Cavidin adı ilə bağlıdır. O, Azərbaycan dramatik poeziyasında güclü bir faciə ustadı, mənzum və romantik dramın yaradıcısı kimi şərəfli bir yer tutur. Dram yaradıcılığına 1910-cu ildə yazdığı "Ana" əsəri ilə başlayan dramaturq 1912-1937-ci illərdə "Maral", "Şeyx Sənan", "Şeyda" və "İblis", "Uçurum", "Afət", "Topal Teymur", "Knyaz", "Səyavuş", "Xəyyam" kimi əsərlər yazıb nəşr etdirmişdir. Nəşr etdirmədiyi və bu günə kimi əldə olmayan, 1937-ci ildə NKVD tərəfindən müsadirə olunan "İblisin ilhamı", "Çingiz", "Atilla", "Telli saz" və "Şəhla" əsərlərini, "Keçmiş günlər", "Bahar şəbnəmləri" və "Azər" poemasını da buraya əlavə etsək belə bir qənaətə gələrik ki, Hüseyn Cavid atasının ona verdiyi "Hüseyn" adı ilə böyüyüb "Cavid", yəni "Əbədi" yaşar oldu. Yaradıcılığa şeirlə başlayan Hüseyn Cavid, lirik-fəlsəfi yaradıcılığını həyatı boyu davam etdirmiş, şeirlərində romantika ilə realizmi heyrətamiz şəkildə vəhdətdə verə bilmişdir. Onun şeirlərində dərin bir həyat fəlsəfəsi, sağlam bir məntiq vardır. O gələcəkdə dram əsərlərində həll edəcəyi bir çox problemlərin "eskizlərini" şeirlərində cızmışdır.
Cavidin anlamında ideal anlayışı Türkün birliyidir. Onun Türk birliyinə səsləyən, 1917-ci ildə yazdığı "Hərb və fəlakət" şeiri bir manifesti xatırladır. Bu şeirində mütəfəkkir millətinə:
"...Bir zamanlar şərəfli Turanın
Qəhrəman, bərgüzidə övladı,
Türklərin adlı-sanlı əcdadı,
Saldırıb, titrədirdi yer yüzünü,
Hökm edər, dinlətirdi hər sözünü,
Nə zaman kişnəsəydi Türkün atı,
Qırılırdı bir ölkənin qanadı.
Həp krallar, prenslər, xanlar,
Ulu şahlar, kibirli xaqanlar,
Papalar, həp xəlifələr hər gün,
Diz çökərlərdi Türkə qarşı bütün.
Arkadaş, yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər... Dəyişdi zaman.
Şaşırıb, durma böylə... Bir aydın
İdeal arxasınca qoş, çırpın!
Səni qurtarsa, qurtarar Birlik,
Çünki birlikdədir, fəqət Dirilik" -
deyə, səslənirdi (Hüseyn Cavid, əsərləri, I cild, Bakı 2005, səh 52-53-54).
Hüseyn Cavidin "Türk Birliyi" ideyasının əsasını Türklərin dil və din birliyi təşkil edirdi. "Türk Birliyi" ideyasını mənsub olduğu millətin şüuraltına yerləşdirməyə çalışan Cavid də digər Türkçülər kimi Türklərin dil birliyini Turanın yaranmasının başlıca amili hesab edirdi. Bu anlamda Hüseyn Cavidi "Turan ədəbi dili"nin banilərindən saymaq olar.
Mütəfəkkirin dil məsələsinə belə önəm verməsi heç də təsadüfi deyildi. Bunu nəzərə alan Cavid tədqiqatçıları xüsusi olaraq qeyd edirlər ki:"Cavid... ortaq ədəbi Türkcənin qurucularından və dahi xadimlərindən biridir...Cavidin fəlsəfəsi əslində onun dil siyasətinin fəlsəfəsidir. Çünki Cavid bilirdi ki, İttihad (Birlik - A.M), ən əvvəl dildən başlana bilər... Cavidin dili onun sistemli dünyagörüşünün, məfkurəsinin dilidir. Yəni, bu ədəbi dil Turançı bir dildir... Bu dilin romantik və ədəbi mahiyyətindən daha qabarıq siyasi-məfkurəvi bir mahiyyəti vardır" (Seçmələr bizimdir - A.M. Bax: Azər Turan, Hüseyn Cavid, Bakı 2007, səh 9, 226-227).
