Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib
Bu gün, 13:59
Hesablama Palatasının apardığı təhlillər nəticəsində məlum olub ki, Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib.Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dövlət satınalmalarının vahid internet portalının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub, portal vasitəsilə keçirilən satınalmaların ümumi dövlət satınalmalarında xüsusi çəkisinin say olaraq 50 %-ə çatması hədəflənib. Apardığımız təhlillər bu nisbətin 50 %-dən çox olduğunu göstərməklə həmin hədəfə dövr üzrə nail olduğumuzu deməyə imkan verir”.
Bununla belə, sədr qeyd edib ki, proseslərin elektronlaşdırılması problemi tam həll etmir: “Dövlət satınalmalarının iş və xidmətlərinin ehtimal olunan qiymətinin hesablanması, qalibin seçilməsi və bağlanmış müqavilələrin idarə edilməsi kimi mərhələlərdə hələ də problemlər qalmaqdadır. Nəzarət tədbirlərinin nəticələri göstərir ki, başlanğıc qiymətlər (ehtimal olunan qiymətlər) həmişə real bazar dəyərini əks etdirmir. Qaliblər əsasən aşağı qiymət meyarı ilə seçilir, bu isə həmişə peşəkar alış deyil. Müqavilələrin intizamçılığı yetərli səviyyədə təşkil edilmir, bu isə bəzi hallarda satınalmaların nəticəli yekunlaşmamasına səbəb olur”.
V.Gülməmmədovun sözlərinə görə, Azərbaycanda dövlət satınalmaları üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlanıb. “Ümumilikdə illik hesabatımızda dövlət satınalmaları üzrə yeni qanunvericiliyin təkmilləşməsi ilə bağlı yeddisi konseptual, üçü isə intizamçılıq aspektindən olmaqla hazırladığımız təkliflərin bu sahənin inkişafına töhfə verəcəyi qənaətindəyik.
Sədr əlavə edib ki, Hesablama Palatasında 2025-ci ilin iş planı çərçivəsində nəzarət tədbirlərinin yekunlaşması ilə bağlı 47 kollegiya qərarı qəbul edilib: “Bu qərarlarda 303 tədbir müəyyən edilib: “Bu tədbirlərin 35-inin qanunvericilikdə icra üçün müəyyən edilmiş müddəti bitməyib. Qalan tədbirlərin 202-si tam, 29-u qismən, 37-si isə hesabat tərtib olunan tarixə qədər icra edilməyib. Bu da ümumi icranın 71,5 %-i deməkdir. Təhlillərimiz iki və ya daha çox sayda audit keçirilmiş obyektlərin 75 %-də Hesablama Palatasının əvvəlki təklif və tövsiyələrinin nəzərə alınması ilə müvafiq obyektlərin maliyyə fəaliyyətində intizamın nisbətən gücləndiyini, nöqsanların növləri və saylarının, eləcə də onların maliyyə yükünün davamlı azaldığını, dövlət vəsaitinə qənaət edilmə hallarının da artdığını göstərir”.
Xəbəri paylaş



























