TDT ordusu yaradılsın, Bakı mərkəz olsun – Türk general

 
6-11-2024, 14:26            22 dəfə baxılıb
Türk Dövlətləri Təşkilatı (TDT) türk dünyasının gücləndirilməsi, iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik mövzuları ilə əlaqədar olaraq təşkil olunub. Bu Zirvədə TDT-nin strateji öncəlikləri müzakirə ediləcək, əvvəlki görüşlərdə qəbul edilən qərarların icrası bir daha nəzərdən keçiriləcək. Dörd əsas sahəyə xüsusi diqqət ayrılacaq və bunlardan ən önəmlisi təhlükəsizlikdir.
Bu fikirləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü ilə bağlı danışarkən bildirib.
Generalın sözlərinə görə, Zirvə görüşü ildən-ilə fəaliyyət sahəsini genişləndirir və türk dövlətlərinin ortaq birliyinin güclənməsi olduqca müsbət haldır. O, təhlükəsizlik sahəsində də ortaq layihələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:
“Dünya qeyri-müəyyən və riskli bir mərhələyə doğru irəliləyir. Təşkilata üzv olan dövlətlər Anadolu, Cənubi Qafqaz və Türküstan kimi münaqişə riski olan regionlarda yerləşir və bu, qlobal güclərin maraq dairəsindədir. Buna görə də yerləşdiyimiz coğrafiyalarda potensial təhlükələrdən təəssüf ki, uzaq deyilik. Bu təhdidlərə qarşı nə etmək olar? İlk növbədə təhlükələri təsbit və analiz etmək, daha sonra isə lazımi tədbirlər görmək lazımdır. İstanbul Zirvəsində imzalanan sazişlərdən 21-i təhlükəsizlik sahəsini əhatə edirdi. Kəşfiyyat və milli təhlükəsizlik mövzuları, eləcə də hərbi təhsil tədbirləri də müəyyən bir perspektiv daxilindədir. 11-ci Zirvənin əsas mövzularından birinin təhlükəsizlik olması bizə istiqamət və fikir verir. Türk Dövlətləri Təşkilatının mütləq şəkildə bir təhlükəsizlik mexanizmi olmalıdır. Ortaq mexanizmin yaradılması kibercinayətkarlıq təhdidləri və hibrid müharibənin doğurduğu təhlükələrə qarşı mübarizə üçün ortaq qərargah, birgə katiblik və ortaq sülhməramlı qüvvə yaradılmasını əhatə etməlidir. Həmçinin ölkələrimizdə baş verə biləcək təbii fəlakətlərdə, fövqəladə hallarda və daxili qarşıdurmalarda bu mərkəzin müdaxilə etməsi təmin edilməlidir. Mövcud vəziyyətə əsasən, Türk Dövlətləri Təşkilatının ortaq fəaliyyət mərkəzinə ev sahibliyi edə biləcək ən uyğun yer Azərbaycan və Bakı ola bilər”.
Karauzun sözlərinə görə, hər bir ölkə öz imkanları daxilində bu birliyin yaradılması üçün səy göstərməlidir:
“Bu çərçivədə, ortaq fəaliyyət mərkəzinə üzv dövlətlər öz imkanları daxilində tabur, alay və ya briqada səviyyəsində birliklər yaradaraq təlimlər və tədris tədbirləri təşkil etməli, mərkəzin təkmilləşdirilməsini təmin etməlidir. Əks təqdirdə, tarix bizi baş verə biləcək təhlükələrə qarşı hazırlıqsız olduğumuza görə bağışlamaz”.




Xəbəri paylaş


 
 


Xəbər lenti