Hüseyn Cavid gözəl bilirdi ki, dil millətin fikirlərini, niyyətlərini və işlərini birləşdirən əsas amildir. Ona görə də əsərlərində Azərbaycan ədəbi Türkcəsi ilə Türkiyə ədəbi Türkcəsini yaxınlaşdırmağa çalışan Cavid demək olar ki, bu məqsədinə ulaşmış, bu iki Türkcə arasında körpü yaradaraq, bu şivələr arasındakı məsafəni daraltmışdı. ABŞ-da yaşayan Azərbaycanlı mühacir Müstafa Haqqı Türkəqul Bəyin yazdığı kimi: "Cavidin işlətdiyi Türkcə olduqca dadlı və işlənmiş gözəl bir Türkcədir. Şimali və Cənubi Azərbaycan, Türkiyə və Türküstan və s. Türk ellərində tək bir münəvvər bulunmaz ki, Cavidi oxusun, onu anlamasın, onun Türkcəsindən zövq almasın" (Bax: Mustafa Haqqı Türkəqul, Azərbaycan Türk şairi Hüseyn Cavid, Bakı 2002, səh 51).
Hələ XX əsrin 20-ci illərində Şura hökumətinin Cavidə müsbət münasibət bəslədiyi dövrlərdə Cəfər Cabbarlı da Cavidin dili haqqında danışarkən göstərmişdir ki:"Caviddə su kimi duru, almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu, islahına çalışılan lisanımızın təkamül özülü ola biləcəkdir zəminindəyik... Bizcə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda tətbiq ediləcəyi kimi ərəbləşmiş Fikrət (Tofiq Fikrət - A.M) və Hamid (Əbdülhəqq Hamid - A.M) lisanlarını da meydandan sıxıb çıxaracaqdır" (Bax: Cəfər Cabbarlı, Ədirnə fəthi, Bakı 1996, səh 184).
Cavidə görə, Türk dili, Türk tarixi, Türk ədəbiyyatı və Türk mədəniyyəti yalnız konkret bir ərazidə yaşayan Türk xalqının malı deyil, bütün Türklər bir millət olduğu üçün bütün bunlar da vahid bir millətin ortaq dəyərləridir. Hüseyn Cavid milli idleologiyanın bu müəzzəm qüdrətinə inanaraq, Türkün tarixi şərəfini özünə qaytarmağa çalışmış və:
"Türk oğlu sözündən dönməz,
Məhv olur da sürüklənməz.
Həp yüksəlmək dilər, enməz!
Çarpışır, yaşar!" (Hüseyn Cavid, əsərləri, III cild, Bakı 2005, səh 57) - deyərək, həyatını bu yolda qurban vermiş, əqidə şəhidi olmuşdur.
Mütəfəkkir vahid Turan düşüncəsinin əsasını dünyadakı Türklərin dil, ədəbiyyat və mədəniyyət birliyində görürdü. Çünki artıq Turan parçalanaraq, ayrı-ayrı dövlətlərin nüfuz dairəsinə düşmüş, Vahid Türk milləti ayrı-ayrı adlandırılmağa başlamışdı. Artıq "qılınc dövrü" bitmiş, yeni bir çağ başlamışdır. Şair:
"Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət"
- deyəndə, məhz Türkün dilinin, ədəbiyyatının, mədəniyyətinin birləşdirici gücünü ön plana çəkməklə Turan məfkurəsinin bu yolla gerçəkləşməsini gələcək nəsillərə tövsiyyə edirdi.
