HÖRMÜZ BOĞAZI İRANIN “AXİLLES DABANI” İMİŞ – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək
Bu gün, 12:31
ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazı yaxınlığında İranın “TOUSKA” adlı yük gəmisini ələ keçirməsi ABŞ-nin İranın həyat arteriyasını kəsə biləcəyinin əməli göstəricisidir. Buna qarşı SEPAH-ın təsirli reaksiya kimi Körfəz ölkələrinə və İsrailə ballistik raket atması atəşkəsin Tehran tərəfindən pozulması anlamına gələr və nəticədə İrana ölümcül zərbələr vurmaq üçün Trampa fürsət verər.Hörmüz boğazının ABŞ tərəfindən blokadaya alınması onsuz da aviazərbələrdən ciddi surətdə sarsılan İran iqtisadiyyatını fəlakətə sürükləyir. Donald Tramp İrana təzyiq göstərməklə, onu irəli sürdüyü şərtlərə razı salmaq istəyir. Tramp İrandan zənginləşdirilmiş uranın təhvil verilməsini, ”Hizbullah” və digər proksi güclərə dəstəyin dayandırlmasını, nüvə layihəsindən imtina edilməsini tələb edir.
Belə görünür ki, İranın rəsmi nümayəndələri danışıqlar zamanı Trampa razılıq versələr də, SEPAH-ın qorxusundan sonradan tamamilə başqa cür davranırlar. Görəsən, İran rəhbərliyi doğrudanmı qlobal meydanda oynaya, dünya iqtisadiyyatının yönünə fundamental şəkildə təsir göstərəcək siyasət yürüdə biləcəklərinə inanır? Əgər onlar bu məsələdə Hörmüz boğazını bir vasitə kimi istifadə edəcəklərini düşünürlərsə, bərk yanılırlar.
İran bildirir ki, onun icazəsi olmadan heç bir ölkənin gəmisi Hörmüzdən keçə bilməz və bundan sonra hamıdan yuanla keçid haqqı alacaq. Sözsüz ki, İranın ABŞ hegemoniyasının başlıca dayağı olan dollara qarşı hücumunu Vaşinqton cavabsız buraxmayacaq.

Hazırda İran iki yol ayrıcındadır: İranın fakitiki qərarverici orqanına çevrilmiş SEPAH ya ABŞ-nin şərtləriylə razılaşmalı, ya da ölkə dəhşətli iqtisadi səfalət girdabına yuvarlanmalıdır.
Ən pis ssenari Trampın İranın bütün mülkü infrastrukturunu dağıtmasıdır. Elə düşünülməsin ki, Tramp buna getməz, ondan hər şey gözləmək olar.
İranın Hörmüz boğazını bağlamaqla dünyada misli görünməmiş enerji böhranı yaratmaq cəhdinin baş tutması inandırıcı görünmür. Düzdür, neftin qiyməti xeyli yüksəlib, amma 1973-cü ildəki kimi böhran yaratmayıb. OPEK Körfəz ölkələrinin gündəlik neft hasilatını 8 milyon barrel azaltdıqlarını elan edib. Müharibədən qabaq Hörmüz boğazından gün ərzində 20,3 milyon barrel neft keçirdi. Kötfəz ölkələri artıq mövcud alternativ kəmərlərdən istifadə etməyə başlayıblar.
Səudiyyə Ərəbistanı “Şərq-Qərb” neft kəməri ilə Qırmızı dənizdəki Yanbu limanına gündə 7 milyon barrel xam neft daşıyır. Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri Xəbşan-Fuceyra neft kəməriylə Hörmüz boğazının aşağı hissəsindəki terminala neft axıdır. Küveyt isə İraqdakı kəmərə nəzərdə tutulandan daha artıq neft vurur. Ümumilikdə bu ölkələr 12 milyon barrel nefti Hörmüzdən yan keçməklə müvafiq terminallara ötürə bilirlər və ortada qalan, çıxarılmayan 8 milyon barrel neft isə dünyada iri miqyaslı böhran yaradacaq səviyyədən uzaqdır. Amma Qətərin sıxılmış təbii qazı daşımasının alternativi yoxdur. Deməli, belə görünür ki, Hörmüz boğazı deyəsən elə məhz İranın “Axilles dabanı”ymış.
