Mülkiyyətçisinin ailə üzvlərinin istifadə hüququnun mühüm xarakteristikaları - AYSU NƏBİZADƏ YAZIR

 
8-08-2024, 11:22            183 dəfə baxılıb
İlk növbədə mövzu predmeti özünün daim aktuallığı və mübahisəli məqamları ilə daim diqqət mərkəzindədir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvünün istifadə hüququ həm dövr baxımdan, həm tədbiq ediləsi qanunvericilik aktı baxımından müxtəlif şəkildə şərh edilməkdədir.
Hüququn yaranması məsələləri:
Münasibətlərə hansı hüquqi aktın tədbiqini müəyyənləşdirmək üçün münasibətin ailə, yoxsa mülki hüquq çərçivəsində yarandığını müəyyən etmək lazımdır. Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən hüququn yaranması üçün bu hüququn dövlət reyestrində qeydə alınması və notariat qaydasında təsdiqlənən yazılı razılaşma tələbləri mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində isə ailə üzvlərinin hüququ üçün belə şərtlər göstərilməmişdir. 
Deməli, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Ailə üzvlərindən söhbət gedirsə, bu münasibətlərə ailə hüququ çərçivəsində baxılacaq. Amma ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnundan bəhs edilməsi üçün notarial qaydada təsdiqlənən yazılı razılaşma və reyestrdə qeydiyyat tələb olunur.
MM-in 228-ci maddəsində də aydınlaşdırılmalı olan məqam vardır. Əslində həmin maddədə də birbaşa olaraq ailə üzvlərinə münasibətdə razılaşma və reyestr məsələləri tələb olunmamaqda, digər şəxslərin isə mülkiyyətçinin razılığı ilə köçürülməli olması göstərilmişdir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. 
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair KM Qərarı) . Yəni mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən bərabər istifadə hüququ vardır. Həmçinin birgə yaşayan ailə üzvləri yetkinlik yaşına çatmayan uşaqlarını köçürə bilərlər. Amma digər şəxslərin köçürülməsi isə artıq yazılı razılaşma formasında mümkündür.
Misal 1.  A şəxsinin oğlu B, A ilə bərabər  istifadə hüququ vardır. B şəxsi C ilə nikah münasibətlərinə daxil olduqda, C şifahi razılıqla A-nın evinə köçür  və orada qeydiyyata düşür. İstifadə hüququ ilə bağlı mübahisə yaranmış, nikah münasibətləri pozulduqdan sonra A C-nin qeydiyyatdan çıxarılma tələbini irəli sürmüşdür. İlk olaraq, C-nin həmin evə köçməsi ilə bağlı Məcəllə mülkiyyətçinin razılığı ifadəsinə yer versə də, razılığın formasını müəyyən etməmişdir. Amma Plenum qərarı yazılı razılaşma ilə köçürülməli olduğunu bildirmişdir. Digər tərəfdən tərəflər arasında istifadə hüququ ilə bağlı mübahisə yaranmış, C qeydiyyata düşdüyünə əsaslanmaqla istifadə hüququnun olduğunu bildirmişdir.  Amma qeydiyyata düşmək istifadə hüququnu yaratmır. C-nin istifadə hüququ üçün yazılı razılaşma və bu hüququn reyestrdə qeydə alınması olmalı idi. Əgər ev A-nın yox, B-nin mülkiyyətində olsa idi, o zaman istifadə hüququnun yaranması üçün yazılı razılaşma və reyestrdə qeydə alınma tələbi olmayacaqdı. Çünki C-nin istifadə hüququ ailə münasibətlərinə əsasən yaranmış olacaqdı.
Hüququn xitamı məsələləri: 
Bu hüquq yaranarkən ailə üzvləri və digər şəxslər baxımdan yaranma əsasları fərqli olduğunu bildirdik. Təbii ki, məsələyə mövcud istifadə hüququ baxımdan qiymət verilməlidir. Mövcud olmayan hüququn da xitamı mümkün deyildir. Yəni ilk növbədə belə bir hüququn mövcud olub-olmaması araşdırılmalıdır. 
Həmçinin xitam zamanı da ailə üzvləri və digər şəxslər arasında fərqləndirilmə aparılacaq. 
  a. Ailə üzvlərində yaşayış sahəsindən istifadə hüququna xitam məsələrində münasibətin yaranma tarixini bilmək vacibdir. 2009-cu il oktyabrın 1-nə qədər yaranan münasibətlərə dair mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin tarixdən sonra yaranan münasibətlərə dair mübahisələrə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tədbiq ediləcəkdir.
Misal 2. A şəxsi B ilə nikah münasibətlərinə 2013-cü ildə xitam vermiş və B-nin özünün yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. B isə Mülki Məcəllənin 228-ci maddəsinə əsaslanmaqla iddiaya etiraz etmiş, nikah münasibətlərinə xitam verilsə də, istifadə hüququnun saxlandığını bildirmişdir. Tərəflər arasında nikahın 2010-cu ildə bağlandığını nəzərə alaraq, mübahisəyə tədbiq ediləcək qanunvericilik aktını müəyyən edin. Bəs B-nin hər hansı şəkildə istifadə hüququ saxlanıla bilərmi?
Münasibət 2009-cu il oktyabrın 1-dən sonra yarandığına görə mübahisəyə Mənzil Məcəlləsi tədbiq ediləcək. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Deməli, A və B arasında münasibətlər ailə hüququ çərçivəsində yarandığından, istifadə hüququ da münasibətə xitam verildikdə pozulacaq. Amma A və B arasında razılaşma varsa, münasibətə artıq nikah pozulduqdan sonra ailə yox, mülki hüquq çərçivəsində baxılacaqdır.
Həmçinin yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Əgər münasibətlər 2009-cu il  1 oktyabrdan əvvəl yaranıbsa, Mülki Məcəlləyə əsasən istifadə hüququ saxlanılacaq. Xitam məsələsində isə MM-in 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Kompensasiya ödənilmədən xitam verilmə halı da mümkündür.  Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair KM Qərarı)
Digər şəxslərə münasibətdə xitam verilmə isə birdəfəlik Mülki Məcəllə ilə tənzimləcəkdir. Belə ki, 228.2-ci maddəsinə əsasən, razılaşma olmalı, yaxud kompensasiya verilməsi yolu ilə məhkəmə qərarı ilə xitam veriləcəkdir.

Kompensasiya ödənilərkən, mənzilin bazar qiyməti nəzərə alınmaqla, yaxud mənzilin yerləşdiyi ərazidə olan kirayə haqqlarının orta qiyməti müəyyən edilərək hesablanır. Lakin qeyd etmək lazımdır ki, istifadə hüququ mülkiyyət hüququna bərabər anlayış deyildir ki, bu təcrübə formalaşsın. Bu, mülkiyyət hüququnun tərkibinə daxil olan səlahiyyətlərdən sadəcə biridir. Bu baxımdan hesab edirəm ki, kompensasiya ödənilərkən sadəcə şəxsin yaşayış sahəsi ilə təmin oluna bilməsi üçün zəruri olan məbləğ müəyyən edilməlidir.  
Bu mübahisələrdə digər diqqətə çatdırılmalı məsələ odur ki, qeydiyyatda olmaq istifadə hüququnun olmasını ifadə etmir. Məhkəmə hər bir halda, bu qəbildən olan işlərə baxarkən istifadə hüququnun olub-olmamasını yoxlayır və mövcud olmayan bir hüququn da xitamından söhbət gedə bilməz.
Aysu NƏBİZADƏ
Hüquqşünas



Xəbəri paylaş


 
 


Xəbər lenti