ABŞ Cənubi Qafqazda nə axtarır? – “Pərdə arxasında böyük bir hazırlıq işi gedir…”

 
Bu gün, 10:00           
Fərhad Məmmədov: “Bakı ilə Vaşinqton arasında yeni tarixi mərhələ başlanır”
“Cənubi Qafqaz regionunda ABŞ-nin son dövrlərdə artan aktivliyinin səbəblərini anlamağa çalışarkən, çox vaxt fərqli bir sual ortaya atılır: Vaşinqton Qafqazda nəyi itirib?! Biz isə məsələyə tamamilə əks tərəfdən yanaşaraq başqa bir suala cavab tapmağa çalışacağıq: Ağ Ev bizim regionumuzda nəyi tapmağa və əldə etməyə çalışır?”
Bu barədə politoloq, “Cənubi Qafqaz” Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov ABŞ-nin regiona yönəlik yeni strateji gedişlərini şərh edərkən bildirib.
Ekspert qeyd edib ki, ABŞ XX əsrin 90-cı illərinin əvvəllərindən etibarən regional proseslərdə aktiv şəkildə iştirak edir:“Həmin dövrün ən böyük nailiyyəti – Azərbaycan neftini Aralıq dənizinə çatdıran boru kəmərinin (Bakı-Tbilisi-Ceyhan) reallaşdırılması oldu. Lakin bu uğurlu layihədən sonra, xüsusilə Obamanın hakimiyyəti illərində ABŞ praqmatik yanaşmadan ideoloji yanaşmaya keçid etdi ki, bu da ikitərəfli münasibətlərdə ciddi böhranlara yol açdı. Obama ABŞ-nin regiondakı strateji mənafelərini faktiki olaraq qurban verdi, Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlanmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini dəstəklədi. Rusiya diplomatiyası isə sol-liberal dairələr tərəfindən prezident kürsüsünə gətirilmiş bu təsadüfi personajın buraxdığı səhvlərdən məharətlə istifadə etdi”.
F.Məmmədov vurğulayıb ki, hazırda regionda tamamilə yeni reallıqlar formalaşır:“Azərbaycanla Ermənistan arasında sülh, Ermənistan-Türkiyə normallaşması və qapalı qalmış kommunikasiyaların açılması gündəmdədir. Tramp administrasiyası dövründə ABŞ bu yeni reallıqları nəzərə alaraq və onları stimullaşdıraraq regional proseslərə aktiv şəkildə daxil olub”.
Ekspertə görə, ABŞ-nin bu yanaşması onu regiona fərqli şərtlər diktə etməyə çalışan İran və Rusiyadan ciddi şəkildə fərqləndirir.
Politoloq ABŞ-ı regiona çəkən əsas geosiyasi amilləri belə sıralayıb:
“Birincisi, Rusiyavə İranınzəifləməsi.Geosiyasi şərtləri təhlil edərkən, ilk növbədə coğrafi amildən çıxış etməliyik. Cənubi Qafqaz Rusiya ilə İranın arasında yerləşir və hazırkı tarixi mərhələdə həm Moskva, həm də Tehran regionda özlərinin ən zəif dövrünü yaşayırlar. Rusiya Gürcüstanla olan problemlərini həll etmək, Abxaziya və Sxinvali (Cənubi Osetiya) bölgələrinin Gürcüstana qaytarılmasına kömək etmək niyyətində deyil. Ermənistan ilə Rusiya arasında illərlə davam edəcək ağrılı bir ‘boşanma’ prosesi gedir. Azərbaycanla münasibətlərdə isə yeni bir ‘normallıq’ formalaşmaqdadır. İran isə məlum səbəblərdən, əgər yeni bir müharibə fazasına girməsə, hələ bir neçə il özünü bərpa etməklə məşğul olacaq”.
İkincisi, Mərkəzi Asiyaya çıxışCənubi Qafqazın Mərkəzi Asiyaya çıxış qapısı olması Vaşinqton üçün ən mühüm motivasiya mexanizmlərindən biridir. Mərkəzi Asiyada atılan hər bir addım, Cənubi Qafqaza olan marağın strateji dəyərini daha da artırır”.
Üçüncüsü, Çinlə qlobal rəqabətPekin artıq region ölkələri ilə strateji tərəfdaşlıq sazişləri imzalayıb, ticarət dövriyyəsini sürətlə artırır və region dövlətlərini Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) cəlb edir. Beləliklə, ABŞ üçün geosiyasi zərurət tam ortadadır”.
Fərhad Məmmədov ABŞ-ın region ölkələri, xüsusilə Azərbaycan və Ermənistanla iqtisadi əlaqələrinin maksimal operativliklə yeni məzmun qazandığını bildirib:“Hazırda pərdə arxasında böyük bir hazırlıq işi gedir. Diplomatların, transmilli şirkətlərin və infrastruktur mütəxəssislərinin missiyaları mütəmadi olaraq regiona səfər edir, konkret layihələrə maliyyə vəsaitləri ayrılır. Yəni, hər şey olduqca ciddidir və region ölkələri də ABŞ-nin bu iqtisadi marağına konstruktiv şəkildə cavab verirlər. Bu prosesdə ABŞ-nin yanında Avropa İttifaqı kimi güclü bir köməkçi də var. Aİ-nin resursları asanlıqla Vaşinqtonun regional geosiyasi və iqtisadi məqsədlərinin reallaşdırılmasına yönəldilə bilər. Deməli, ABŞ-nin bu regionda tapmaq və qazanmaq istədiyi kifayət qədər ciddi dividendlər var”.
Ekspert şərhinin sonunda Azərbaycanın bu prosesdəki xüsusi yerinə və qazanacağı üstünlüklərə diqqət çəkib:“Azərbaycan ənənəvi olaraq kənar güclərin regiondakı aktivliyinə hər zaman ehtiyatla yanaşır. Lakin mövcud şərtlər daxilində ölkəmiz üçün ABŞ ilə keyfiyyətcə tamamilə yeni münasibətlər qurmaq baxımından tarixi bir imkan yaranıb.
Bu, eyni zamanda bədnam ‘907-ci düzəliş’in tamamilə ləğv edilməsi, münasibətlərin institusionallaşdırılması və Mərkəzi Asiyaya çıxışda yeni strateji funksiyanın əldə olunması deməkdir. Bu mühüm komponentlərlə yanaşı, Azərbaycan üçün ticarət, müasir silahların satın alınması, ölkəyə strateji investisiyaların və kritik texnologiyaların cəlb edilməsi, eləcə də öz maliyyə aktivlərini ABŞ-də təhlükəsiz şəkildə yerləşdirmək baxımından yeni və geniş perspektivlər açılır”./azpolitika.info




Xəbəri paylaş


 
 


Xəbər lenti