Paşinyana Əliyevlə görüşə kim imkan vermədi? - Sensasion şərh

 
19-07-2024, 12:58            89 dəfə baxılıb
Ermənistan baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi, daha sonra isə Ermənistan hökumətinin bu imtinanın doğurduğu reaksiyadan və məsuliyyətdən əndişələnərək, bunu təkzib etməyə çalışması Nikol Paşinyanın bu qərarı özünün vermədiyi ehtimalını gücləndirir.
Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal ötən gün Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində təklif edilən Əliyev-Paşinyan görüşündən ikincinin imtinasına münasibət bildirərkən deyib.
Aynur Camalın sözlərinə görə, imtina xəbərindən dərhal sonra İrəvanın təkzibə cəhd etməsi, paralel olaraq Oksfordda Blenheym Sarayının həyətində Makronla Paşinyanın görüşməsi diqqət cəlb etməyə bilməz:
“Azərbaycan tərəfinin liderlərin görüş təklifindən Ermənistanın imtinası barədə anında verdiyi açıqlama anında ciddi rezonans doğurdu: Ermənistan XİN sözçüsü səviyyəsində bunu təkzib etməyə, görüşdən Azərbaycan tərəfinin imtina etdiyi yalanını yaymağa cəhd etdi. Bu, Paşinyanın təsir altında verdiyi qərarla bağlı ciddi tərəddüd içərisində olduğunun göstəricisi idi. Bir tərəfdən Azərbaycanla bir ay müddətində sülh sazişini imzalamağa hazır olduğunu bildirib, digər tərəfdən Azərbaycan lideri ilə görüşdən imtina etmək anlamsızdır. Ermənistanın bu məntiqsizliyi izah etmək üçün sözü yoxdur. Paşinyanın bu məqamda Fransa lideri Makronla Blenheym Sarayının həyətində görüşməsi və hər ikisinin bir kənara çəkilərək, uzun-uzadı müzakirə apardığını əks etdirən görüntülərin yayılması isə bunu deməyə əsas verir ki, Ermənistan baş nazirinin “təcili dəstəyə” ehtiyacı olub. Böyük ehtimalla Əliyev və Paşinyanın Britaniyanın təşəbbüsü ilə ikitərəfli müzakirə aparmasına Fransa lideri mane olub və bunun da səbəbləri var:
1. Britaniya Cənubi Qafqazda Orta Dəhlizin açılmasında maraqlı olan əsas beynəlxalq güclərdən biridir və böyük ehtimalla bu görüşdə Orta Dəhlizin əsas müzakirə mövzusu olmasını istəyib. Başqa sözlə, Zəngəzur dəhlizinin açılması gündəmə gəlib.
2. Almaniyada Ermənistan və Azərbaycan liderləri arasında görüş Şoltsun təşəbbüsü ilə baş tutmuşdu. Almaniya kansleri vasitəçilik etməmişdi, sadəcə, təşəbbüs göstərmişdi və ikitərəfli danışıqlara vəsilə olmuşdu. Eyni missiyanı bu dəfə Britaniya baş naziri yerinə yetirməyə çalışdı. Nəzərə alaq ki, Azərbaycan Fransanın bütün müdaxilələrini və vasitəçilik təşəbbüslərini bloklayıb, Britaniya baş nazirinin təşəbbüsü ilə növbəti görüş makronun Avropa liderliyi iddiasına növbəti zərbə, Fransanın Cənubi Qafqaza müdaxiləsinə daha bir siyasi sədd kimi anlaşıla bilərdi. Makron Ermənistana təsir imkanlarının qaldığını nümayiş etdirmək üçün Paşinyanı görüşdən imtinaya səsləyib.
3. AB Şurası rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh prosesi haqda Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı iki tərəfin vasitəçisiz, birbaşa danışıqlar aparması üçün hər şeyi etdiyini və etməyə hazır olduğunu bildirdi. Bu isə təklif edilən görüşün əslində formatını bir daha göz önünə sərir: Azərbaycan liderinin prinsipial mövqeyi AB və Britaniyada qəbul edilir, Makron isə kənarda qalmasından əndişəlidir. Çünki bu halda Cənubi Qafqaza təsir imkanlarını bir qədər də itirəcək”.
Politoloqun fikrincə, Nikol Paşinyan Makronun təkidi ilə görüşdən imtinasını doğurduğu mümkün nəticələri anlamaq zorundaydı:
“ABŞ-da qarşıdan gələn seçkilərdə Donald Trampın qalib gəlmək şansı çox yüksəkdir. Tramp kifayət qədər realist, ABŞ-ın çıxarlarını düşünən siyasətçidir və erməni politoloqlar da israrla bildirirlər ki, ABŞ-ın yeni prezidenti Cənubi Qafqazda Azərbaycanla işləməyə və Azərbaycanın prinsiplərini müdafiə etməyə üstünlük verəcək. Bunun bir səbəbi iqtisadi maraqlardırsa, digər səbəbi Trampın İsrailə xüsusi münasibəti, İsrailin isə Azərbaycanla əlaqələri yüksək qiymətləndirməsidir.
Ermənistanın onillərdir nəfəsliyi kimi tanınan İranda da vəziyyət dəyişib: bu ölkədə Azərbaycanla münasibətləri inkişaf etdirməkdə qərarlı olan azərbaycanlı Məsud Pezeşkian prezident seçilib və təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev onu ilk təbrik edənlərdən oldu, həmçinin Pezeçkianı Bakıya səfərə dəvət etdi. Bu məqamda İranın Ermənistandakı səfiri, hər zaman erməni maraqlarının müdafiəçisi təsiri bağışlayan Mehdi Sübhaninin “Azadlıq” radiosuna müsahibəsini də yada sala bilərik. Erməni jurnalistin təkidli və bir neçə dəfə təkrar sualına baxmayaraq, o, “Azərbaycanın müdaxiləsi zamanı” İranın prosesə qarışacağının mümkünlüyünə heç bir cavab vermədi. Bu, Tehranda səfirliyini bərpa edən Azərbaycanın İranla münasibətlərində yeni mərhələnin başladığının soraqçısı sayıla bilərdi.
Beləliklə, bəlli olur ki, Rusiyadan üz döndərən və birmənalı Qərb siyasəti aparan Ermənistanın qanunsuz iddialarının arxasında duran ölkələrin sayı, az qala, Fransa, daha doğrusu, Makronla məhdudlaşır. Makronun isə siyasi hakimiyyəti daxili təlatümlərlə silkələnir: 30 iyun və 7 iyulda keçirilən parlamentin aşağı palatasına seçkilərdə Makronun koalisiyası solçulara məğlub oldu, üstəlik, radikal sağçılar əvvəlki seçkilərlə müqayisədə böyük uğur əldə edərək, deputatlarının sayını artırdılar. Makron artıq Attalın istefasını qəbul edib və müxalif baş nazirlə işləmək məcburiyyəti ilə üzləşə bilər. Belə bir durumda Makronun özü də ölkəsindən min km-lərlə uzaqda olan məsələlərə müdaxilə imkanlarını itirir. Diqqət edirsinizsə, Makron son vaxtlar Ukrayna məsələsində də “ötkəm” açıqlamalardan və ümumiyyətlə, bu mövzuda vaxtaşırı danışmaqdan çəkinir, sanki Fransa ordusunun Ukraynaya yeridilməsi mümkünlüyündən danışan şəxs deyildi.
Bu cür dəyişikliklər fonunda Paşinyanın tərəddüdü, Azərbaycan lideri ilə görüşdən imtinasının doğura biləcəyi nəticələrdən panikaya düşməsi və tələsik Makronla görüşüb, saray həyətində uzun-uzadı müzakirə aparması arasında məntiqi əlaqə görə bilərik”.
Politoloq onu da vurğulayıb ki, Britaniyada baş verən proseslər Azərbaycan Prezidenti İlham Əliyevin necə dəqiq, həssas strateji siyasi hesablamalar apardığını və geopolitik duruma uyğun mükəmməl gedişlərinin növbəti təntənəsidir:
“Rəsmi açıqlamalara diqqət etdinizsə, Prezident İlham Əliyevin görüşləri yenə qarşı tərəflərin müraciəti və istəyi ilə baş tuturdu. Prezident Əliyevin masasına yaxınlaşır, onunla ünsiyyətə can atır, onunla görüşmək üçün müraciət edirdilər. Bu, Azərbaycanın və İlham Əliyevin regionda hansı mühüm statusa malik olmasının sübutudur.
Bu baxımdan Ermənistan görüşdən imtinası ilə ciddi siyasi səhvə yol verdi və sülh danışıqlarında əslində kimin təsir altında hərəkət etdiyi, kimin tərəddüdlərlə prosesi uzatdığını bütün dünyaya göstərmiş oldu. Bu, Azərbaycanın mövqelərinin güclənməsində mühüm faktordur. hesab edirəm ki, Ermənistan rəsmilərinin ötən gün görüşdən imtina etmədiklərini deməsi mümkün görüşə çalışmaq və strateji səhvi düzəltmək cəhdidir. Bu isə Azərbaycana bu və ya qarşıdakı mümkün görüşdə daha üstün mövqedən çıxış etməsinə imkan yaradacaq”.



Xəbəri paylaş


 
 


Xəbər lenti