ABŞ Konqresi Bakının “qırmızı xətti”ni keçdi - qondarma mövzu dinləmələrdə...

 
24-09-2024, 11:37            125 dəfə baxılıb
ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı aktın müzakirəyə çıxarılması (“Artsax Gəlirlərinin Bərpası Aktı” - red.) Qərbin Ermənistandan istifadə etməklə bölgədə gərginlik yaratmaq ssenarisinin tərkib hissəsidir. Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff çıxışında iddia edib ki, Azərbaycanın “artsax” xalqına qarşı davamlı hərəkətləri humanitar fəlakət yaradıb və etnik təmizləməyə bərabər olub.

O, “ədalətin təmin olunmasının zəruriliyindən” dəm vurub. Şiffin tələbləri sırasında “Artsax Gəlirlərinin Bərpası Fondu”nun yaradılması da var. Tələbə əsasən bu fond Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra bu vəsaitləri Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş “artsax”dan didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edəcək. Həmçinin “köçkün ermənilər”in fonddan təzminat almaq üçün müraciət etməsinə imkan verən sadələşdirilmiş prosesin yaradılmasına çağırış olunur.

Bununla yanaşı, ABŞ-dakı şəxsi aktivləri ələ keçirmək və “artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqi” də tələblər sırasındadır. “Yeni Müsavat” qeyd edir ki, 2024-cü il “Artsax Gəlirlərinin Bərpası Aktı” Frank Pallone, Qreys Napolitano, Linda Sancez kimi ermənipərəst konqresmenlər tərəfindən dəstəklənir. Aydın məsələdir ki, Adam Şiff təkbaşına hərəkət etmir. Bu, ABŞ-ın Azərbaycana qarşı növbəti təxribatıdır. Şiff kimi insanlara Bayden administrasiyası konkret olaraq anti-Azərbaycan hərəkətləri üçün şərait yaradır. Bayden administrasiyası ABŞ və Azərbaycan arasında münasibətləri fəlakətə doğru aparır.

Qeyd etmək lazımdır ki, Azərbaycan bu addımı reallaşacağı təqdirdə cavabsız qoymayacaq və bu, ABŞ-ın Cənubi Qafqaz siyasətinin sonu deməkdir. Bundan sonra ABŞ Cənubi Qafqazdan atılacaq və Azərbaycan ABŞ-ın regiondakı bütün nəqliyyat layihələrini, o cümlədən Mərkəzi Asiyaya çıxışını əngəlləyəcək. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını müdafiə etmək siyasətində qətiyyətlidir və ölkəmizin maraqları və suverenliyini heç vaxt qurban verməyəcək. ABŞ-ın Əfqanıstandakı əməliyyatı zamanı olduğu kimi, gec-tez Vaşinqtonun Azərbaycana yenidən ehtiyacı olacaq. Bununla belə, Bayden administrasiyası öz hərəkətləri ilə ikitərəfli münasibətləri bərpası mümkün olmayan çöküşə aparır. “Amerika Birləşmiş Ştatları Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları" adlı dinləmələrin təşkil olunması və çıxış edənlər tərəfindən mövcud olan faktların açıq şəkildə təhrif olunaraq Azərbaycana qarşı əsassız fikirlərin səsləndirilməsi ciddi təəssüf hissi doğurur".

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a qeyd etdi ki, ABŞ və digər Qərb ölkələrinin belə müzakirələr təşkil etməsi demokratiyanın, söz azadlığının üzərindən xətt çəkir: “Avropa Şurasında da belə müzakirələrin aparılması təklif olunur. Bu da Qərbin qərəzli mövqeyindən irəli gəlir və Azərbaycan hər zaman bu addımlara cavab verir. Əgər belə müzakirələr aparırlarsa, bizə qarşı hansısa qərarlar tətbiq etmək niyyətindədirlərsə, ilk növbədə özlərinə zərər vuracaqlar. Azərbaycan erməniləri Qarabağdan çıxarmayıb, sadəcə, öz dövlət suverenliyini bərpa edib, onlara da vətəndaşlıq təklif olunub. Amma kompensasiya tələbi absurd məsələdir, bəs 30 il torpaqlar işğal altında olanda azərbaycanlılara dəymiş maddi-mənəvi zərərin təzminatını kim ödəcəyək? Əksinə, biz xalqımıza dəyən ziyanın ödənməsini tələb edirik”. Partiya sədri vurğuladı ki, Azərbaycan Qərblə normal, bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır: “Əgər belə davam edəcəklərsə, onqat artıq cavabını alacaqlar, bu zaman da etdikləri özlərinə qarşı çevriləcək. Biz kimsədən çəkinmirik və təzyiqlə heç nə əldə edə bilməzlər. Azərbaycan təzyiqlərə boyun əyəcək dövlət deyil. Digər tərəfdən, biz bilirik ki, erməni milyarderlərin hesabına Konqresə bu mövzular daşınır. Hər halda, ABŞ və Konqres üçün yaxşı hal deyil, utancverici addımlardır. Vaşinqton Bakı ilə olan mühüm tərəfdaşlıq münasibətlərini nəzərə almalıdır”.









Xəbəri paylaş


 
 


Xəbər lenti