Hüseyn Cavid sözün həqiqi anlamında bir Turançı idi. Mütəfəkkir Turançılıq məfkurəsini bütün tarixi yönləri ilə əsərlərində nəzərə çatdırmaqla, əslində bu ali məfkurənin gec-tez həyata keçəcəyinə bütün varlığı ilə inanırdı. Zatən inanmasaydı, heç bu yolda şəhid də olmazdı. Türkün şanlı tarixini bir qürur qaynağı sayan, müəzzəm imperatorluqlar quran böyük bir millətin şairi olduğunu bilən Cavid, Turanın böyük bir hissəsinin coğrafi xəritəsini Azərbaycan və Türkiyə Türklərinə anlatmağa çalışmışdır:
"Bir millətin tarixidir kökü, yurdu, yuvası,
Tariximiz baş ucundan hərgiz əskik olmasın.
Altay dağı, Makan çölü, həm də Yasın ovası,
Birər aydın səhifədir, hər Türk gərək anlasın.
Südü təmiz, əsil oğlu bilməzmi ki, əcdadı,
Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər?
Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,
Köksüz ağac çabuk qurur, çiçək açmaz, bar verməz.
Bakın, görün, tariximiz sizə nələr göstərir,
Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz.
...Əvət arslan yavrularım, Türk Eli həp şanlıdır,
Almas gibi ləkəsizdir, sakın, qafil olmayın"!
Mütəfəkkirin əsərlərinin əksəriyyətində hadisələr Türk -Turan dünyasında cərəyan edir. Onun qəhrəmanları da tarixdən seçilmiş Türk oğul və qızlarıdır. Əfrasiyab, Səyavuş, Atilla, Alp Arslan, Məlikşah, Çingizxan, Teymur, İldırım Bəyazid, Elxan, Orxan, Ərtoğrul, Yavuz, İlcan, Özdəmir, Xandəmir, Sabutay, Qaratay, Oqtay, Ağbuğa, Dəmirqaya, Qaraquş, Qaplan, Qorxmaz, Alagöz, Altunsaç, Almas və s. birər Türkdürlər.
"Səyavuş" əsəri ilə ən qədim Türk tarixinə istinad edən Cavid, Türk dünyasının ideal və dastanlaşmış bir şəxsiyyəti olan Turan hökmdarı Əfrasiyabdan (Alp Ər Tonqadan) təsadüfi olaraq bəhs etməmişdir. Mütəfəkkir Azərbaycanda Türkçülüyün süquta uğradığı, Turan dünyasının üç böyük imperatorluq tərəfindən siyasi və coğrafi baxımdan parça-parça olduğu, "Azərbaycanda iman, din və milliyyət duyğusunun qəzaya uğradıldığı, sosializmin "tam və qəti qələbə" çaldığı (Azər Turan) bir dövrdə digər Türk dünyası ilə bağlı mövzulara müraciət etməklə, milli yaddaşın yenidən oyanması naminə böyük bir imperatorluğa qarşı savaşa çıxmışdı. Dramaturqun "Səyavuşu" anası Turanlı olduğu üçün südü təmiz, alnı açıqdır. Onun ana yurdu yalçın qayalarda qartal yuvası olan Turan ovasıdır. Turanın hər yerində ona hörmət bəslənir, adı Altay dağlarında səslənir" (Hüseyn Cavid, əsərləri, IV cild, Bakı 2005, səh 164, 193 və s.).
İrfani və milli məqamları vəhdətdə görən Cavidin Şeyx Sənanı da digər qədim ərəb Şeyx Sənanlarından fərqli olaraq Türkdür. O, Turanda doğulub, sonra bir müddət İranda yaşadıqdan sonra Ərəbistana gəlib, orada irfan və fəzilət sahibi olmuş və yenidən Turana qayıdıb sonra İrana gedərək orada irşad yapacaqdı. Lakin Şeyx Sənan Qafqazda "Kür çayının Kür taleli Türklərin vətəni Tiflis civarında dayanmış və burada onun ilk təmasda olduğu Oğuz və Özdəmir də Türkdür" (Bax: Hüseyn Cavid, Şeyx Sənan).