İran ətrafında yaşanan olaylar qlobal çapda dərin enerji böhran yaratmasa da, bu müharibə öz xarakterinə görə həqiqətən də dünyanın iri gücləri arasında gedən gizli və sakit mücadiləni yavaş-yavaş qaynar fazaya daşıyır. Arxa planda çox ciddi qlobal geostrateji mübarizə gedir və İranla bağlı baş verənlər ümumi mənzərənin tərkib hissəsidir. ABŞ İranı öz tabeliyinə, təsir sferasına salmaqla Avrasiyanın düz ortasında - Yaxın Şərqdə böyük hərbi-iqtisadi mərkəz qurmağı planlayır. ABŞ-yə qarşı dünya çapında hipotetik olaraq müqavimət göstərmək imkanına malik iki qüvvə var - Çin və Avropa. Geniş əraziyə və təbii resurslara malik olan Rusiya isə böyük güclərin hesablaşmalarında iştirak edə biləcək fiqur deyil, çünki Vladimir Putin Ukrayna avantürası ilə özünü tükəndirməklə məşğuldur. ABŞ, Avropa və Çindən savayı Böyük Britaniyanın da qlobal təsir potensialı vardır. Britaniyanın güclü tərəfi onun güclü kəşfiyyat şəbəkəsi və maliyyə institutlarıdır. Böyük Britaniya dedikdə təkcə “Downing street 10” yox, dünyanın mövcud maliyyə-bank sxemində xüsusi yeri olan “The City of London” nəzərdə tutulmalıdır.

Deməli, London, Avropa və Çin ABŞ-nin Avrasiyada geostrateji hegemonluğuna qarşı müttəfiqlik etməyə məhkumdurlar. Maraqlıdır ki, buraya Roma Papası da qoşulur. ABŞ-nin “divide et impera” (parçala - hökm sür) çarxını durdurmaq üçün Londondan Pekinə qədər müqavimət oxu formalaşmağa başlayır. London-Avropa-Türkiyə-İran-Pakistan-Çin xətti üzərində müttəfiqlik əlaqələri qurulur. Bu xəttin pozulması üçün ABŞ İsrail ilə Yunanıstanı və Çinin rəqibi Hindistanı özünə yaxınlaşdırmaqla məşğuldur.
Göründüyü kimi, bu plan “Bir kəmər, bir yol” layihəsinə uyğundur. Burada heç də Orta Asiya kənarda qalmır. Britaniya başqa bir planla paralel olaraq türk dövlətlərini bir arada görmək istəyir, amma Çini qıcıqlandırmamaq üçün ehtiyatlı və fəndgir davranır. Ona görə də Tramp NATO-nu parçalamağa, Avropanın homogenlyinə zərbə vurmağa çalışır. O, bundan ötrü köhnə aristokratiya ilə ABŞ arasında xüsusi münasibətlər qurmağa can atır. Trampın Avropa kral ailələri ilə yaxınlaşması heç də təsadüfi deyil.
