AQTA-nın YARITMAZLIĞI... - Bəlkə təzə qurum yaradaq?..

 
22-08-2024, 11:48            83 dəfə baxılıb
Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq, ölkə ərazisində müxtəlif müəssisələrdə yoxlamalar aparması ilə bağlı mətbuat üçün açıqlamalar yayır. Bu açıqlamalarda müəssisələrdə çatışmazlıqların aşkarlandığı, problemlərin olduğu qeyd edilir. Bizə, yəni KİV-ə sadəcə məlumatlar ötürülür. Yoxlamaların necə, hansı şəraitdə keçirildiyi, nƏticələrin şəffalığı barədə biz sadəcə bizə təqdim olunan materiallara baxaraq, təsəvvür yarada bilərik. Yəni AQTA digər qurumlar kimi tədbirlərini, monitorinqlərini peşəkar jurnalistlərin iştirakı ilə keçirmir və media ilə əməkdaşlığa səthi yanaşır. Sanki AQTA müqəddəs bir təşkilatdır və verdiyi açıqlamalar mütləq şəkildə doğrudur. Biz buna inanmalı və cəmiyyətə də sorğusuz-sualsız inanması üçün təqdim etməliyik…
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, AQTA-nın əsasnaməsinə baxsaq, onlar cəld yoxlama imkanına malik deyil. Ekspertin fikrincə, hökumətin biznesin inkişafı siyasəti ilə istehlakçı siyasəti qətiyyən düz gəlmir.

“Biznesə toxunmaq olmaz, onu yoxlamaq olmaz və s. Əslində, AQTA-nın əl-qolu bağlıdır. Onlar qəfil yoxlama edə bilmir. Yoxlamaya gedəndə də qarşı tərəfə xəbər verilir. Uzun bir prosedurdur və s. Belə yoxlama olmaz. Əlbəttə, belə yoxlama olmayan halda Azərbaycan istehlakçıları apteklərdə və xəstəxanalarda növbəyə durur. Yəni cəld yoxlama mexanizmi yoxdur. Ən təhlükəli bir mal haradasa satılırsa AQTA-ya xəbər verirsən. Onların qəfil gedib, yerində yoxlayıb, dərhal dayandırmaq imkanları yoxdur. Qanunlar bunu qadağan edir. Bu da düzgün deyil. Hökumətin bu sahədə siyasəti səhvdir. AQTA-nın əsasnaməsində dəyişiklik olmalıdır. Onlar cəld yoxlama imkanlarına malik olmalıdır”-deyə ekspert bildirib.

Eyyub Hüseynov da hesab edir ki, AQTA KİV və ictimai təşkilatlarla effektiv işləyə bilmir.

"AQTA-nın ən yaxşı köməkçisi istehlakçılar ola bilər"
“AQTA nə üçün küçədə heyvan kəsiminin qarşısını ala bilmir. İcra hakimiyyəti də ala bilmir. Çünki istehlakçılar ona tələb yaradır. Tələb yarananda da təklif meydana çıxır və mal satılır. Ona görə də inzibati yollarla bunu həll etmək olmaz. AQTA gərək KİV-lər və ictimai təşkilatlarla səmərəli iş qursun. O zaman məqsədlərinə hədəflərinə nail ola bilər.

Mən İctimai Şuranın üzvü olan zaman dəfələrlə deyirdim ki, gərək hər axşam televiziyanı, mətbuatı izləyəsiniz. O zaman sədr müavini mənə dedi ki, “hardan bilirsiniz ki, izləmirik”. Mən də dedim ki, “siz onlara bir təşəkkür məktubu göndərmisinizmi? Onlar qarışqa kimi səhərdən axşama qədər material axtarır. Bütün informasiyaları verir”. Lakin biz görməmişik ki, AQTA KİV nümayəndələrinə təşəkkür bildirsin ki, “siz filan məlumatları verdiniz. Biz getdik onun üstünü açdıq”. Baxmayaraq ki, cənab prezident deyib ki, mən ən önəmli informasiyaları kütləvi informasiya vasitələrindən alıram. Ancaq AQTA bunu edirmi, etmək istəyirmi?”-deyən ekspert hesab edir ki, AQTA özünün cəmiyyətdən çox yüksəkdə olduğunu daim sübut etmək istəyir və cəmiyyətin önünə gələ bilmir.

“Nə qədər ki, milyon dollarlıq dəyərdə alınmış laboratoriyaları "uçur", bu qurum hədəflərinə nail ola bilməyəcək”-deyə Eyyub Hüseynov vurğulayıb.

P.S. Etiraf edək ki, həqiqətən də, AQTA-nın fəaliyyəti ilə, biz sadəcə qurumun paylaşdığı material əsasında tanış ola bilirik. Bəs bu məlumatlar hansı dərəcədə düzgündür? Biz hər oxuduğumuza inanmalıyıqmı?

Məsələn; AQTA dondurma istehsalı ilə bağlı araşdırma aparır və izah verilir ki, “bu şirkətin məhsulları yarasızdır”. Yararsızdırsa, bunu AQTA mağazalardan yığa bilirmi? Nə isə, yadıma BNA düşdü…







Xəbəri paylaş


 
 


Xəbər lenti