Hər sözü, hər ifadəsi, hər şeiri, hər bir dram əsəri ilə Türkün yaddaşına istinad edən mütəfəkkir Türklərin yaddaşının bərpasına çalışmış, özü ilə millətinin ulu keçmişini bir bütün halında götürərək, təfəkkürünü Ulu xaqanların təfəkkürü ilə birləşdirmiş, tarixi bir missiyanı yerinə yetirməyə çalışmışdır. Mütəfəkkir özünü, öz qəhrəmanlarında, öz qəhrəmanlarını isə özündə təcəssüm etdirmişdir.
Digər Türk milliyyətçiləri kimi Hüseyn Cavidin də Türk milliyyətçiliyinin ana qaynağı olan "Türkçülük, İslamçılıq və Çağdaşlığı" istər ərəb və fars ümmətçiliyindən, istərsə də təəssübkeş xristian qərbçiliyindən daha səmimidir. Çünki Türk milliyyətçiliyi Türkə necə bağlıdırsa, digər millətlərə də elə sayğılıdır, doğma İslama necə bağlıdırsa, yad xristianlığa və musəviliyə qarşı o dərəcədə ehtiramlıdır.
Hüseyn Cavid qanlı müharibələrin əleyhinə olmaqla yanaşı Türklərin savaş ruhunun daim diri qalmasını yeganə xilas imkanı hesab etmişdi. Çünki mütəfəkkir çox gözəl bilirdi ki, savaş ruhu ölmüş bir millətin əxlaqı da iflasa məhkumdur. Ona görə də Cavid "çöhrəsində Turanın şanlı tarixi, keçmiş ənənəsi oxunan, qoca, səksən yaşlı bir Türkün duası"nı dilə gətirərək söyləyir ki:
"Ey böyük Tanrı! Ey böyük Yaradan!
Hər bəladan əsirgə yurdumuzu.
Kamran eylə şanlı ordumuzu"
(Hüseyn Cavid, əsərləri, I cild, Bakı 2005, səh 57).
Tarix sübut edir ki, milli ideologiyası olmayan bir millətin nə siyasəti, nə iqtisadiyyatı, nə hüququ, nə mədəniyyəti ola bilər, nə dili və ədəbiyyatı inkişaf edə bilər, nə də o millət mədəniyyətin ən ali forması olan dövlət qura bilər. Ümumiyyətlə hər bir milləti o millətin milli ideologiyası yüksəldə bilər.
Türk millətinin milli ideologiyasının adı "Türkçülükdür". Hüseyn Cavid də digər Türk milliyyətçiləri kimi Türkçülüyü Türk millətinin milli mənafeyini özündə əks etdirən dünyagörüşü kimi qəbul etmişdir. Cavidə görə də "Türkçülük Türk millətini yüksəltmək, Türk millətinin birlik və bütövlüyünə nail olmaq, Türk millətinin şərəfli tarixinə, yaratdığı Cahanşümul mədəniyyətə sahib çıxmaq, Türk dilini, Türk əxlaqını qorumaq, Türk vətəni Turanı sevmək və onu bərpa etmək, Türk millətinin haqqının, ləyaqətinin, ədalətinin təmsilçisi olmaq, Türk millətini yox etməyə yönələn, Türk millətinə qarşı çıxan, Türk millətini aşağılamağa çalışan bütün qüvvələrə, Türk milli varlığına zərərli olan hər şeyə qarşı mübarizə aparmaq deməkdir". Hüseyn Cavid istər Türkçülük məfkurəsinin yarandığı, istər mücadilə və tətbiqi, istərsə də bu məfkurəyə qarşı total hücuma keçilən dövrlərdə öz amalından dönməmiş və ömrünün sonuna qədər Türkçülük və Turançılıq onun məfkurə savaşının təməl qaynağı olmuşdur.
Ruhu şad olsun !
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru
TEREF






Xəbəri paylaş


 
 


Xəbər lenti