Digər yandan, Türkiyə, Qətər, S.Ərəbistanı, Pakistan böyük sxemin içərisində müstəqil şəkildə öz siyasətlərini də yerinə yetirirlər. Məsələn, Pakistan İsrail-Hindistan və Səudiyyə Ərəbistanı xəttini zəiflətmək üçün Ər-Riyadla dostluq münasibətləri qurur, müsəlmanlığı qabardır, Hindistanın isə belə bir imkanı yoxdur, əksinə, Narendra Modi qatı millətçidir və ölkə daxilindəki müsəlmanlara qarşı sərt mövqeyi ilə tanınır. Tramp və onun arxasında dayanan elita sadəcə ərazilər üzərində nəzarət qurmaqla kifayətlənmək fikrində deyil. Onlar dünyadakı bütün enerji mənbələri və nəqliyyat yollarına nəzarəti öz əllərinə almaq istəyirlər. Məsələ ondadır ki, Tramp həm ABŞ-dəki “Wight Anglo-Saxon Protestants” elitası, həm də bankirlər ilə ortaq məxrəcə gəlməyə çalışır. ABŞ-də məskunlaşmış FRS bazası üzərində bərqərar olan maliyyə-bank elitası dünyanın mövcud iqtisadi-maliyyə modelinin əvvəlki kimi saz işləməməsini anlayır. Yeni və daha səmərəli qlobal iqtisadi-maliyyə sisteminə ehtiyac duyulsa da, onun necə və hansı təməllər üzərində qurulması hələ ki, bəlli deyil. ABŞ və Çin arasında gedən iqtisadi və ticari qarşıdurmanın dayandırılması və yeni dünya nizamının yaradılması istiqamətində əlverişli düstur tapılana qədər siyasi-iqtisadi böhran getdikcə şiddətlənəcək. İstər ABŞ-nin və istərsə də Çinin elə dərin iqtisadi problemləri var ki, onlarla müqayisədə İran məsələsi burda çox-çox kiçik elementdir. Məlumdur ki, son 40 ildə ABŞ qlobal maliyyənin, Çin isə qlobal əməyin təmərgüzləmə mərkəzinə çevrilib. Çinin qarşısında duran ən böyük problem iqtisadi böyümə potensialının getdikcə zəifləməsidir, ABŞ-də bunu yaxşı görürlər və Çinə genişlənməyə, ölkə xaricinə sərmayə yatırmağa əngəl törədirlər. Çin İran iqtisadiyyatının bütün sferalarına 400 milyard dollar həcmində sərmayə qoymağı planlayırdı. Pekinin İranla və eləcə də region ölkələri ilə iqtisadi inteqrasiyası ABŞ-yə strateji zərbə olardı. ABŞ həmçinin Çini Amerika qitəsindən də sıxışdırıb çıxarır, Venesualada və Panama kanalında baş verənlər buna ən bariz nümunədir. Si Cinpin ABŞ ilə birbaşa qarşıdurmaya girməyin böyük fəlakətə səbəb olacağını dərk etdiyindən səbrli siyasət aparır. Lakin əgər İran ABŞ-nin təsir sferasına girərsə, onda Çinlə ittifaq qurmaq istəyən Avropa və digər oyunçular ABŞ-yə doğru meyllənə bilərlər.

ABŞ Prezidenti hələlik danışıqlar üzərində dayanıb. Atəşkəs və danışıqlar başlayandan sonra İrandakı hakim elita arasında ciddi fikir ayrılığı meydana gəlib. SEPAH liderləri hökumətin ABŞ ilə hər hansı anlaşma əldə etməsindən narahatdır. On illər ərzində Ali dini rəhbərin göstərişlərini yerinə yetirmiş SEPAH generalları sonrakı mərhələlərdə hakimiyyətlərinin itiriləcəyindən qorxurlar. Ölkənin gələcəyini düşünən islahatçı qanad ABŞ ilə uzunmüddətli qarşıdurmaya tab gətirməyəcəklərini dərk edərək indiyədək on milyardlarla vəsaiti öz ideoloji və şəxsi məqsədləri naminə xərcləyən SEPAH və ifrat radikal mollalarla razılaşmaya gəlməyə çalışır.
Beləliklə, Tramp özünün ən son və ən maksimum təsir vasitəsi sayılan “İranı daş dövrünə göndərəcəyəm” hədəsini gerçəkləşdirməmişdən öncə İranla bir daha danışıqlar masası arxasında əyləşməyi vacib sayır. Əgər Tehran ABŞ-nin şərtlərini rədd etsə, onda çox böyük ehtimalla Tramp İranın həyati vacib strateji infrastrukturuna zərbələr vurmaq əmri verəcək.
“AzPolitika.info”
Xəbəri paylaş



























